Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-341/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-214/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 11 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı qətnaməsi ilə Borclu 85.000 manat məbləğində pulun iddiaçı Tələbkar geri ödənilməsi qət olunmuşdur. 02.02.2021-ci ildə tərtib edilmiş və 11.02.2021- ci ildə ona təqdim edilmiş icra vərəqində qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. O, məhkəməyə müraciət etmiş və xahiş etmişdir ki, onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsinin icra edilməsinə iki il möhlət verilməsinə dair qərar qəbul edilsin. Ərizəsində bildirmişdir ki, özü heç bir yerdə işləmir, heç bir gəliri yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan övladı var. 02.03.2021-ci ildə məhkəmə prosesi keçirildi. Məhkəmədə bir daha bildirdi ki, heç bir gəliri yoxdur. Ona möhlət verilsin ki, işləsin və qətnaməni icra etsin. Məhkəmədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru bildirdi ki, onun mülkiyyətində iki avtomobili var. Həmin avtomobillərin üzərinə həbs qoyulub və cərimə meydançasında saxlanılıb. Məhkəmə əizəni təmin etmədi. O, da apelyasiya şikayəti verdi. Şikayəti Bakı Apelyasiya Məhkəməsindədir. Nəsimi rayon İcra şöbəsi tərəfindən 03.05.2021-ci ildə ona qərar təqdim edilmişdir ki, guya o tələbi könüllü icra etmədiyi üçün ümumi borcun 7 faizi miqdarında, yəni 5.950 manat ödəniş etməlidir. Bu qərar tamamilə əsassızdır və qanunsuzdur. Çünki o, könüllü icra etməkdən imtina etməmişdir. Sadəcə məhkəmyə müraciət etmişdir ki, icra etməsinə möhlət verilsin. Çünki gəliri yoxdur, iki avtomobili və evi həbsdədir. Avtomobillərini və evini sata bilməmişdir ki, tələbi icra etsin. “Belə olan halda o, tələbi necə icra edə bilərdi?” Hətta davamlı olara icraçı ilə danışmışdır. Heç bir zaman icradan imtina etməmişdir. İcra tələbini 03.05.2021-ci ildə icra etməsi üzürlü olub. Heç bir əmlakına çatımı olmayıb ki, satıb pulu ödəyə bilsin. Lakin o, çətinliklərlə də olsa 03.05.2021-ci ildə tələbi tam icra etmişdir. İş materiallarından da görünür ki, o heç vaxt tələbi könüllü icra etməkdən imtina etməmişdir. Bununla bağlı heç bir sübut yoxdur. Lakin 03.05.2021-ci ilə kimi o, belə bir qərarın olduğunu bilməmişdir. Bu qərar ona 03.05.2021-ci ildə təqdim edildi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-214/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (Sədrlik edən: Ceyhun Tağıyev). Hazırda Borclu tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 8(006)- 214/2021 saylı qərardadının ləğv edilməsi və şikayətinin təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İcra şöbəsinin ona verdiyi 10 gün müddətində onun imkanı olmayıb ki, borcunu ödəsin. Buna görə də, məhkəməyə müraciət edib ki, bəlkə məhkəmə onun durumunu anlayar və ona kömək edər. Lakin məhkəmə onun heç bir yerdə işləmədiyini, bütün əmlakının həbsdə olduğunu, yetkinlik yaşına çatmayan övladının olduğunu və onun saxlanılması üçün aliment aldığını bildiyi halda, onun ərizəsini təmin etməmişdir. 03.05.2021-ci il tarixdə o, qohumlarının və dostlarının köməyi ilə borcu tam ödəmiş və bank qəbzini Nəsimi rayon İcra şöbəsinə təqdim etmişdir. Elə həmin dəqiqə də, İcra şöbəsi ona 11 mart 2021-ci il tarixinə aid qərar vermişdir ki, o, borcun 7 faizi miqdarında da ödəniş etməlidir. Halbuki, həmin borcu ödəyənə kimi heç kim onu 7 faizlə bağlı xəbərdar etməyib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-214/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Borclu şikayəti müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadınını ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tələbkar və icra məmuru kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya icra məmurunun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarına və şikayətin dəlillərinə əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)- 2421/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, cavabdeh Borclu 85.000 (səksən beş min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Borclu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(103)-1603/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)- 2421/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Borclu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2(102)-4203/2020 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 02.02.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icra edilməsi barədə 02.02.2021-ci il tarixli, e26417/2021-5-34 saylı bildiriş borclunun ünvanına göndərilmişdir. Həmin bildirişdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmişdir. Bildiriş Borclu tərəfindən 28.02.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Sonradan, Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı qətnaməsinin icra edilməsinə iki il möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 8(006)-106/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Borclu tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 8(006)-106/2021 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 21.05.2021-ci il tarixli, 8(103)-170/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 8(006)- 106/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin (icra məmuru X2) 11.03.2021-ci il tarixli, 26417/2021 “icra ödənişinin alınması barədə” qərarından görünür ki, Borclu 85.000 manat məbləğində borcun 7%-i, yəni 5.950 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. 03.05.2021-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, Borclu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı icra sənədi üzrə 85.000 manat borc ödənilmişdir. Hazırda borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 11.03.2021-ci il tarixli, 26417/2021 “icra ödənişinin alınması barədə” qərarından narazılığını ifadə edərək, ləğv edilməsini xahiş etmişdir. Qərarın ləğv edilməsinə dair tələbini isə həmin vaxtı maddi imkanının olmaması səbəbindən qərarı vaxtında icra edə bilməməsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, borclunun məhkəməyə vermiş olduğu ərizəsi, eyni zamanda birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayəti əsassızdır. Belə ki, iş materiallarından, həmçinin məhkəmə araşdırması zamanı aydın oldu ki, borclu G. Hacıbəyli borcu “İcra haqqında” Qanunda nəzərdə tutulmuş icra sənədində göstərilmiş hərəkətin borclu tərəfindən könüllü icrası üçün müəyyən edilmiş on gün müddət ərzində üzrlü səbəb olmadan yerinə yetirməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəsinə görə, bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Beləliklə də, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru haqlı olaraq 11.03.2021-ci il tarixli, 26417/2021 “icra ödənişinin alınması barədə” qərar qəbul etmişdir. Belə olan halda kollegiya qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 11 mart 2021-ci il tarixli “icra ödənişinin alınması barədə” qərarından Borclu tərəfindən verilmiş şikayət ərizəsi əsassız olduğundan birinci instansiya məhkəməsi həmin şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-214/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-214/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-341/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-341/2021
16.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver