Məhkəmə qərarları › İş №8(103)-33/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-33/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-33/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1199/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı icra vərəqəsi üzrə borc məbləğinin hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-678/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cəmi 40330 manat borc məbləğində pul vəsaiti və 211 manat dövlət rüsumu X3 tutularaq Tələbkar ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3131/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən 211 000 manat və 495 manat məbləğində pul vəsaiti borcludan tutularaq Tələbkar ödənilməlidir. Sözügedən icra sənədi hazırda Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 icraatındadır. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidovun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-678/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3131/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədləri üzrə icra işləri ümumi icraatda birləşdirilmişdir. Borclu bildirir ki, hazırda X2 fərdi sahibkar X7 yanında iş icraçısı olaraq fəaliyyət göstərir. Aylıq əmək haqqı 650 manat məbləğindədir. Bununla yanaşı, 3-cü qrup gözdən əlillik səbəbi ilə aylıq 150 manat təqaüd alır. Ümumilikdə isə iddiaçının aylıq gəliri 800 manat təşkil edir. Belə ki, sözügedən icra sənədləri üzrə borc məbləğlərinin tam şəkildə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin X10nin sərbəst əmlakı və əlavə kapitalı olmadığı üçün borcun ödənilməsini yalnız əmək haqqından həyata keçirə bilir (borcun əmək haqqından tutulmasına dair hər hansısa qərar olmadan). Gəliri məhdud olduğundan, borcu tam şəkildə birdəfəlik ödəmək imkanı qeyri-mümkündür. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-1199/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadı ilə X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)- 1199/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1199/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1199/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də, işin digər diqqətəlayiq hallarından asılı etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman, həm də, tələbkarın əmlak mənafelərini nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi müstəsna hal olaraq yalnız əlverişsiz hallarda tətbiq oluna bilər və bu halda da tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırki halda X1 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1199/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1199/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar