Məhkəmə qərarları › İş №8(103)-336/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-336/2020

29.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-336/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatı üzrə Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)-235/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(001)- 343/2018 saylı icra sənədinə əsasən ödəniş gününə məzənnə ilə 90000 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə və 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi (icra məmuru Aqil Cəbiyev) təqdimatla birinci instansiya məhkəməsinə müraciət edərək, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borcluya tələbin könüllü təmin edilməsi barədə bildiriş göndərilmiş, lakin borclu tərəfindən borc tələbi könüllü qaydada ödənilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərilməmiş və borcun ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Borclu xarici ölkələrə gedib gəlir. Qeyd edilənlərə əsasən, məhkəmədən təqdimatın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)- 235/2020 saylı qərardadı ilə (hakim İlkin Əliyev) təqdimat təmin olunmamışdır. Qərardaddan narazı olan Tələbkar ondan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olması, 90000 ABŞ dolları borcunu qaytarmayan Borclu xarici dövlətə getməsinin qarşısını almaq məqsədi ilə müvafiq təqdimatın verilməsi, hətta borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə məhkəməyə müraciətinin rədd edilməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən borclu şikayətin dəlillərini rədd edərək,məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli,birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən,hər kəsin hüquqvə azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanun vericilikdə digər təminatlarda nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X5 Məhkəməsi «X2rşı» (21fevral 1975,35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu,yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa,o halda məhkəmə prosesinə xas olan ədalətlilik,açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İlkin olaraq qeyd edilməldir ki,təqdimata tələbkarın və icra məmurunun iştirakı təmin olunmadan baxılmışdır (işdə bildirişin rəsmi qaydada təqdim olunması barədə sübut yoxdur). Halbuki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla,sənədlərlə əsaslandırmalıdır.Məhkəmə,qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.Ədalət mühakiməsi çəkişmə,tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (MPM-in 9cu mad). MPM-in 387.2 və 387.2.2-ci maddəsinin tələbinə görə işə,işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Bununla yanaşı,birinci instansiya məhkəməsi təqdimata baxarkən, icra işini tələb edərək ona baxış keçirməmiş (işdə bu barədə məlumat yoxdur), icra vəziyyətini (görülmüş icra tədbirləri, borclunun icradan qərəzli olaraq yayınıb-yayınmaması və s.) öyrənməmiş, tələbkarın mənafeyini nəzərə almamış, işin bu və digər halları tam, hərtərəfli və obyektiv araşdırmamış, qərardadı əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. X5 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən,şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar tərəflərin və icra məmurunun iştirakı ilə tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatı üzrə Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)-235/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)- 235/2020 saylı qərardadı ləğv edilsin,iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar