Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-339/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, “Borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolun tərtib edilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması” barədə iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-639/2024 saylı qərardadından X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsi (icra məmuru Kəmalə Həsənova) tərəfindən icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərarın çıxarılması hərəkətinin qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi; Bakı şəhəri Xətai rayon İcra şöbəsi (icra məmuru Kəmalə Həsənova) tərəfindən iddianın təmini tədbiri barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli icra vərəqəsi və Nizami rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı əsasında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən "X17" mebel mağazasında borcluya məxsus və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsində və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi istiqamətində göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi vəzifəsini və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsinin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Kəmalə Həsənovanın) üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 icra məmurunun hərəkətlərindən şikayətinə “borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsinin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın üzərinə qoyulması” hissəsində xitam verilmişdir. Həmin qərardaddan X4 şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətdə göstərilən tələblərin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını, şikayət təmin edilmədiyi, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, AR MPM-nin 397.2-ci maddəsinə əsasən şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ilkin şikayətin məzmununa uyğun əsaslandırılmış, icra sənədinin bügünədək icra olunmaması ilə bağlı borclunun inzibati məsuliyyətə cəlb edilməsinin zəruriliyi ilə bağlı dəlillər göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, tələbkarın bir ərizə əsasında verdiyi tələblər üzrə 2 qərardad çıxarmaqla, yəni tələbləri 3 qrupa bölməklə, 3-cü qrupa aid edilmiş tələb barədə hazırkı qərardadı çıxarmaqla, sonradan isə 1 və 2-ci qrupa aid edilmiş tələblər üzrə digər qərardadı çıxarmaqla, məhkəmə -“...icra məmuru tərəfindən borcluya məxsus və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsində və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi istiqamətində göstərilən hərəkətsizliyinin qanunsuz hesab edilməsi” və “...üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi vəzifəsini Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Kəmalə Həsənovanın) üzərinə qoyulması barədə” tələbə hüquqi qiymət verməkdən bilərəkdən yayınmış və bununla da qüvvədə olan prosessual hüquq normasına dırnaqarası yenilik gətirmişdir. Odur ki, hazırkı məhkəmə mübahisəsinə aid olan məsələlərə və mübahisələrə aydınlıq gətirilməmiş və ziddiyyətli hallar aradan qaldırılmamışdır. Qərardadın 4-cü səhifəsinin 4-cü və 5-cü abzaslarında göstərilir ki, “İlk növbədə məhkəmə onu qeyd edir ki, Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarına əsasən icra sənədi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda icra sənədi üzrə icra hərəktləri Bakı şəhər Nərimanov rayon İcra şöbəsində davam etməkdədir. İcra sənədi Bakı şəhər Xətai rayon İcra şöbəsinin icraatında olmadığı təqdirdə Xətai rayon İcra şöbəsinin icra məmurunun icraatında olmayan hər hansı bir icra sənədi üzrə müvafiq tədbirlərin görülməsi səlahiyyəti yoxdur.” və “Digər bir tərəfdən, məhkəmə hesab edir ki, tələbkarın hazırki tələbinə ümumi yurisdiksiyalı məhkəmə tərəfindən deyil, inzibati məhkəmədə baxılmalıdır.” Deməli, məhkəmə 2 əsas üzrə hazırkı qərardadı çıxarsa da, hər 2 əsasın qanunsuz olmasını görməmiş və ya görmək istəməmişdir. Belə ki, tələbkarın bir Ərizə əsasında verdiyi tələblər üzrə 2 qərardad çıxarmaqla, yəni tələbləri 3 qrupa bölməklə, 3-cü qrupa aid edilmiş tələbə hazırkı Qərardadı çıxarmaqla, 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə 1-ci və 2-ci qrupa aid edilmiş tələblər üzrə isə digər Qərardadı çıxarmaqla, mahiyyət etibarı ilə hazırkı Qərardadla, həm də Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarına hüquqi müəyyənlik gətirmədən, həmin qərarı qabaqcadan əsaslı və qanuni hesab etmişdir. Artıq məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsinin qoyulması tələbi ilə bağlı hüquqi mövqeni və vahid məhkəmə təcrübəsini əks etdirən kifayət qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarları mövcud olduğu halda, hazırkı məhkəmə bilə-bilə Ali Məhkəmədə formalaşmış həmin mövqeni və təcrübəni biləbilə əsassız və qanunsuz olaraq qəbul etməyərək puç etmiş və hazırkı tələbə ümumi yurisdiksiyalı məhkəmə tərəfindən deyil, inzibati məhkəmədə baxılması qənaətinə gəlmişdir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.” Qərarın 6-cı səhifəsinin 2-ci abzası - “İddiaçı tələbkar olaraq icraya nəzarət edən məhkəməyə müraciət etməklə icra məmurunun konkret qərar və ya hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirə bilər, eləcə də məhkəmədən icra məmurunun üzərinə “İcra haqqında” Qanunda təsbit edilmiş məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsinin qoyulmasını tələb edə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbitedilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır.” Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-639/2024 saylı qərardadı ilə tələbkar X8 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd daxil olmamışdır. Şikayətdə məsələyə məhkəmə iclasında baxılması xahiş edilsə də, məhkəmə kollegiyası bununla bağlı hər hansı əsas müəyyən etməmiş, bu səbəbdən şikayətə yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(011)-639/2024 saylı qərardadı ləğv edilərək, şikayət rədd edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir; 10.3-cü maddəsinə əsasən icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir; 10.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur; 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 44.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “... Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 02 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsinin mümkünlüyünü təsbit edir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” nın İİ hissəsinin 2.1.1 və 2.1.1-1-ci bəndlərinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2578/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrası üzrə icra məmurunun hərəkət və hərəkətsizliyi ilə bağlı mübahisələr də inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci, 2.1-ci və 2.2–ci maddələrində təsbit edilmiş qaydaya əsasən inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddia və ya ərizəyə inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. Hazırkı iş üzrə tələbkar da bu qaydaya uyğun olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir və belə qənaətə gəlir ki, qərardad ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinin əsaslı olması yenə də şikayət üzrə icraata xitam verilməsi üçün əsas yaratmır, həmin şikayətin geri qaytarılmasını şərtləndirir. Məhkəmə kollegiyası tələbkarın şikayətinin hazırki icraatda baxılan hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2578/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərildikdən sonra şöbə tərəfindən qəbul edilmiş və xx.xx.2023-cü il tarixli qərarla icra sənədi üzrə icraata başlanmışdır. Bundan sonra şöbənin xx.xx.2024-cü il tarixli qərarına əsasən icra sənədi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş və hazırda icra sənədi üzrə icra hərəkətləri Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində aparılır. Qeyd edilənlər öz növbəsində bu şikayətin təmin edilməməsini şərtləndirir. Belə ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun üzərinə onun icraatında olmayan icra sənədinin icra olunmamasına görə borclunun inzibati məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməsi öhdəliyi qoyula bilməz. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X1 şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X2 “Borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolun tərtib edilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması” barədə şikayəti üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)- 639/2024 saylı qərardadı ləğv edilsin. X1 “Borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolun tərtib edilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması” barədə şikayəti təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-339/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-339/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver