Məhkəmə qərarları › İş №8(103)-351/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-351/2023

17.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-351/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İcra sənədlərinə əsasən borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-244/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-449/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(006)-2112/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə, borclu xx.xx.1971-ci il təvəllüdlü Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,20 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-2277/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, iddia ərizəsinin təqdim olunmasına görə ödənilmiş 37 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin təqdim olunmasına görə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh Borclu iddiaçı X3 xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-449/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 150.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci qismində 127 manat pul cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2112/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-244/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu - xx.xx.1971-ci il təvəllüdlü Borclu məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətini işlə birlikdə aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, təqdimatı təqdim edən icra məmurunun icraatında olan onunla əlaqəli qeyd etdiyi icra işlərinə görə onun mülkiyyətində və adında olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının 101 saylı mənzilinə, eləcə də adına olan avtomobilin üzərinə həbsin qoyulduğu nəzərə almamışdır. Hansı ki, üzərinə həbs qoyulmuş əmlakların dəyəri üzərində olduğu bildirilən borc məbləğlərindən qat-qat dəyərli əmlaklardır. Bunda başqa təqdimatda qeyd edilən 1.000 ABŞ dolları borc məbləğlə əlaqədar icra sənədi üzrə tələbkarla arasında razılaşma var və o, həmin məbləği ona könüllü olaraq özü ödəyir. Qeyd olunanlara əsasən də onun adına olan bütün əmlakların üzərinə həbsin qoyulmasını onun mülkiyyət hüquqlarının qanusuz məhdudlaşdırılması hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-244/2023 saylı, 14 sentyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin 8(006)-244/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, borclu tərəfindən verilmiş şikayətdə onun mülkiyyətində və adında olan, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 101 saylı mənzilinə, eləcə də adına olan avtomobilin üzərinə həbsin qoyulduğu və üzərinə həbs qoyulmuş əmlakların dəyəri icra vərəqələri ilə tələb olunan borc məbləğlərindən qat-qat dəyərli əmlaklar olması, bunda başqa təqdimatda qeyd edilən 1.000 ABŞ dolları borc məbləğlə əlaqədar icra sənədi üzrə tələbkarla arasında razılaşma olması və o, həmin məbləği ona könüllü olaraq özü tərəfindən ödəməsi göstərilsə də, bu dəlilləri araşdırmaq üçün birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin ona verdiyi prosessual imkanlarından istifadə etmək əvəzinə, əksinə özünün 8(006)-244/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə yuxarıda qeyd edilən hallarla bağlı icra işini tələb edib araşdırmamışdır. İş materiallarından icra işlərinin məhkəməyə təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli məktub olsa da, icra işlərinin məhkəməyə hansı formada daxil olduğu, borclunun dəlilləri baxımından icra işləri üzrə hansı halların müəyyən olunması iş materiallarından görünmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-244/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadı ləğv olunsun və Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar