Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-332/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2021 saylı, 07 may 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar “xxxx” ASC şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2216/2016 saylı 28.04.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən qəbul edilmiş 21 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-220/2013 saylı, 07.08.2020-ci il tarixli qərardadı ilə tələbkar “xxxx” ASC-nin şikayəti təmin edilərək Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2216/2016 saylı 28.04.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2017-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-220/2013 saylı, 07.08.2020-ci il tarixli qərardadından Borclu şikayət vermiş və şikayətə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-432/2020 saylı, 21.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-220/2013 saylı, 07.08.2020ci il tarixli qərardadı ləğv edilmiş və borclunun şikayətinə yenidən baxılması üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 8(009)-1/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 21.12.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2216/2016 saylı, 28.04.2015-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Bundan sonra iş üzrə Borclu məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2021 saylı, 11.06.2021-ci il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi N.Abdullayeva şikayətlə razılaşmayaraq şikayətin açıq-aşkar əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2216/2016 saylı, 28.04.2015-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 12075,48 (on iki min yetmiş beş, 48) ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq “xxxx (Azərbaycan)” ASC-yə ödənilməsi və tutmanın Borclu mülkiyyətində olan “Seat İbiza” markalı ** US *** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi göstərilmişdir. 11.01.2016-cı il tarixdə “xxxx” MMC-nin təşkil etdiyi açıq hərracda X2 məxsus “Kia Ceed” markalı, ** LD *** dövlət qeydiyyat nömrəli avtomobil 5950 manata satılmış, əldə edilən pul məbləği tələbkara ödənilmişdir. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2216/2016 saylı, 28.04.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2017-ci il tarixli qərar qəbul etmişdir. Hazırkı iş üzrə borclunun şikayəti bundan öncə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-432/2020 saylı, 21.10.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-220/2013 saylı, 07.08.2020- ci il tarixli qərardadı ləğv edilmiş və borclunun şikayətinə yenidən baxılması üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərardadda Bakı Apellyasiya Məhkəməsi borclunun əlavə ödənişlər etməsi barədə dəlilərinin yoxlanılması ilə bağlı göstəriş vermişdir. Bundan sonra da rayon məhkəməsi müvafiq araşdırmalar aparmış, borcun tam ödənilməsi halına dair borclunun dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə Kolegiyası qeyd edir ki, borclu tərəfindən borcun tam ödənilməsini təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim edilmədiyindən şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmaldır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, icra qurumunun qərarının qüvvədə saxlanılması tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35). Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 21 dekabr 2017-ci il tarixli qərarını ləğv etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2021 saylı, 07 may 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-332/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-332/2021
07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver