Məhkəmə qərarları › İş №8(103)-340/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-340/2025

22.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-340/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(010)-416/2025 saylı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli qərardaddan Tələbkar verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X4 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Tələbkar arasında olmuş nikahdan doğulmuş 1 uşağın – xx.xx.2022-ci il təvəllüdlü Aylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi əsasında ondan tələbkarın xeyrinə tutulmalı olan alimentin yarısının uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-266/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə əsasında 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması borclunun aylıq qazancının və başqa gəlirlərinin 1/4 bir hissəsi miqdarında aliment hər ay tutularaq tələbkara ödənilməliidr. Borclu hazırda “Azneft” X2 İdarəsində işləyir və onun aylıq əmək haqqısı 3.000 manat təşkil edir. Hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat təşkil edir. Borcludan tələbkarın xeyrinə hər ay tutulan alimentin məbləği isə bu məbləğdən xeyli çoxdur. Buna görə də, borclu hesab edir ki, ondan tutulan alimentin yarısı uşağın adına açılmış bank hesabına ödənilərsə, bu hazırda və gələcəkdə də uşağın maraqlarına qulluq etmiş olar. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməsini qərara almışdır. Rayon Məhkəməsi hesab etmişdir ki, ərizə əsaslıdır. Belə ki, borclunun işlədiyi Təşkilatın verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclunun 2022-ci il üzrə üçün hesablanmış əmək haqqı 2.382,05 manat, ödənilmiş aliment 1.011,96 manat, 2023cü il üçün hesablanmış əmək haqqı 26.240,41 manat, ödənilmiş aliment 7.091,68 manat, 2024-cü il üçün hesablanmış əmək haqqı 28.235,69 manat, ödənilmiş aliment 7.641,61 manat və 2025-ci il üçün hesablanmış əmək haqqı 9.919,81 manat, ödənilmiş aliment 2.202,56 manat məbləğində olmuşdur. “OR Kids” Tədris Mərkəzi ilə tələbkar arasında xx.xx.2025 il tarixdə bağlanmış müqavilədən görünür ki, Tədris Mərkəzi iş üzrə tərəflərin 1 uşağının məktəbəqədər təlim, tərbiyə xidmətləri göstərir, bunun müqabilində isə tələbkar tərəfindən həmin Mərkəzə, müqavilənin tərkib hissəsi olan “3 saylı razılaşmaya” əsasən ayda 250 manat ödəniş edilməlidir. Rayon Məhkəməsi qeyd etmişdir, təqdim olunmuş arayışına əsasən il ərzində borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləği 12 aya bölünərkən orta hesabla alimentin aylıq məbləği 600 manata yaxın və bəzi aylarda ondan çox təşkil edir. Hazırda, borclu, uşağın mənafeyinin nəzərə alınmasını, onun üstün maraqlarının rəhbər tutulmasını, ödənilən aliment məbləğinin yarısının gələcəkdə onun tərəfindən istifadə olunması üçün onun xeyrinə bank kartına köçürülməsini xahiş edir. Tələbkar tərəf isə uşağın ödənişli əsaslarla baxçada tərbiyə almasını və gələcəkdə həmin pul vəsaitinin inflyasiyaya uğramasını əsas gətirərək həmin məbləğin hal-hazırda uşağın mənafeyi üçün xərclənməsini daha məqsədə müvafiq hesab edir. Hazırda azyaşlı uşaq ödənişli əsaslarla baxçada tərbiyə alsa da, həmin baxçanın ödənişli olması ilə bağlı seçim hüququ tələbkara məxsusdur. Hazırda tələbkar uşağın ödənişli əsaslarla baxçada tərbiyə almasını öz seçiminə uyğun etmiş, lakin bununla bağlı olaraq borclunun razılığını almamışdır. Tələbkar özü işləyir və zəruri vəsaitə malik olmasına baxmayaraq, baxçaya xidmət haqqı kimi ödənilən məbləği aldığı aliment məbləğindən ödəyərək bunun uşağın üstün mənafeyi üçün zəruri olduğunu qeyd edir. Göründüyü kimi ərizə əsaslıdır. İş üzrə tələbkar həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, qərardadın qəbul edilməsi üçün əsas olmuş ərizənin isə təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, uşağın məktəbəqədər təlim və tərbiyəsi özəl baxça tərəfindən həyata keçirilir. Bunun üçün tələbkar həmin baxçaya hər ay 250 manat məbləğində ödəniş edir. Yerdə qalan təxminən 250 manat isə uşağın digər tələbatlarını ödəməyə xərclənir ki, bu məbləğ də bunun üçün kifayət etmir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və borclunun ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllədə müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir (maddə 55.1.). Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir (maddə 55.2.). Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər (maddə 55.3.). Borclunun işlədiyi Təşkilat tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclunun 2022-ci il üzrə üçün hesablanmış əmək haqqı 2.382,05 manat, ödənilmiş aliment 1.011,96 manat, 2023-cü il üçün hesablanmış əmək haqqı 26.240,41 manat, ödənilmiş aliment 7.091,68 manat, 2024-cü il üçün hesablanmış əmək haqqı 28.235,69 manat, ödənilmiş aliment 7.641,61 manat və 2025-ci il üçün hesablanmış əmək haqqı 9.919,81 manat, ödənilmiş aliment 2.202,56 manat məbləğində olmuşdur. Məhkəmə bildirir ki, həmin arayışda qeyd edilən məlumatlar nəzərə alındıqda müəyyən edilir ki, borcludan tələbkarın xeyrinə tutulan aliment 2023-cü il ərzində ayda təxminən 590 manat, 2024-cü il ərzində ayda təxminən 635 manat, 2025-ci ilin yanvaraprel ayları üzrə ayda təxminən 550 manat olmuşdur. “OR Kids” Tədris Mərkəzi ilə tələbkar arasında xx.xx.2025 il tarixdə bağlanmış müqavilədən görünür ki, Tədris Mərkəzi iş üzrə tərəflərin 1 uşağının məktəbəqədər təlim, tərbiyə xidmətləri göstərir, bunun müqabilində isə tələbkar tərəfindən həmin Mərkəzə, müqavilənin tərkib hissəsi olan “3 saylı razılaşmaya” əsasən ayda 250 manat ödəniş edilməlidir. Qeyd edilənlər nəzərə alındıqda isə müəyyən edilir ki, tələbkarın ödədiyi alimentin təxminən yarısı uşağın məktəbəqədər təlim və tərbiyəsi üçün ödənilir. Yerdə qalan təxminən 300-350 manat uşağın digər ehtiyaclarının qarşılanmasına sərf edilir. Nəzərə alınsa ki, hazırda Azərbaycan Respublikası üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 246 manat təşkil edir, onda bəlli olur ki, borclunun mövqeyi əsaslı deyil. Çünki 246 manat uşaqların yaşayış minimumunun aşağı həddini müəyyən edir, 300-350 manat isə həmin minimumdan o qədər də, yüksək məbləği təşkil etmir. Bu zaman o hal da nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin tələblərinə görə, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsi mümkün qədər maksimal saxlanmalıdır. Dövlət uşağı lazımi dərəcədə müdafiə etmək imkanlarından tam istifadə etməlidir. Uşaq dövlət tərəfindən müdafiə olmaq hüququndan heç bir halda məhrum oluna bilməz. Məhkəmə, uşağın özünün və onun valideynlərinin Azərbaycan Respublikası Konstitusiyasında, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda, “Uşaq hüquqları haqqında” Konvensiyada və “Uşaq hüquqları haqqında” Bəyannamədə qeyd edilən “həyat və azadlıq hüquqlarının qorunmasına” və “uşağın “üstün maraqları” konsepsiyasına” əsaslanmalıdır. “Uşaqların “üstün maraqları” konsepsiyası” ilk dəfə 1959-cu ildə BMT-nin “Uşaq hüquqları haqqında” Bəyannaməsində ifadə edilmişdir. Həmin Bəyannamənin ikinci maddəsinin mənasına görə, qanunla və başqa vasitələr ilə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə isə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən (maddə 3.). Odur ki, Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini, uşağın “üstün maraqlarını” nəzərə alaraq və uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas götürərək, hesab edir ki, Rayon Məhkəməsi ərizəni təmin etməklə səhv nəticəyə gəlmişdir. Tələbkarın qərardaddan verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Tələbkar şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli qərardad ləğv edilsin. X1 ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar