Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-331/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 8(011)-610/2024 saylı qərardaddan Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103) 4377/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməli, Tələbkar övladıxx.xx.2017-ci il təvəllüdlü X1 oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-a dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-adək görüşüb ünsiyyətdə olması müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməli və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-610/2024 saylı 26 iyul 2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək qərardadın ləğv edilərək təqdimatın təmin edilməməsi barədə qərardadın qəbul edilməsini, əks halda şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, borclunun məcburi gətirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaya icra məmuru tərəfindən əməl olunmuşdur. Borclu tərəfindən isə yetkinlik yaşına çatmayan Vaqif Məmmədovun atası-tələbkarla ünsiyyətinə maneə yaradan sübutlar iş materiallarında mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4377/2023-006 nömrəli, xx.xx.2023 cü il tarixli icra sənədinə əsasən Tələbkar övladı-xx.xx.2017-ci il təvəllüdlü X1 oğlu ilə hər həftənin bazar günü və icra vərəqəsi ilə müəyyən edilmiş digər günlərdə ünsiyyəti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həmin tarixə mütəxəssisin iştirakı ilə tələbkarın övladı ilə ünsiyyətdə olması üçün görüş təyin edilmiş, borclu uşaqla birlikdə təyin olunmuş vaxtda icra şöbəsinə gəlmiş, lakin tələbkarın övladı ilə ünsiyyətdə olmasına maneələr yaratmışdır. Aktda qeyd edilir ki, icra prosesi 14:30-dan 15:05-dək davam etmiş, bu vaxt borclu 3 dəfə qapını açaraq icra prosesinə müdaxilələr etmiş, sonuncudan sonra uşaq atası ilə ünsiyyətdən imtina etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olduğu halda məhkəmənin istinad etdiyi xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktın surətinə əsasən “borclu uşaqla birlikdə təyin olunmuş vaxtda İcra şöbəsinə gəlmiş, lakin tələbkarın övladı ilə ünsiyyətdə olmasına maneələr yaratmışdır” kimi işin halı necə məcburi gətirilmə haqqında təqdimatın təmin edilməsinin əsası kimi çıxış edə bilər. İstinad olunan normanın məzmunundan göründüyü kimi məcburi gətirilmə haqqında təqdimat icra prosesində iştirak etməkdən boyun qaçıran borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə gətirilməsini təmin etmək üçün bir hüquqi mexanizm olduğu halda, məhkəmə normanı düzgün tətbiq etməmişdir. Göründüyü kimi, məhkəmənin özünün istinad etdiyi, xx.xx.2024cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən Borclu uşaqla birlikdə təyin edilmiş vaxtda İcra şöbəsinə gəlməsi qeyd olunmuşdur. Hesab edir ki, həmin akta istinad edən məhkəmənin məcburi gətirilmə haqqında təqdimatı təmin etməsi əsassız olmuşdur. Məhkəmə təqdimatı təmin edərkən həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli telefonoqramın surətinə əsaslanaraq qeyd etmişdir ki, telefonoqramın surətindən görünür ki, icra məmuru tərəfindən həftənin cümə günü borclu ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, borclu övladını atası ilə görüşdürməyəcəyini icra məmuruna bildirmişdir. İş materiallarında olan və şikayətə də əlavə edilən xx.xx.2024-cü il tarixli telefonoqramın surətindən görünür ki, həmin telefonoqram onu tərtib edən şəxs, yəni icra məmuru tərəfindən imzalanmamışdır. Göründüyü kimi məhkəmə təqdimatı təmin edərkən mötəbər olmayan sübuta istinad etməklə prosessual normaların tələblərinə əməl etməmişdir. Digər tərəfdən qətnamə ilə uşaqla görüş vaxtı həftənin bazar gününə təyin edilsə də xx.xx.2024cü il tarix həftənin cümə gününə təsadüf edir. Həmçinin həmin tarixdə Borclu icra məmurundan zəng gəlməməyini sübut etmək üçün tərəflərindən “Azərcell” rəsmi ofisinə müraciət edilsə də yalnız son 90 gün ərzində, həm də gedən zənglərin siyahısını təqdim edə bildiklərini bildirdilər. Yenə də bu hal icra məmuru tərəfindən birtərəfli qaydada tərtib edilmiş və imzalanmamış telefonoqramın borclunun icra şöbəsində gəlməkdən imtina etməsinin sübutu kimi çıxış edə bilməməsini inkar etmir. Bundan başqa, qeyd olunan qətnamədən göründüyü kimi, uşaqla ünsiyyət vaxtı bazar günlərinə təyin edilməsinə baxmayaraq şikayətə əlavə edilmiş bildirişlərdən göründüyü kimi Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli onu bazar günü deyil, şənbə gününə təsadüf edən tarixlərdə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində icra şöbəsinə dəvət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, borclu xx.xx.2024-cü il tarixdə icra məmuruna mobil telefon vasitəsilə sms göndərərək bildirmişdir ki, icra sənədində uşağın atası ilə həftənin bazar günləri ünsiyyətdə olması müəyyən edilmişdir, o, hər həftənin bazar günü uşağı görüşə aparır, həftənin şənbə günləri işləyir. Buna baxmayaraq, borclu xx.xx.2024-cü il tarixdə, yəni həftənin bazar günü, icra məmuruna mobil telefon vasitəsilə sms göndərərək bildirmişdir ki, o, uşaqla birlikdə Neapol dairəsi adlanan yerdə tələbkarı gözləmiş, lakin tələbkar gəlməmişdir. Lakin uşaqla ünsiyyət yerinin Neapol dairəsi adlanan yerdə kim tərəfindən təyin edilməsi, yaxud bununla bağlı tərəflərin özləri arasında həmin yerdə icranın təyin edilməsi barədə işdə hər hansı bir sübut yoxdur, borclu tərəfindən bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Uşaqla görüşün Neapol dairəsində şifahi qaydada razılaşdırıldığından buna dair mötəbər sübut təqdim edə bilməsələr də iş materiallarında olan və şikayətə də əlavə edilən Tələbkar tərəfindən Xətai Rayon Məhkəməsinin 16(011)-204-2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətdə tələbkar yazmışdır: “mən övladım ilə bu soyuq qış ayında, küçədə, beton səkinin üzərində 5-10 dəqiqə ərzində ünsiyyətdə ola bilirəm, ...bununla bağlı mən xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə mənim uşaqla ünsiyyətdə olmağım kamera vasitəsi ilə lentə alınmışdır. Həmin görüntüləri mən diskə əlavə edərək məhkəməyə təqdim edəcəyəm”. Sübut təqdim edə bilməsələr də tələbkarın uşaqla görüşə gəldiyi günlər, görüşlər tələbkərla razılaşmaya əsasən Neapol dairəsində baş tutumuşdur. Şikayətə əlavə edilən borclu tərəfindən icra şöbəsində göndərilən SMS-lərin surətindən görünür ki, tələbkar dəfələrlə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 uşaqla görüşə gəlməmişdir.) Həmçinin iş materiallarında olan və şikayətə də əlavə edilən Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli bildirişlərinə əsasən uşaqla görüş üzrə icra vərəqəsinin icrası müfaviq olaraq, xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə yəni, qətnamədə qeyd olunduğu kimi bazar günlərinə deyil, həftənin şənbə, cümə və cümə günlərinə təsadüf etmişdir. Bundan başqa şikayətə əlavə olunan borclu tərəfindən icra şöbəsinə göndərilən çoxsaylı müraciətlərin surətlərindən görünür ki, (uşaqla görüş barədə müvəqqəti təminat tədbirinin icrası qaydasında) tələbkar hansı tarixlərdə uşaqla görüşə gəlmiş, hansı tarixlərdə isə gəlməmişdir. Müraciətlərdə qeyd olunduğu kimi tələbkar xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə görüşə gəlmiş, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə isə görüşə gəlməmişdir. Borclunun icra şöbəsinə göndərdiyi məktublardan göründüyü kimi o, dürüst davranaraq tələbkarın uşaqla görüşə gəlmədiyi günləri qeyd etməklə yanaşı, gəldiyi günləri də qeyd etmişdir. Bütün bu görüşlərdə isə Borclu görüş yerinə getdikdən sonra tələbkarın gəlmədiyindən agah olmuş və anası və qanuni nümayəndəsi X2 tərəfindən icra şöbəsinə bildirilmişdir. Tələbkarın görüşə gəlmədiyi heç bir gün əvvəlcədən borcluya məlumat verilməmiş, əsassız yerə Borclu vaxtı və enerjisi alınmışdır. Tələbkarın özünün də icra məmuru olaraq primitiv etik davranış qaydalarına sığmayan bu hərəkətləri barədə lazimi yerlərə müraciət olunacaqdır. Necə ki, daha əvvəl müraciət olunaraq barəsində tədbir görülmüşdür. Belə ki, şikayətə əlavə edilmiş borclunun qanuni nümayəndəsi İradə Məmmədovaya ünvanlanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, № 06/22-49 saylı məktubunda qeyd olunmuşdur ki, “Araşdırma zamanı Tələbkar etik davranış qaydalarını pozması və icra prosesinə maneçilik törətməsi müəyyən edildiyindən o, ciddi intizam məsuliyyətinə cəlb olunmuş, təkrar pozuntu hallarına yol verəcəyi halda onun ədliyyə orqanlarında qalıbqalmaması məsələsinə baxılacağı nəzərinə çatdırılmışdır”. Bunları qeyd etməkdə məqsəd tələbkarın özünün icra prosesinə maneə yaratması və özünün uşaqla görüşə gəlmədiyi heç bir günün borcluya məlumat verməməsinin etik davranış qaydalarından necə də uzaq bir hərəkət olması barədə məhkəmənin nəzərində təsəvvür yaratmağa çalışmaqdır. Son olaraq icra məmurun əsassız təqdimatı təmin edildikdən sonra 04 avqust 2024-cü il tarixdə Borclu əvvəlcə Neapol Dairəsinə və daha sonra Xətai Rayon İcra şöbəsinə getmiş, lakin tələbkar uşaqla görüşə nə gəlmiş, nə də gəlməyəcəyi barədə məlumat vermişdir. 04 avqust 2024-cü il tarixdə borclunun uşaqla birgə icra şöbəsinə gəlməsi və tələbkarın gəlməməsi video qeydə alınaraq disk formasında şikayətə əlavə edilmişdir. Borclunun hər hansı bir bazar günü uşaqla ünsiyyətin təmin edilməsi üçün İcra Şöbəsinə və ya hər hansı razılaşdırılmış yerə gəlməməyi haqqında icra məmuru tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilmədiyi (halbuki, sübutetmə yükü icra məmurunun üzərinə düşür) halda tələbkarla icra məmurunun çıxardığı bu oyunlara görə borclu özünün və övladının icra şöbəsinə gəlməsini videoya qeydə almaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 8(011)-610/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, borclu tərəfindən məhkəməyə sənədlər göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4377/2023- 006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar övladı-xx.xx.2017-ci il təvəllüdlü X1 oğlu ilə hər həftənin bazar günü 11:00-dan 20:00-adək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-adək görüşüb ünsiyyətdə olması müəyyən edilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə Xətai rayon İcra şöbəsinin qərarı qəbul edilmiş və bu barədə məlumat borcluya göndərilməklə onun tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həmin tarixə mütəxəssisin iştirakı ilə tələbkarın övladı ilə ünsiyyətdə olması üçün görüş təyin edilmiş, borclu uşaqla birlikdə təyin olunmuş vaxtda İcra şöbəsinə gəlmiş, lakin tələbkarın övladı ilə ünsiyyətdə olmasına maneələr yaratmışdır. Aktda qeyd edilir ki, icra prosesi 14:30-dan 15:05-dək davam etmiş, bu vaxt borclu 3 dəfə qapını açaraq icra prosesinə müdaxilələr etmiş, sonuncudan sonra uşaq atası ilə ünsiyyətdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli telefonoqrammanın surətindən görünür ki, icra məmuru tərəfindən həftənin cümə günü borclu ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, borclu övladını atası ilə görüşdürməyəcəyini icra məmuruna bildirmişdir. Daha sonra, borclu xx.xx.2024-cü il tarixdə icra məmuruna mobil telefon vasitəsilə ismarıc göndərərək bildirmişdir ki, icra sənədində uşağın atası ilə həftənin bazar günləri ünsiyyətdə olması müəyyən edilmişdir, o, hər həftənin bazar günü uşağı görüşə aparır, həftənin şənbə günləri işləyir. Buna baxmayaraq, borclu xx.xx.2024-cü il tarixdə, yəni həftənin bazar günü, icra məmuruna mobil telefon vasitəsilə ismarıc göndərərək bildirmişdir ki, o, uşaqla birlikdə Neapol dairəsi adlanan yerdə tələbkarı gözləmiş, lakin tələbkar gəlməmişdir. Bununla belə uşaqla ünsiyyət yerinin Neapol dairəsi adlanan yerdə kim tərəfindən təyin edilməsi, yaxud bununla bağlı tərəflərin özləri arasında həmin yerdə icranın təyin edilməsi barədə işdə hər hansı bir sübut yoxdur, borclu tərəfindən bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Borclunun məcburi gətirilməsinin əsasları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsində nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasın icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3-cü maddəsinə əsasən 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İşin sadalanan hallarından göründüyü kimi borclu tərəfindən bir neçə dəfə uşaqla ünsiyyətə maneələr yaratmış, məhkəmə qərarı ilə müəyyən edilmiş günlər uşaqla ünsiyyətə şərait yaratmamış, bəzən isə ünsiyyət üçün əvvəlcədən razılaşdırılmamış yerə getməklə (özünün bildirdiyinə görə) faktiki olaraq ünsiyyətin baş tutmamasında maraqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi və Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətin dəlilləri əsassız olmuşdur. Belə ki, Qanunvericiliyin mənasına görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İşin hallarından da borclu icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış, həmçinin uşaqla ünsiyyət yerinin başqa yerdə kim tərəfindən təyin edilməsi, yaxud bununla bağlı təfərlərin özləri arasında həmin yerdə icranın təyin edilməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası borclunun qərardad qəbul edildikdən sonra, yəni 10 avqust 2024-cü il tarixdə onun uşaqla birlikdə icra şöbəsində olmasi barədə aktı ilə bağlı qeyd edir ki, bu hal Borclu Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi ilə əlaqədar təqdimatın təmin edilməsinə dair Xətai Rayon Məhkəməsinin 8(011)-610/2024 saylı 26 iyul 2024-cü il tarixli qərardadın ləğv edilməsi üçün əsas olmasa da, fakt olaraq onu təsdiq edir ki, borclu artıq bu qərardadın qanuni qüvvə almadığı halda ondan məlumatlı olaraq qətnamənin icrası ilə bağlı uşaqla şöbəyə könüllü getmişdir. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlillərin əsassız olmaqla bu dəlillərin əsaslı olan birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməməsi qənaətinə gəlsə də, eyni zamanda hesab edir ki, borclunun hazırki qərardad qanuni qüvvəsini almadan belə icra hərəkətləri ilə bağlı icra şöbəsinə uşaqla birlikdə könüllü gəlməsi faktı artıq qərardadın mahiyyəti üzrə borclunun özü tərəfindən icra olunması kimi qiymətləndirilməli və borcluya qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun göstərişlərini diqqətə almalı və dəvət olunan vaxtı şöbəyə gəlməli olmasının onun birbaşa vəzifəsi olduğu nəzərinə çatdırılmalıdır. Beləliklə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 8(011)-610/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(103)-331/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-331/2024
23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver