Məhkəmə qərarları › İş №8(103)-333/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-333/2020

04.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-333/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(011)-171/2020 saylı qərardadından borclu X4 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-2477/2019 nömrəli qətnaməsi üzrə cavabdeh (borclu) X4 ərizə ilə məhkəməyə müraciət edərək, 2(011)-2477/2019 nömrəli mülki iş üzrə çıxarılmış xx.xx.2019-cu il tarixli qətnamənin icrasına 6 ay möhlət verilməsi, qətnamənin icra üsulu və qaydasının dəyişdirilərək mebel dəstinin dəyəri olan 1300 manat pulun iddiaçı (tələbkar) tərəfindən ödənilmək şərti ilə iddiaçının (tələbkarın) mülkiyyətində, yəni ünvan 1 mənzil 50 ünvanında qalması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(011)-171/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əşyaların çıxarılıb başqa yerdə saxlanılması üçün hal-hazırda yeri yoxdur. Bundan əlavə, həmin əşyaların daşınmasına müəyyən qədər vəsait tələb olunur ki, hal-hazırda həmin vəsaiti ödəmək iqtidarında deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(011)-171/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, borclunun şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(011)-171/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)- 2477/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X3 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehə məxsus 128 adda əşyaların iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 56 saylı evin 50 saylı mənzilindən çıxarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Həmin qətnamədən cavabdehin yuxarı instansiya məhkəmələrə şikayətləri təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq borclunun ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin icrası məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla ağlabatan müddətdə həyata keçirilməlidir. Borclu məhkəmədən qətnamənin icrasına möhlət verilməsi və qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsini xahiş etsə də, qətnamənin icrasına möhlət verilməsi, habelə qətnamənin icra üsulunun ərizə üzrə tələb edilən qaydada dəyişdirilməsi üçün müstəsna xarakter daşıyan hal müəyyən edilməmişdir. Beləliklə, tələbkarın mənafeyini də nəzərə alaraq, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ərizə təmin edilə bilməz. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(011)-171/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar