Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-351/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 8(010)- 189/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəmənin 16.02.2021-ci il tarixli 2(010)-1112/2021 saylı qətnaməsi üzrə icra sənədinin hissə-hissə, hər ay 50 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 8(010)- 189/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun maddi vəziyyəti aşağıdır və borcu birdəfəlik ödəyə bilmir. Bu səbəbdən borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 8(010)- 189/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və borclu məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunun izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, borclunun şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 8(010)-189/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin icrası məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla ağlabatan müddətdə həyata keçirilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)- 1112/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsinə əsasən X3 03.09.2019-cu il tarixli, FN- 00084-00/19A saylı kredit müqaviləsi üzrə 1608,34 manat əsas borc, 221,88 manat faiz borcu, 42,65 manat dəbbə borcu, ümumilikdə 1872,87 manat məbləğində borc və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqının tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. X2 həmin borcu hər ay 50 manat olmaqla hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Borcun hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsi icra sənədinin 38 ay müddətində icrası anlamını verməklə həm qeyri-realdır, həm də məhkəmə qətnaməsinin ağlabatan müddətdə icra edilməsi prinsipinə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın mənafeyini də nəzərə alaraq borclunun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 8(010)- 189/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-351/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-351/2021
13.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver