Məhkəmə qərarları › İş №8(103)-344/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-344/2024

24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-344/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən verilmiş “mənzilin üzərinə həbs qoyulması” barədə təqdimatın təmin edilməməsinə dair qərardaddan tələbkarın şikayəti ilə bağlı iş üzrə (Açar sözlər: borcluya məxsus əmlakın üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-194/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 28, mənzil 23 saylı, 9 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336.000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəza çəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borcluya xəbərdarlıq ünvanlanmaqla icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Lakin borclu icranı təmin etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “EMF” sistemindən əldə edilmiş çıxarışına əsasən, Borclu1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 28, mənzil 23 saylı, 9 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzil aşkar edilmişdir.

3. Borclu1 təqdimata etiraz verərək, onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 28, mənzil 23 saylı, 9 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzil onun yeganə yaşayış yeridir. Qanuna görə, vətəndaşın yeganə yaşayış yerinin üzərinə həbsin qoyulması və müsadirə edilməsi birmənalı şəkildə qadağan olunmuşdur. Bundan başqa, icra məmurunun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərardan görünür ki, borclu qismində cəlb edilmiş Borclu1 mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmiş, bu səbəbdən də icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Bu qərarı qəbul etdikdən 6 ay sonra icra məmuru borclunun yeganə yaşayış yeri olan və ailəsinin ümumi mülkiyyəti hesab edilən mənzili hədəf seçərək, üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, icra sənədi üzrə tələbkar dəfələrlə əmlakların üzərinə həbs qoyulması və indeksləşdirmə ilə bağlı məhkəməyə müraciət etmiş, lakin sonradan naməlum səbəblərdən ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Sonuncu dəfə tələbkar əmlaklar üzərinə həbs qoyulması barədə tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(006)-47/2024 nömrəli qərardadı ilə onun öz xahişinə əsasən ərizə geri qaytarılmışdır. Bundan başqa, Bakı Hərbi Məhkəməsinin elan etdiyi xx.xx.2017-ci il tarixli, 1(093)-84/2017 nömrəli ittiham hökmündə tələbkara zərərin bilavasitə Borclu1 tərəfindən vurulması öz təsdiqini tapmamış, məhz bu səbəbdən onun həmin icraat zamanı verdiyi mülki iddia baxılmamış saxlanılmışdır. Bu və ya digər əsaslar üzrə zərərin əvəzinin ödənilməsinin bilavasitə ondan tələb olunması və tələbin yeganə yaşayış yeri olan mənzilə yönəldilməsi əsassız və tam qanunsuzdur. İcra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl əmlakın tələbin yönəldilə biləcəyi əmlak olub-olmamasını araşdırmalı olduğu halda, bunu etməmiş, bununla da borclunun konstitusion hüquqları olan mülkiyyət və mənzil toxunulmazlığı hüquqlarını pozmuş, təqdimat verərək, məhkəməni də bu qanunsuz əməllərə cəlb etməyə çalışmışdır. Buna görə də iş üzrə ətraflı məhkəmə araşdırması aparılmalı, tələbkarın əsl siması, niyyəti və məqsədi ifşa edilməli, icra məmurunun belə bir təqdimatla məhkəməyə müraciət etməyə məcbur qalmasının səbəbləri araşdırılmalı və bu araşdırmaların nəticəsi olaraq təqdimatın rədd edilməsinə dair məhkəmənin əsaslı, ədalətli və qanuni qərarı qəbul edilməlidir. Göstərilən əsaslarla təqdimata qəti edilir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 194/202 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdimatda göstərilən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 28 ünvanında yerləşən 23 nömrəli mənzil cəzaçəkmə müəssisəsində cəza çəkən Borclu1 yeganə yaşayış yeri olduğundan mənzil üzərinə həbs qoyulması yolverilməzdir və təqdimat təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, borclular Borclu1 və Borclu2 müştərək qaydada 336.000 manat pul alınaraq Tələbkar verilməlidir. Lakin 2021-ci ildən icra sənədi icra olunmur və tələbkarın hüquqları bərpa olunmur. Qərardadda göstərilir: Borclu1 məxsus 9 otaqlı 195,16 kv.m. sahəsi olan X5 küşəsindəki mənzili onun yeganə yaşayış yeridir. Deməli, tələbkarın iş üzrə zərərçəkmiş şəxs olaraq Borclu1 və onun dəstəsinin üzvləri tərəfindən pul vəsaitlərinin əlindən alınaraq müflisləşməsi, yaşayış yerini itirməsi, şirkətinin fəaliyyətinin dayanması və iflasa uğraması, ailəsinin dolanışıq yerindən məhrum olması, evsiz-eşiksiz vəziyyətdə qalması bu gün məhkəməni maraqlandırmır, ancaq cinayətkar Borclu1 şəhərin mərkəzində 9 otaqlı evi yeganə yaşayış yeri kimi məhkəmə tərəfindən qiymətləndirilir. Borclu1 və ailəsi dəyəri 500.000 manat olan malikanədə yaşamalıdır, tələbkar və ailəsi isə küçələrdə qalmalıdır? Bu, hansı qanunlarda öz əksini tapır? Tələbkar Borclu1 və onun ailə üzvlərinin adına olan daşınmaz əmlaklarırın siyahısını təqdim edir: 1) Nəsimi rayonu, X5 küçəsi, ev 28, mənzil 23 – yeni tikili, sahəsi 195,16 kv.m. – qeydiyyatda yalnız özüdür; 2) Qızı: X4, xx.xx.2005-ci il təvəllüdlüdür. Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 13, mən.6 – onun adınadır, yeni tikili 4 otaqlı 148,5 kv.m. Reyestr № 0110 1100 4852-05301-093003, reyestr tarixi: xx.xx.2012. Qeydiyyatda olanlar: yoldaşı - X2 və qızı - X4; 3) Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 13, sahəsi 41,4 kv.m. qarajı (95 saylı), reyestr № 0110 1100 4851-05301-083003, reyestr tarixi xx.xx.2012 – bu əmlaklar qızının adına alınmışdır (yəni uşağın 7 yaşı olanda). Aydın məsələdir ki, şəhərin mərkəzində belə bahalı əmlak da Borclu1 və yoldaşı X2 tərəfindən qızları üçün alınıb və orda yaşayırlar; 4) Goranboy rayonu, Balakürd kəndi, 1,7650 ha xüsusi mülkiyyət torpaq sahəsi reyestr № 50 90 13 06 31 66, reyestr tarixi xx.xx.2019, mülkiyyətçi X4, təvəllüd xx.xx.2005; 5) Xəzər rayon, Mərdakan qəsəbəsi, 475 B saylı, 0,2166 ha torpaq bağ sahəsi yoldaşı X1 mülkiyyətindədir. Belə görünür ki, Borclu1 cinayət yolu ilə əldə etdiyi əmlakları ailə üzvlərinin – qızı və yoldaşının adına rəsmiləşdirməsinin səbəbi gələcəkdə məsuliyyətdən yayınmaq məqsədi olmuşdur. Hakim tərəfindən bunların heç biri araşdırılmamış və Borclu1 məxsus X5 küçəsindəki 9 otaqlı mənzil yeganə yaşayış yeri kimi qiymətləndirilmişdir. Hakim qərardad qəbul edərkan zərərçəkmiş şəxsin vəziyyətini nəzərə almamış, ancaq Borclu1 hüquqlarını maksimum dərəcədə qorumağa çalışmış və bunu həyata keçirə bilmişdir. Tələbkarın və ailəsinin illərdir pozulmuş hüquqları hələ də bərpa olunmur. Bundan əlavə, qərardadda göstərilmişdir ki, tələbkar məhkəmədən ərizəsini geri götürmüşdür. Qəti şəkildə nəzərə çatdırılmışdır ki, tələbkar ərizəsini geri götürməmişdir. Dəymiş zərərin məbləğinin indeksləşməsi ilə bağlı sənədlər ekspertizaya göndərildiyindən Nəsimi rayon məhkəməsində digər hakim ekspertiza rəyinin alınması ilə bağlı qərar qəbul etmişdir və məhkəməni qeyri-müəyyən vaxta təxirə salmışdır. Ekspertizadan rəy gəldikdən sonra, məhkəmə yenidən xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Yəni, tələbkar heç bir ərizə geri götürməmiş və bu hal da hakim tərəfindən araşdırılmamışdır. Bundan əlavə, Borclu1 əmlaklarının üzərinə həbs qoyması ilə bağlı vəsatətinin geri götürülməsinin səbəbi isə digər hakim tərəfindən bildirilmişdir ki, əmlak üzərinə həbsin qoyulması icra məmurunun təqdimatı ilə olunmalıdır. Tələbkar bu səbəbdən vəsatətini geri götürmüş və icra məmuru Pərviz Babayev məhkəməyə öz təqdimatını vermişdir. Qərardadın 3-cü səhifəsində 4-cü abzasda qeyd olunur ki, Tələbkar Borclu2 ilə şifahi razılığa gəlmişdir ki, ona aid hissədə qətnamə ləğv edilsin. Əsla belə bir danışıq və razılıq olmamışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü və Nəsimi rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi, Apellyasiya instansiyası və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni olaraq hüquqi qüvvəsini almış məhkəmə aktını kim ləğv edə bilər? Hakimin bu fikirləri hansı mənbədən götürməsi tələbkara aydın deyil. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla qəbul edilmiş qərar əsaslı sayıla bilməz və ləğv edilməlidir, icra məmuru Pərviz Babayevin təqdimatı isə təmin olunmalıdır.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, borclu xx.xx.2024cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı ərizəsində Borclu1 özünün və ailə üzvlərinin mülkiyyətində olan əmlakların pay bölgüsünü açıqlamışdır. O, aparılmış pay bölgüsünə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 28 ünvanında yerləşən 23 nömrəli mənzilin onun payına düşməsini təsdiq etmişdir.

11. Borclu1 şikayətə qarşı etiraz verərək göstərmişdir ki, tələbkar üzərinə həbsin qoyulması nəzərdə tutulan mənzilin borclunun yeganə yaşayış yerinin olmaması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Həmin mənzil həyat yoldaşı ilə apardığı pay bölgüsünə əsasən yalnız onun mülkiyyətindədir və həmin ünvanda yalnız o qeydiyyatdadır. Sözügedən mənzil onun anası ilə birgə yaşadığı yeganə mənzildir. Göstərilənlərə əsasən tələbkarın şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na müvafiq olaraq, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş, icra məmurunun təqdimatına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır.

16. İcra qanunvericiliyinin tələblərinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə məcburi icra tədbirləri tətbiq olunur.

17. İş materiallarından görünür ki, icra sənədi üzrə tələbkara ödənilməli olan məbləğ kifayət qədər yüksək məbləğdir (336.000 manat) və icra sənədi uzun müddətdir icra olunmamışdır.

18. İşdən həmçinin müəyyən edilir ki, Borclu1 mülkiyyətində Bakı şəhərinin mərkəzi rayonlarının birində yerləşən 195,16 kv.m sahəsi olan mənzil var.

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən borclunun mülkiyyətində olan həmin mənzilin dəyəri müəyyən edilməklə təqdimatın təmin edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.

20. Belə ki, qeyd olunan mənzilin dəyəri müəyyən edildikdən sonra həmin dəyərin icra sənədi üzrə borcun ödənilməsinə və qalan məbləğin borclunun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil ilə təmin edilməsinə kifayət edəcəyi istisna edilmir. Borclunun özünün bildirdiyinə görə, həmin mənzil yalnız onun və anasının birgə yaşadığı mənzildir.

21. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-194/202 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimata, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar