Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-339/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-178/2025 saylı, 04 iyun 2025-ci il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsində nəzərdə tutulmuş görüş formasının dəyişdirilməsi, ərizəçi Tələbkar nəvəsi 04 dekabr 2021-ci il təvəllüdlü X4 ilə onun anası X2 iştirakı olmadan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsində nəzərdə tutulmuş görüş vaxtlarında görüşünün təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(011)- 481/2024 saylı qətnaməsinin icra qaydası dəyişdirilmış, Tələbkar 04 dekabr 2021-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00-dək anası X2 iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Borclu qeyd olunan qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-178/2025 saylı, 04 iyun 2025-ci il tarixli qəradadı ilə (hakim Əminə Abbasova) ərizə təmin olunmamışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qərardad xx.xx.2025-ci il tarixdə borclu X2 “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Borclu isə qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət vermişdir. Beləliklə, aydın olur ki, borclunun qərardaddan şikayət vermək üçün faktiki şəraiti və yetərli vaxtı olmuşdur, lakin borclu şikayətlə məhkəməyə vaxtında müraciət etməmişdir. Borclunun istinad etdiyi hallar qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş müddətin buraxılması üçün üzrlü səbəb hesab edilə bilməz. Borclu qeyd olunan qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmiş, şikayəti onunla əsaslandırılımışdır ki, elektron kabinet olsa da, ondan uzun müddətdir ki, istifadə etmir. Həmçinin, qərardadın sistemə yerləşdirilməsi barədə ona hər hansı formada (elektron poçt, sms bildiriş və s.) məlumat göndərilməmişdir. Qəraddan isə rəsmi qaydada icra şöbəsində məlumat əldə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-178/2025 saylı, 20 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qərardadı rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qərardad qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 178/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı tam formada, 12 aprel 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində borclunun özünə məxsus elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, borclunun həmin qərardaddan apellyasiya şikayəti verməsi üçün son günü 22 aprel 2025-ci il tarixidir. Lakin, borclu tərəfin şikayəti 38 gün gecikmə ilə - 16 may 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-nin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Borclunun ərizəsi və onunla eyni məzmunlu şikayətində müddətin buraxılmasının səbəbi kimi, qərardadın borcluya rəsmi qaydada təqdim olunmamasını, elektron kabineti olsa da ondan istifadə etmədiyini və s. qeyd etsə də, həmin hallar özü-özlüyündə müvafiq prosessual müddətinin üzrlü səbəbdən buraxılmasını ehtiva etmir. Beləliklə, borclu qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, prosessual müddətin bərpasına dair ərizədə göstərilən səbəblər isə müddətin üzrlü sayılmasına qanuni əsas təşkil edə bilməz. Borclu prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməkdə haqlı olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-178/2025 saylı, 04 iyun 2025-ci il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-339/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-339/2025
22.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver