Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-347/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Tələbkar QSC-nin nümayəndəsi X1 Maraqlarına toxunan şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 8(007)- 178/2019 nömrəli qərardadından maraqlarına toxunan şəxs "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu MMC-yə məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərardadı, ilə borclu X6 Klubu MMC-yə məxsus olan “Kia Sorento” minik markalı **-AE-***, “İsuzu Turkuaz” minik markalı **-JP-***, “Hyundai Turcson” minik markalı **-AU-***, “VAZ 21074” minik markalı **-JS-***, “Nissanı Sunny” minik markalı **-AU-***, “Kia Sorento” minik markalı **-JS-***, “Hyundai” minik markalı **-PK-***, “Nissan Pathfinder” minik markalı **- JS-***, “Hyundai Hİ” mikroavtobus markalı **-JP-*** və “Qaz 33021” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan maraqlarına toxunan şəxs "xxxx" ASC şikayət verərək, qərardadın ləğv edilməsi, “Kia Sorento” minik markalı **-AE-*** d.q.n., “İsuzu Turkuaz" minik markalı, **-JP-*** d.q.n., "Hyundai Tucson" minik markalı 90-AU- 667 d.q.n. "VAZ- 21074” minik markalı **-JS-*** d.q.n., “Hyundai" minik markalı **-PK-*** d.q.n, “Nissan Sunny" minik markalı **-AU-*** d.q.n., “Kia Sorento" minik markalı **-JS-*** d.q.n., “Hyundai H-1" minik markalı **-JP-*** d.q.n., "Qaz-33021” yük markalı **-JK-*** d.q.n, “Nissan Pathfinder” minik markalı **-JS-*** d.q.n avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının əlavəsində göstərilən Borclu MMC-yə məxsus olmuş dövlət əmlakı "xxxx" ASC-nin mükiyyətinə (balansına) verilmişdir. Sözügedən Fərmanın 4cü bəndinə əsasən, dövlət əmlakının "xxxx"ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədilə "xxxx" ASC-nin və Tələbkar QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası yaradılmışdır. Həmin Fərmanın 11.1-ci maddəsinə əsasən, Tələbkar QSC mülkiyyətindəki (balansındakı) əmlakın "xxxx" ASC-nin, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyət nə (balansına, istifadəsinə) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görməlidir. Bununla bağlı olaraq, Təhvil-Təslim Komissiyası 10 oktyabr 2018-ci il tarixli 18 nömrəli protokoluna əsasən, Bakı şəhəri, Nizami rayonu, 2023-cü məhəllə, H.Əliyev prospekti 96A ünvanında olan əmlak kompleksi kimi müəssisə və digər əsas vəsaitlər Tələbkar QSC BOKT tərəfindən "xxxx" ASC-yə verilmişdir. Məhkəmə tərəfindən təqdimatda əmlakların cavabdehin sahibliyində olduğu göstərilmişdir. Lakin məhkəmə tərəfindən araşdırılma aparılmadan və qərardadda bu barədə ətraflı məlumat verilmədən, kifayət qədər sübutlar olmadan təqdimat təmin edilmişdir. Halbuki, həmin əmlakların cavabdehdə olduğunu təsdiq edən təsdiqedici sənədlər iş materiallarına əlavə olunmamışdır. Nəticədə, AR Prezidentinin yuxarıda qeyd olunan Fərmanına əsasən, 10 oktyabr 2018-ci il tarixdə “İnter PİK" MMC-yə məxsus əmlak və digər əsas vəsaitlərin Tələbkar QSC tərəfindən "xxxx" ASC-yə verilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 şikayətin dəillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar QSC-nin nümayəndəsi X2 şikayətin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib və iş materiallarına araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi təqdimatı təmin etdiyi zaman “İcra haqqında” Qanunun 50-ci maddəsinə istinad etmiş, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulmasının mümkünlüyünə əsaslanmışdır. Kollegiya qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, “borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur”. Bununla belə nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi sözügedən təqdimata baxarkən icra işini tələb edərək onunla tanış olmalı, icra məmurunun hansı icra hərəkətlərini yerinə yetirdiyini müəyyən etməli və sonradan hazırki qərardadı qəbul etməli idi. Lakin təqdimata baxılması ilə bağlı birinci instansiya məhkəməsinin iclas protokolundan icra işinin tələb edilərək öyrənildiyi müəyyən edilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2(82)-577 saylı, 26 iyul 2018-ci il tarixli icra sənədi iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, avtomobillər üzərinə həbs qoyulması 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin icra sənədinin icrası ilə bağlı olmuşdur ki, hazırki təqdimata isə Nizami Rayon Məhkəməsində baxılmış, kollegiya birinci instansiya məhkəməsi tərəfindən bu hala da qiymət verilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 8(007)-178/2019 nömrəli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 8(007)- 178/2019 nömrəli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-347/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-347/2021
14.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver