Məhkəmə qərarları › İş №8(103)-350/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-350/2022

26.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-350/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(011)-4137/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsindən imtina barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-798/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(011)-4137/2021 saylı qətnaməsi ilə cavabdeh X1 32.274,50 manat pul vəsaitinin alınıb iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir İcra icraatı üzrə borclu X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməni hər ay hissə-hissə icra etməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun məhkəmə qətnaməsini bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda o, 2-ci qrup əlildir və yalnız əlilliyə görə ona dövlət tərəfindən verilmiş 817.72 manat pensiya ilə dolanır. Onun adına dövlət qeydiyyatına alınmış hər hansı daşınar əmlakı yoxdur. Bundan başqa, o, Tələbkar birgə nikahdan doğulan uşağa görə hər ay 500 manat məbləğində aliment ödəyir. Eyni zamanda, o, yeni nikaha daxil olmuşdur və həmin nikahdan 22 iyul 2022-ci il tarixdə övladı dünyaya gəlmişdir. O, qətnamə ilə müəyyən edilmiş pulu hər ay 500 manat məbləğində olmaqla hissə-hissə ödəyə bilər Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan borclu X2 şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş, şikayətinin ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Şikayət birinci instansiya məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar apellyasiya şikayətinə etiraz göndərərək, şikayətin təmin edilməməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, boclunun imkanı yaxşıdır, pensiyadan başqada gəlirləri vardır. Həmçinin mülkiyyətinə daşınar və daşınmaz əmlaklar vardır. Özü isə xərçəng xəstəliyindən əziyyət çəkir, daimi olaraq müalicə və müayinəyə ehtiyacı vardır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-ə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (maddə 231.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Baxılan iş üzrə borclu icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin və gəlirinin aşağı olduğu barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(005)-887/2019 saylı iş üzrə 15 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar