Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-334/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, “Əmlakın həbsdən azad edilməsi” barədə Borclu ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018ci il tarixli icra sənədinə əsasən, Borclu 58000 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin təqdimatına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/202 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. İcra icraatı zamanı həmin daşınmaz əmlak açıq hərraca çıxarılmış, lakin alıcının olmaması səbəbindən hərrac baş tutumamış, bu barədə Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasma dair 122/23 saylı, xx.xx.2023-cü il tarixli yekun protokol tərtib olunmuş, eyni zamanda icra sənədinin icrasıqnın borclunun pensiyasına yönəldilməsi qərara alınmışdır. Bundan sonra, Borclu ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, icra sənədinin icrasının təminatı məqsədilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı evin və onun yerləşdiyi 0,16 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclunun mövqeyinə görə, Xətai Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli icra sənədinə əsasən ondan maddi və mənəvi zərərə görə 58000 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 39996/2023-4-34 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə ona məxsus olan həmin daşınmaz əmlak “X1 nəzdində yaradılmış "xxxx" MMC tərəfindən 26 dekabr 2023-cü il tarixdə satılmaq üçün açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, bununla əlaqədar Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasma dair 122/23 saylı, xx.xx.2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Əmlak Hərrac Mərkəzi tərəfindən keçirilən hərrac Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” №02/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardadının tələblərinə uyğun keçirilmişdir. Tələbkarın əmlakı qəbul etməməsinə əsaslanaraq Sabunçu rayon İcra Şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrasının təmini məqsədilə tələbin hər ay pensiyanın 50 faizi miqdarında məbləğə yönəldilməsinə dair qərar qəbul etmiş və hal-hazırda da İnkasso Sərəncamı ilə pensiyanın 50 faiz miqdarında məbləği tələbkarın hesabına köçürülür. Bundan əlavə tərəfindən tələbkarın hesabına əlavə vəsaitlər də köçürülmüşdür. Qeyd edilənlərə əsasən hesab edir ki, ona məxsus əmlak üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 8(011)-380/2023 saylı qərardadı ilə (hakim Sahibə Hacıyeva) ərizə təmin olunmamışdır. Həmin qərardaddan borclu tərəfindən şikayət verilmiş, şikayət Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 8(011)-380/2023 saylı qərardadı ilə təmin olunmamış baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Şikayətə qarşı tələbkar tərəfindən etiraz ünvanlanaraq, şikayətin əsassız olması, borclu tərəfin borcu ödəməkdən qəsdən yayındığı, şikayət vermək hüququndan istifadə edərək vaxt qazandığı, nəticədə onun hüquqlarının pozulması və s. göstərilmiş, eləcə də şikayətin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi zərurət olduğu halda, ərizəyə iş üzrə tərəflərin (tələbkar və borclu), habelə icra məmurunun birgə iştirakı ilə, onların dinlinilmə hüquqlarının təmin olunması şəraitində baxmamışdır. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Xüsusilə qeyd edilməlidir ki, borclunun dəlilləri – onun icradan yayınmaması, icra işinə əsasən keçirilmiş hərracların baş tutmamasından sonra əmlakın tələbkar tərəifndən də qəbul edilməməsi, bundan sonra məcburi icra tədbiri olaraq borcun onun pensiyasına yönəldilməsi, pensiyasından tutulmaların aparılması, icra sənədində göstərilən pul vəsaitinin bir hissəsinin ödənilməsi, belə olan halda mülkiyyətində olan əmlakının həbsdə qalmasına zərurətin olmaması, bu hallara icra işi materialları tədqiq olunmaqla qiymət verilməməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi isə öz mövqeyini iş üzrə əvvəlki həbs qərarlarına istinad etməklə, yəni əmlak üzərinə həbsin qanuni qoyulması, əvvəlki faktiki halın dəyişməməsi ilə əsaslanmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, borcunun hazırki ərizəsi əmlak üzərinə həbsin qoyulmasından sonra yaranmış vəziyyətlə bağlıdır. Qeyd edilməlidir ki, əmlak üzərinə həbsin qoyulmasında əsas məqsəd məhkəmə qərarının icrasının təmininə yönəlmişdir. İşdə olan sənədlərə (hərrac təşkilatının bildirişi, məktubu və s.) əsasən, həmin əmlak satılması üçün açıq hərraca çıxarılmış, lakin alıcı olmadığından hərrac baş tutmamış, bu barədə "xxxx" MMC tərəfindən 122/23 saylı, xx.xx.2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(008)-2246/2024 saylı qərardadından görünür ki, borclu məhkəmədə hərracın yekunları barədə protokolu mübahisələndirmiş, təkrar hərracın keçirilməsini tələb etmiş, lakin tərəflər məhkəmə iclasına gəlmədiyindən iddia baxılmamış saxlanılmışdır. Eyni zamanda, üzərinə həbs qoyulmuş həmin əmlakın tələbkar tərəfindən qəbul edilməsinə dair də işdə hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardadının 22-ci bəndində qeyd olunmuşdur ki, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Xüsusilə qeyd edilməlidir ki, işdə olan Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 16 avqust 2024-cü il tarixli məktubuna əsasən, məcburi icra tədbiri kimi borclunun pensiyasından 06 aprel 2024-cü il tarixdən 6025,27 manat (əlavə olaraq 1000 manat) tutularaq tələbkarın hesabına köçürülümüşdür (“Elektorn Məhkəmə” İnformasiya Sistemi vasitəsilə təqdim olunmuş inkasso sərəncamının və mədaxil qəbzinin surətlərindən görünür ki, ödənişlər sentyabr ayında da davam etmişdir). Tələbkarın Sabunçu rayon İcra şöbəsinə ünvanladığı 13 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, o icra sənədində göstərilən pul vəsaitinin borclunun pensiyasına yönəldilməsinə etiraz etməmiş, əksinə müəyyən ödənişlər həyata keçirildikdən sonra əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə razılıq ifadə etmişdir. Birinci instansiya məhkəməsi borclunun ərizəsi üzrə yuxarıda qeyd olunan halları araşdırmamış, onlara mahiyyəti üzrə hüquqi qiymət verməmiş, məsələyə formal yanaşmış, ziddiyyətli və əsaslandırılmamış qərardad qəbul etmişdir. Halbuki, “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin və icra məmurunun birgə iştirakını təmin etməklə, həmçinin icra işinə baxış keçirməklə üzərinə həbs qoyulmuş əmlakın açıq hərracdan satılmadığı təqdirdə tələbkarın onu qəbul etməməsinin obyektiv səbəblərini dəqiqləşdirməli, eyni zamanda hərracın nəticələrinin tələbkar tərəfindən sonradan mübahisələndirilib-mümbahisələndirilməməsini yoxlamalıdır. Tələbkarın hər hansı qanuni və obyektiv səbəblər olmadan əmlakı qəbul etmədiyi təqdirdə isə həbsin saxlanılmasının mülkiyyət hüquqlarına mütənasibliyi yoxlanılmalıdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir Bununla yanaşı, birinci instansiya məhkəməsi hazırki vəziyyətdə icranın borcunun pensiyasına yönəldilməsini və aylıq ödənişlərin məbləğini (işə yenidən baxılarkən ödənilmiş ümumi məbləği) nəzərə almaqla, bunun məhkəmə qərarının ağlabatan müddətdə icrası üçün yetərli və mütənasib olub-olmamasını yoxlamalı, sonda bu və yuxarıda qeyd edilən digər halların fonunda əmlakın həbsdə saxlanılmasına qanuni əsasların olub-olmamasına hüquqi qiymət verməlidir. Çünki, məhkəmə qərarının icrasına nəzarət daima məhkəmənin diqqət mərkəzində olmalı, bu sahədə ona edilən müraciətlər üzrə tam, hərtərəfli və çevik araşdırma aparılması, adekvat qərarlar qəbul edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 19 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş materialları borclunun ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə, tərəflərin bildirdikləri, eləcə də təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: “Əmlakın həbsdən azad edilməsi” barədə Borclu ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 19 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin, iş borclunun ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-334/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-334/2024
20.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver