Məhkəmə qərarları › İş №8(103)-351/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-351/2020

25.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-351/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə Borclu nümayəndəsi və vəkili Abbas-X1 iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından icra sənədi üzrə borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Borclu 9000 manatın Tələbkar xeyrinə tutulmalı olduğunu, tələbin könüllü icrası üçün borcluya vaxt verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq onun icranı təmin etmədiyini, Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 əldə olunmuş məlumata görə Borclu mülkiyyətində “Porshe Cayenne” markalı ** SG *** dövlət nömrə nişanlı avtomobilin olduğunun müəyyən edildiyini, icra sənədinin icrasının təmin edilməsi üçün həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Həmin qərardaddan borclu şikayət verərək sözügedən avtomobilin üzərində “xxxxxxxxx” ASC-nin girov hüququnun olduğunu bildirməklə qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) X3 oğlu şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, tələbkar isə məhkəməyə gəlməmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, qanunvericilik məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi institutunu nəzərdə tutsa da, kollegiyanın qənaətinə görə, məhkəmə təqdimata baxarkən həm müvafiq nəticəyə gəlmək üçün zəruri olan maddi hüquqi əsasların olub-olmadığını lazımi qaydada araşdırmamış, həm də prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında təqdimata baxılması ilə bağlı borcluya məlumat verilməsinə dair hər hansı sübut olmasa da, birinci instansiya məhkəməsi “məlumat verilməsinə baxmayaraq onun məhkəmə iclasına gəlmədiyini” qeyd edərək təqdimata borclunun iştirakı olmadan baxmış, bununla da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş “məhkəmə icraatının çəkişmə və tərəflərin bərəbərliyi əsasında aparılması” prinsiplərini pozmuşdur. Qeyd olunan pozuntu həm də onunla nəticələnmişdir ki, borclu şikayətində göstərdiyi halla bağlı müvafiq sübutları təqdim etmək imkanından faktiki məhrum olmuşdur. Digər tərəfdən iş materiallarından, Borclu mülkiyyətindəki “Porshe Cayenne” markalı ** SG *** dövlət nömrə nişanlı avtomobilin “xxxxxxxxx” ASC-də ipoteka ilə yüklü edildiyi müəyyən olunur;“İcra haqqında” Qanunun 48.1-ci maddəsinə görə isə, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Qanunun mənasına görə, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakının kifayət etmədiyinin müəyyən olunmasından asılıdır. Hazırki halda isə Borclu başqa əmlaklarının olub-olmadığı barədə ümumiyyətlə nə icra məmuru, nə də tələbkarın özü tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 7.3-cü maddəsinə əsasən, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə, icra icraatının tərəflərinin, habelə ipoteka saxlayanın iştirakını təmin etməklə, həmçinin borclunun ipoteka predmeti olmayan başqa əmlakının olub-olmadığını aydınlaşdırmaqla təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-383/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar