Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-345/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Borclu əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018ci il tarixli icra sənədinə əsasən - Borclu 58000 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Məhkəmə qərarının icrası zamanı icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/202 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə qərarının icrası zamanı üzərinə həbs qoyulmuş qeyd edilən daşınmaz əmlakın həbsdən azad edilməsi barədə Borclu ərizəsi təmin olunmamışdır. Borclu qeyd edilən qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AİHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunma mışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Həmçinin qeyd edilməlidir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. İşdən göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra sənədinə əsasən - Borclu 58000 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 17 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha olan torpaq sahəsində 20 saylı bağ evi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/202 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimın təmin olunması, Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Borclu həmin qərardadan şikayət verərək göstərmişdir ki, üzərinə həbs qoyulmuş daqınmaz əmlak (bağ evi) onun yeganə yaşayış yeridir, bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-nın 1-ci bəndinə əsasən tələbin həmin əmlaka yönəldilməsinə yol verilmir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 8(103)-425/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı icra olunmuş, borcluya məxsus müvafiq əmlakın üzərinə həbs qoyulmuşdur. Bundan qısa müddət sonra, Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş həmin daşınmaz əmlakın həbsdən azad edilməsini xahiş etmiş, ərizəni - həmin daşınmaz əmlakın onun yeganə yaşayış yeri olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-nın 1-ci bəndinə əsasən tələbin qeyd edilən əmlaka yönəldilməsinə yol verilməməsi, digər məzildə olan qeydiyyatının formal olması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Göründüyü kimi, borclu eyni dəlilləri (üzərinə həbs qoyulmuş əmlakın onun yeganə yaşpayış yeri olması və s.) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadından verdiyi şikayətdə də irəli sürmüş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, təqdimatın təmin olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi barədə qərardad hazırda qüvvədə olduğundan və işin faktiki halları dəyişmədiyindən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sorğu əsasında məhkəməyə təqdim edilmiş icra işindən görünür ki, xx.xx.2018-ci il tarixli 2(011)-5439/2018 saylı icra vərəqəsi icra edilməsi üçün xx.xx.2019-cu il tarixində icra edilməsi üçün Xətai Rayon İcra şöbəsinə göndərilmidir. Xətai Rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, icra sənədi aidiyyəti üzrə Sabunçu Rayon İcra şöbəsinə göndərilmiş, Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evi (torpaq sahəsi ilə birlikdə) qiymətləndirilmiş və həmin bağ evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 270000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb borcluya məxsus daşınmaz əmlaka yönəlsə belə, əmlak satıldıqdan sonra əldə edilmiş gəlirdən tələbkarın tələbi ödənildikdən sonra da borcluya qaytarılacaq vəsaitlə o, özünə yeni yaşıyış sahəsi əldə edə bilər. Beləliklə, məhkəmə kollegiyası ərizənin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, hazırki vəziyyətdə buna müvafiq əsaslar müəyyən edilmir. Belə olan halda isə şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas ola bilməz. Qərardad qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərardadından borclu tərəfin verdiyi şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-345/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-345/2023
10.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver