Məhkəmə qərarları › İş №8(103)-336/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-336/2021

12.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-336/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 8(001)- 325/2021 saylı qərardadından Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 26 saylı notariat ofisinin 8i-4108 saylı, 24.10.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 5016,09 manat alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 09.12.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. “Elektron-icra” sistemində Borclu hesablarında pul vəsaitinin olması aşkar edilməsə də, adına “Tofaş Şahin minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun adına olan adına “Tofaş Şahin minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 8(001)- 325/2021 saylı qərardadı ilə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X2 07 iyun 2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2021 saylı, 18 may 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, borclu tələbin könüllü icra edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq İcra Şöbəsinə gəlməmiş və icra sənədi üzrə borcunu ödəməmişdir, eyni zamanda Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin xəbərdarlığı da heç bir nəticə verməmiş, borcluya məxsus bank hesabının olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 8(001)- 325/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, onun iştirakı olmadan şikayətlərə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, qanunverici icra sənədləri üzrə tələbin borclunun əmlakına yönəldilməsi həyata keçirilən zaman bir sıra ardıcıl mərhələlər nəzərdə tutur və tələbin ilk növbədə borclunun pul vəsaitlərinə yönəldilməli olmasını vurğulayır. Qanunvericiliyin tələblərinə görə, icra məmuru tərəfindən ilk növbədə borclunun pul vəsaitlərinin olub-olmaması məsələsi araşdırılmalıdır. Binəqədi rayon İcra şöbəsinin icra məmuru isə qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri ötürüb, birbaşa tələbin borcluya məxsus olan digər əmlaka yönəldilməsini təqdimatda xahiş etmiş, Borclu olunun banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olmamasını təsdiq edən hər hansı bir sənədi təqdimata əlavə etməmişdir. İcra məmuru tərəfindən Borclu tələbin könüllü icrası haqqında bildiriş 09 dekabr 2019-cu il tarixdə göndərilmiş, lakin həmin bildirişinin borcluya rəsmən təqdim olunmasını təsdiq edən qanunvericilikdə nəzərdə tutulan sənədlərdən hər hansı biri iş materiallarında mövcud deyil. Bütün bu məsələlərin aydınlaşdırılması üçün 05 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə məktub göndərilərək icra işinin məhkəməyə təqdim edilməsi xahiş edilsə də və Binəqədi rayon İcra şöbəsində həmin məktub qəbul edilsə də, məhkəmə iclası təyin edilmiş gün icra məmuru məhkəmə iclasına gəlməmiş və icra işi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icra sənədinin icra edilməsinin mübahisəsiz olaraq vacibliyini qəbul etməklə yanaşı hesab edir ki, şəxsin konstitusion hüququ olan mülkiyyət hüququnun məhdudlaşdırılması zaman qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mütləq şəkildə gözlənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, tələbin könüllü icrası barədə bildirişin Borclu çatdırılması barədə təqdimata hər hansı bir sübut əlavə edilməmişdir. İkincisi, "İcra haqqında" Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Təqdimata borclunun pul vəsaitlərinin və başqa sərvətinin olmamasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Borclunun pul vəsaitlərinin olmasını tələbkar da inkar etmir. Üçüncüsü, borclunun başqa əmlakının ümumiyyətlə olub-olmaması təqdimatdan və əlavə edilmiş sənədlərdən görünmür. İcra məmuru isə məhkəmənin tələbinə məhəl qoymayaraq icra işini təqdim etmir yaxud etmək istəmir. Təqdimatının əsaslı yaxud əsassız olmasından asılı olmayaraq təmin olunmasını istəyir. Qərardaddan şikayət versə də apellyasiya baxışındada iştirak etmir və təqdimatın əsaslılığını apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırmaq istəmir. Bu cür vəziyyətdə isə əlbətdə ki, şikayəti də təmin oluna bilməz. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 8(001)- 325/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 8(001)- 325/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar