Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-337/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar qətnamə üzrə tutulan alimentin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: indeksasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Tələbkar qətnamə üzrə tutulan alimentin indeksasiya edilməsinə barədə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(011)-353/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-906/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya olunması və 25 oktyabr 2012-ci il təvəllüdlü X1, 23 iyun 2014-cü il təvəllüdlü X2 və 02 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq misli həddindəə sabit pul məbləğində alimentin borcludan tutularaq ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-906/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 170 manat olmaql, cəmi 510 manat sabit pul məbləğində alimenton borcludan tutulması qət edilmişdir. İcra sənədi dərhal icra edilməsi üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir.
3. Etiraz onunla əsaslandırılmışdır ki, o, gözdən əlil olaraq dövlətdən sosial müavinət alır. Eyni zamanda fiziki sağlamlığına uyğun əmək müqaviləsi əsasında əmək haqqı alır. Məhkəmə tərəfindən üç uşağa görə təyin edilmiş aliment məbləğlərini icra şöbəsi vasitəsilə tələbkara ödəmişdir. Başqa sözlə təyin edilmiş alimentləri gözdən əlil olmağına baxmayaraq vaxtında ödəmişdir. O, gözdən əlil olmağına baxmayaraq, əmək müqaviləsi əsasında iş icraçısı kimi çalışmaqla 650 manat əmək haqqı alır. Onun daha artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(011)-353/2025 nömrəli qərardadı ilə 12 mart 2025-ci il tarixdən başlayaraq, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-906/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 25 oktyabr 2012-ci il təvəllüdlü X1, 23 iyun 2014-cü il təvəllüdlü X2 və 02 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu əzixan oğlundan Tələbkar xeyrinə sabit pul məbləğində tutulmuş 170 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, hər bir uşaq üşün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-906/2020 nömrəli 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə niahından doğulmuş Melisa Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2020-ci il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə tətbiq edilməklə aparılmalıdır. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-906/2020 nömrəli 02 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaların tələbkarın yanında saxlanılması, və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən 2019-cu il sentyabrın 1-dən 2022-ci ilin yanvar ayının 1-dək ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur.
6. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv, ərizənin isə rədd olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayətin dəlillərinə görə, qanunun mənasına görə tərəfin ailə vəziyyətinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun şəxsin maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülməlidir. Bu baxımdan o yeni ailə qurmaq məcburiyyətində olmaqla, ailə üzvlərinin sayı artmış, lakin sağlamlığı səbəbindən əvvəlki illərlə müqayisədə maddi vəziyyəti mənfiyə doğru dəyişərək gözdən əlil olduğumdan, ona əlillik dərəcəsi təyin edilməklə yanaşı, həm də əmək müqaviləsi əsasında 650 manat maaş alır. Ona 650 manat maaş və 150 manat dövlət tərəfindən əlilliyə görə müavinat ödənilməklə, cəmi gəliri 800 manatdır. Gəliriin 50 faizini icra məqsədləri üçün könüllü ödəyir. Uşaqlara görə də hər ay aliment şəklində 510 manat ödəyir. Qeyd olunanlardan əlavə gözdən əlil olaraq əlavə qulluğa ehtiyacı olduğundan, o yeni ailə qurmaq məcburiyyətində olmuşdur. Yeni qurduğu ailədən iki övladı dünyaya gəlmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(011)-353/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
11. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016- cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Şikayət onunla əsaslandırılır ki, o üçüncü dərəcəli gözdən əlil olması, ağır işlərdə çalışa bilməməsi, müavinat alması, əmək müqaviləsi üzrə çalışması və bəlli əmək haqqı alması, digər bir qazancı olmaması, habelə ikinci dəfə ailə qurub 5 övladının olması faktına məhkəmə düzgün qiymət verməmişdir. Məhkəmə üç övlada münasibətdə humanistlik edir, digər iki uşağın hüququnu pozur. Aldığı ümumi gəlir 800 manatdır. Bu vaxta qədər 3 uşağa görə 510 manat aliment ödəyir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan xüsusatlar alimentin indeksasiya edilməməsi üçün əsas ola bilməz. Belə ki, bu hallar tələbkara pul vəsaitinin ödənilməsi, əmlak verilməsi və borclunun maddi vəziyyətinin pisləşməsi ilə bağlı olduğundan Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilər. Bu məsələyə isə hazırkı icraat çərçivəsində baxılması mümkün deyildir və bununla bağlı borcluya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
14. Birinci instansiya məhkəməsi düzgün olaraq 12 mart 2025-ci il tarixdən başlayaraq, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 906/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 25 oktyabr 2012-ci il təvəllüdlü X1, 23 iyun 2014-cü il təvəllüdlü X2 və 02 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu əzixan oğlundan Tələbkar xeyrinə sabit pul məbləğində tutulmuş 170 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, hər bir uşaq üşün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində müəyyən etmişdir.
15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(011)-353/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(011)-353/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.