Məhkəmə qərarları › İş №8(103)-340/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-340/2021

07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-340/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 8(006)-242/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 29.02.2016-cu il tarixli qərarla icraata başlanılan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5143/2015 nömrəli, 04.08.2015-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və “xxxx" MMC-dən müştərək qaydada ******* (bir milyon dörd yüz əlli min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Tələbkar1 və Tələbkar2 İskəndər oğluna ödənilməli, məhkəmə xərcləri 20.30 manat borclular Borclu Xəll oğlu və "xxxx” MMC-dən müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi 29.06.2016-ci ıl tarixində Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmiş, borclu icraata başlamaq haqqında qərar və bildirişi qəbul etmişdir. "Elektron icra" infomasiya sistemindən çıxarışa əsasən Borclu adına mənzil və nəqliyyat vasitələri müəyyən olunsa da, qeyd olunan mənzil tələbkar "X3" QSC tərəfindən ipoteka predmeti olmuş və bankın balansına götürülmüş, borclunun adına aşkar olunan nəqliyyat vasitələri üzrə icra tədbirləri görülərək həbs qoyulmuş, daha sonra axtarış verilmiş, lakin nəticəsiz qalmışdır. Həmin nəqliyyat vasitələrinin dəyəri borc məbləğini ödəmir. Yenidən nəqliyyat vasitəsinin axtarışı ilə bağlı tədbirlər görülmüş, lakin nəticəsiz qalmışdır. Borclunun adına bank hesablarının olubolmaması ilə bağlı bankalara sorğu edilmiş və bank hesabının olmadığı müəyyən edilmişdir. İcra sənədi icraata daxıl olduğu tarixdən bu vaxta kimi icra olunmamışdır. Qeyd olunanlara əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İcra məmuru qeyd edilənləri nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim A.İbadzadə, iş № 8(006)-242/21) təqdimat təmin edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, ötən dövr ərzində borclu ilə tələbkar arasında razılaşma əldə olunmuş, 20 oktyabr 2018-ci il tarixdə Tələbkar1 notariat qaydasında təsdiq olunmuş ərizə ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə müraciət edərək bildirmişdir ki, borclu ona “xxxx” MMC-də olan 25% payını verərək ******* (iki milyon) ABŞ dolları vurulmuş ziyanı tam olaraq ödəmişdir. Hazırda onun Borclu qarşı heç bir şikayəti və tələbi yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2015-ci il tarixli icra sənədlərinin verilməsinə səbəb olan eyni qətnamə əsasında qəbul edilmiş xüsusi qərardada əsasən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin icraatına həmi ərizə əsasında 10 sentyabr 2019-cu il tarixli qərarla xitam verilmişdir. Hesab edir ki, icra sənədi tam icra olunmuşdur. Nəsimi rayon icra və probasiya şöbəsi bundan əvvəl də məhkəməyə təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdimat təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərardad dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardadlar hazırki təqdimata baxılarkən Nəsimi Rayon Məhkəməsinə təqdim edilsə də, məhkəmə onları nəzərə almamış, nəticədə əsassız qərardad qəbul etmişdir. Həmin qərardadlardan sonra icra işində heç bir dəyişiklik baş verməmiş, məhkəmə gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün atılmış addımdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "icraata başlamaq haqqında" qərar, könüllü icra üçün bildiriş, habelə xəbərdarlıq və sair aidiyyəti sənədlər borcluya rəsmən təqdim olunmuş, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini tam icra etməmiş və onun icrasından yayınır, icra məmuru tərəfindən icra icraatı dayandırılmamışdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüşdür. Məhkəmə kollegiyası, borclunun şikayətində göstərdiyi hallarla bağlı aşağıdakıları qeyd edir: Bakı şəhəri 44 saylı notariat ofisinin 28 dekabr 2020-ci il tarixli, 408 nömrəli məktubundan görünür ki, borclunun istinad etdiyi – tələbkarın 20.10.2018-ci il tarixli, 8İ- 3999 reyestr üzrə təsdiq edilmiş ərizəsi, tələbkarın 28.12.2020-ci il tarixli, 8İ-7730 reyestrli ərizəsinə əsasən notariat ofisi tərəfindən ləğv edilmişdir. Həmçinin, borclunun istinad etdiyi qanuni qüvvəsini almış, Nəsimi Rayon Məhkəməsinin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməməsi barədə 08.02.2021-ci il tarixli qərardadında olan göstərişlər icra məmuru tərəfindən icra edilmiş, daha sonra məhkəməyə müraciət edilmişdir. Başqa sözlə, həmin qərardadla təqdimatın təmin edilməməsinin əsas səbəbi tələbkarın ərizəsi deyil, icra məmuru tərəfindən müvafiq prosedurlara əməl edilməməsi olmuşdur ki, hazırda həmin nöqsanlar aradan qaldırılmışdır. Digər tərəfdən, borclunun icra sənədi vurulmuş ziyanı tam ödəməsi heç bir mötəbər sübutla təsdiq edilməmişdir, borclunun borcunu ödəmək niyyətində olmadığı isə işin hallarından açıq-aşkar görünür. Bu səbəbdən də, təqdimat əsaslı olaraq təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar