Məhkəmə qərarları › İş №8(103)-342/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-342/2021

09.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-342/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elnur Həsənovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi Seymur Mövlayevin və icra sənədi üzrə Borclu iştirakı ilə, Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Hazırkı iş 2 avtomobillə bağlıdır: 1) “Volkswagen Touareg” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobili; 2) “Peugeot Boxer” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili. Avtomobillər Borclu məxsusdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-2(82)-534/2018 nömrəli iş üzrə qəbul edilmiş 06.12.2018-ci il tarixli qətnaməyə görə Borclu "xxxx" ASC-nin (hazırda "xxxx" ASC-nin) xeyrinə əsas borc kim 1.228.324 manat, cərimə kimi 902.911 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2.131.265 manat pul tutulmalıdır. Sonrdan Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin iş üzrə qəbul olunmuş 02.09.2020-ci il tarixli qətnamə ilə qət olunub ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qismən – cəriməyə aid hissədə ləğv edilsin, Borclu "xxxx" ASC-nin xeyrinə 122.832 manat cərimə tutulsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə qəbul olunduqdan sonra icra vərəqəsi verilmişdir. Həmin icra sənədi üzrə icraat zamanı icra məmurunun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 04.06.2019-cu il tarixli qərardadla qərara alınmışdır ki, icra sənədinin icrasının təmin olunması məqsədilə yuxarıda göstərilən 2 avtomobilin üzərinə həbs qoyulsun. Lakin Bakı Apellysiya Məhkəməsi tərəfindən yuxrıda göstərilən qətnamə qəbul edildikdən sonra yeni icra vərəqəsi verilmişdir. Ona görə də icra məmurunun 22.02.2021-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Təqdimat və onun həlli: Bundan sonra icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət edərək 2 avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, zərurət aradan qalxdığına görə avtomobillərin üzərinə qoyulmuş həbsə ehtiyac qalmamışdır, icra sənədində göstərilən tələb tam təmin olunmuşdur. Binəqədi RM-nin 16.03.2021-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, icra məmurunun təqdimatı təmin edilsin, Binəqədi RM-nin 04.06.2019-cu il tarixli qərardadına əsasən həmin 2 avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə icraata xitam verilib. Şikayət: Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və icra məmurunun təqdimatı təmin edilməsin. Şikayət onunla əsaslandırılıb ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi qismən ləğv edilib, cərimənin yeni məbləği müəyyən olunub, hər 2 qətnamədə göstərilən məbləğ indiyə kimi tələbkara ödənilməyib. Yeni icra vərəqəsinin verilməsi əvvəlki icra vərəqəsi üzrə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə əsas vermir, çünki hər iki icra sənədi mahiyyətcə eyni öhdəliyin icrası barədədir Qərardadın yoxlanılması: Binəqədi RM-nin 16.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və icra məmurunun təqdimatı rədd olunmalıdır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən icra vərəqələri eyni iş üzrə verilib, eyni mübahisəli hüquq münasibəti ilə bağlıdır. İcra vərəqəsinin verilməsi ilə bağlı mövcud olan qaydalara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edildikdə apellyasiya instansiyası məhkəməsi yeni icra vərəqəsi verir. Lakin bu hal birinci instansiya məhkəməsinin icra vərəqəsinə əsasən tətbiq edilmiş məcburi icra tədbirinin (əmlakın üzərinə qoyulmuş həbsin və s.) ləğv edilməsinə əsas vermir, çünki hər iki icra sənədi eyni öhdəliyi nəzərdə tutur. Həmin öhdəlik üzrə ödənilməli olan pul indiyə kimi ödənilməyib. Ona görə də avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi “İcra haqqında” Qanunun 50-ci maddəsinin göstərişlərinə uyğun deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadı ləğv olunsun. Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş, “Volkswagen Touareg” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı və “Peugeot Boxer” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsi barədə təqdimat rədd olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar