Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-345/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-386/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 3252/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsinin icrasına 6 (altı) ay müddətində möhlət verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3252/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən onun və uşaqlarının iddiaçı X10 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan mənzildən çıxarılmaları qət edilmişdir. İlk növbədə bildirir ki, keçmiş əri onu aldadaraq qeydiyyatda olduğu və uşaqları ilə birlikdə faktiki yaşadığı mübahisəli mənzili bağışlama müqaviləsi ilə hazırkı iddiaçının adına özgəninkiləşdirmişdir. Halbuki iddiaçının mənzili almağa maddi imkanı yoxdur və keçmiş əri tərəfindən mənzil onun adına formal olaraq keçirilmişdir. Keçmiş ərinin və iddiaçının əlbir olub aldatma yolu ilə əmlakı ələ keçirtməsi barədə adiyyatı orqanlara o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna şikayət göndərmişdir. Eyni zamanda hazırkı ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir. Onların mübahisəli mənzildən başqa digər yaşayış yeri yoxdur və uşaqları ilə birlikdə başqa yaşayış yerinə köçməyi onların təhsilinə və onun işinə ciddi təsir göstərəcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-386/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-386/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayədə qeyd olunur ki, məhkəmə qətnamənin icrasına möhlət verilməsi üçün sadaladığı halları ətraflı araşdırmadan formal münasibət bildirərək səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsini qərardadı dəyişidirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 15-ci maddəsinə əsasən Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3252/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən, ilkin iddia üzrə cavabdehlər X2, X4, X5 və X6 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan mənzildən çıxarılması, ünvan 2 ünvanında yerləşən 66 kv.m olan mənzilin ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Tələbkar təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İşdən görünür ki, borclu tərəf qətnamənin icrasına möhlət veriləcəyi təqdirdə hansı real addımlar atmasını, tələbkarla bu məsələ ilə bağlı hər hansı danışıqlar aparması ilə bağlı hər hansı izah verməmiş, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarında qeyd olunur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi üçün hər hansı bir hüquqi əsas müəyyən edilmədiyindən məhkəmə ərizəni təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-386/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-345/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-345/2025
22.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver