Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-344/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-391/2025 saylı, 22 may 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İcra sənədi üzrə tələbkar X5 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-4408/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu ilə birgə nikah münasibətlərindən doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, 2 ildir ki, aliment tutulması qət edilmişdir. Borclu ödənişləri həyata keçirsə də, uşaqların saxlanılması üçün təyin edilmiş aliment məbləği kifayət etmir. O, 5 günlük iş rejimi ilə işləsə də, həftə sonları da başqa işdə çalışır və övladlarının xərclərini tam şəkildə qarşılaya bilmir. Uşaqların yaşı artdıqca onların xərcləri də artmışdır, lakin borclu aliment məbləğindən başqa hər hansı formada köməklik göstərmir. Hazırda isə qanunla müəyyən edilmiş qaydada aliment məbləğinin indeksasiyası zəruridir.
3. Borclu ərizəyə etiraz edərək bildirmişdir ki, Borclu ərizəni qəbul etməyərək bildirdi ki, hazırda onun aylıq əmək haqqı 515 manat təşkil edir. O, birgə nikahdan doğulmuş uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment ödəyir. Lakin, hazırkı vəziyyətdə aliment məbləği indeksasiya olunarsa, o, həmin məbləği ödəyə bilməyəcək. Belə olan halda, yeni iş yeri tapmalı və hazırkı iş yerindən ayrılmalı olacaq. Əgər 2025-ci il üzrə minimum əmək haqqı, buna müvafiq olaraq da aliment məbləği artmışdırsa, onun aylıq əmək haqqı da artmalı və mütənasiblik təmin olunmalıdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-391/2025 saylı, 22 may 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-4408/2023 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində (200:345=0.58) sabit pul məbləğində indeksasiya edilməklə Borclu tutularaq X3 ödənilməsi qərara alınmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda 200 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır.
6. Birinci instansiyası məhkəməsi qərardadını 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3, 5, 18.1 və 27-ci maddələrinə; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 8 və 19-cu maddələrinə; “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 3708 nömrəli Sərəncamına; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-391/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərardadınln ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamışdır. O, "xxxx" MMC-də fəhlə işləyir, aylıq əmək haqqı 515 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-8(010)-391/2025 nömrəli qərardadı ilə alimentin məbləği indeksasiya edilərkən bu məbləğin bir uşağa görə 232 manat təşkil etməsi, bu məbləğin ümumilikdə 464 manat olması, onun əmək haqqının isə vergi və sosial tutulmalar daxil 515 manat təşkil etməsi, bu əmək haqqı ilə sözügedən alimenti ödəməyinin qeyri-mümkün olduğu nəzərə almamışdır. Eyni zamanda səhhətində də müəyyən problemlər var ki, müalicəyə də xərc tələb olunur ki, onu belə edə bilmir. Belə olan halda isə o, məhkəmələrin qərarlarını icra etmək üçün hökmən bu və ya digər cinayət əməlləri törətməlidir ki, bunun da axırı məlumdur. O halda həm onun həyatı məhv olur, həm də uşaqlarına heç kəs tərəfindən də bir manat da olsun aliment ödənilməyəcək. Bu halla o, məhkəmələrdə sürünür. Qeyd olunan məbləği vaxtında çatdırıb ödəyə bilməyəcəyi üçün onu uzun müddətli həbslər gözləyir. Bu qədər risklərə baxmayaraq övladlarını belə görə, onlarla ünsiyyət qura bilmir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-391/2025 saylı 22 may 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
12. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
13. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
14. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
15. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
16. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
17. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
18. 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
19. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir.
23. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır.
24. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir.
25. Belə ki, məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən alimentin 200 manat həddində müəyyən edildiyini, alimentin məbləğinin müəyyən edildiyi təqvim ilində ölkə üzrə mövcud olmuş minimum əmək haqqı məbləğini, yəni 2023-cü ildə ölkə üzrə minimum əmək haqqının 345 manat məbləğində müəyyən edildiyini nəzərə almış, müvafiq hesablamanı, Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləğinə münasibətdə (200 / 345) aparmışdır.
26. Borclunun şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, onun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.
27. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər.
28. Bununla əlaqədar borcluya izah edilsin ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(010)-4408/2023 saylı qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-391/2025 saylı 22 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov