Məhkəmə qərarları › İş №8(103)-352/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-352/2025

25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-352/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-398/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə dair iş üzrə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə borclu tərəfindən verilmiş ərizəyə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6972/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X5 “aliment məbləğinin indeksasiyası”na dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6972/2022 saylı, xx.xx.2022-ci tarixli qatnaməsilə cavabdeh Borclu hər ay hər uşağa görə 130 manat məbləğində sabit pul şəklində tutulan alimentin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş uşaqların yaşayış minimum məbləğinin müəyyən mislinə uyğun indeksasiya edilərək artırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-398/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6972/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməli olan alimentin məbləği 26 may 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-398/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərardadınln ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-398/2025 saylı 12 iyun 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdirBakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Həmidov Ceyhun, borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Hazırda Borclu ərizə ilə müraciət edərək maddi durumu imkan vermədiyi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67-1.3-cü maddəsinə əsasən Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Bu Məcəllənin 67-1.4-cü maddəsinə əsasən məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin birinci hissəsinə əsasən məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının və ya mülki Prosessual Məcəllənin 67-1.4-cü maddəsində qeyd olunan kateqoriyalara aidliyinin müəyyən olunmasından asılıdır. Hazırki halda isə sübutetmə yükünün Borclu üzərində olmasına baxmayaraq, o, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığı və s. barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da ərizəçinin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığı qənaətinə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67, 263, 264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar