Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-332/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 8(001)- 254/2024 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1733/2023 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-254/2024 saylı qərardadı ilə ərizə rədd olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür, mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Yaşadığı şəraitə uyğun müvəqqəti yaşayış yeri tapılması müəyyən vaxt tələb edir. Bundan başqa, mübahisəli mənzildə ona məxsus külli miqdarda cehiz əşyaları vardır, həmin əşyaların daşınması və saxlanması üçün yer tapılması da xeyli vaxt tələb edir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən borclu ilə yanaşı, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Tələbkar da ərizəyə etiraz etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Bu mənada, hazırkı işin halları baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq ərizəni təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 8(001)- 254/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-332/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-332/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver