Məhkəmə qərarları › İş №8(103)-353/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-353/2020

19.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-353/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev tərəfindən qəbul edilmiş “İcraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından tələbkar (iş üzrə iddiaçı) Tələbkar şikayətinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından Tələbkar verdiyi şikayətə, Tələbkar iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (tələbkar) Tələbkar ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İcra Şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3970/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinin icraya yönəldilməsi və icra məmuru barədə xüsusi qərardad qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamə ilə iddiaçı Tələbkar cavabdeh Borclu ASC-nin Biləsuvar filialının baş kassiri vəzifəsinə bərpa edilməsini, xx.xx.2012-ci il tarixdən etibarən qətnamə icra olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Tələbkar ödənilməsini qət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən İcra Şöbəsinin icra məmuru Pərviz Babayev xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərarla icra işi üzrə icraata xitam vermişdir. İcra məmuru bu qərarı qəbul edərkən hesab etmişdir ki, icra vərəqəsi tam icra olunmuşdur. Lakin icra məmuru nəzərə almamışdır ki, məhkəmə qətnaməsi qismən icra olunmuş, məcburi iş buraxma müddətinə görə Tələbkar əmək haqqı ödənilmiş, lakin məhkəmə qətnaməsinin işə bərpa hissəsinə dair hissəsi isə tam icra olunmamışdır. Belə ki, hazırkı iş üzrə cavabdeh (borclu) olan Bank yuxarıda qeyd edilən qətnamə qəbul edildikdən sonra məhkəmələrə davamlı olaraq iddia ərizələri ilə müraciət edərək icra işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasına çalışmışdır. Həmin vaxt icra hərəkətləri Biləsuvar Rayon İcra Şöbəsi tərəfindən həyata keçirilirdi. Həmin Şöbənin icra məmuru Biləsuvar Rayon Məhkəməsinə təqdimat verərək icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına (İş № 8(022)-219/2014) əsasən təqdimat rədd olunmuş və məhkəmə qətnaməsi tam və düzgün icra olunması üçün icra vərəqəsi Biləsuvar Rayon İcra Şöbəsinə qaytarılmışdır. İcra tədbirləri davam etdirilmiş və Bankın Biləsuvar filialının müdiri məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra, borclu Bankın Biləsuvar filialının müdiri filialın kassasını qiymətli əşyalarla və digər sənədlərlə birlikdə ona akt əsasında təhvil verəcəyini bildirmişdir. Lakin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2017-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən cinayət işinin onun barəsində olan epizod üzrə icraatına xitam verilmişdir. Bundan sonra borclu Bank cavabdeh Nəsimi Rayon İcra Şöbəsinə qarşı “Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmədiyindən Nəsimi Rayon İcra Şöbəsinin üzərinə Bankın hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən çəkinməsi vəzifəsinin qoyulması barədə” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bankın iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və Bankın iddiası üzrə inzibati icraat qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən iddiaçı Tələbkar Biləsuvar Rayon İcra Şöbəsinə qarşı irəli sürdüyü “İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbi barədə” iddiası üzrə inzibati icraat qeyri-mümkün sayılmışdır. Qeyd edilən bu qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Bankın cavabdeh Biləsuvar Rayon İcra Şöbəsinə qarşı irəli sürdüyü “hüquq və azadlıqları pozan qanunsuz müdaxilədən çəkinmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə inzibati icraat qeyri-mümkün hesab edilmişdir. Qeyd edilən bu qərardad da yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Tələbkar və borclu Bankın “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə izah verilməsi barədə” ərizələri təmin edilməmişdir. Başqa bir icraat çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardada əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilərək, borclu Bankın ərizəsinə yenidən baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Bankın “icra sənədinin icraatına xitam verilməsi barədə ərizəsi” təmin edilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi haqqında Bankın ərizəsi təmin edilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə icra məmurunun təqdimatı rədd edilmişdir. Bu qərardad Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Baş icra məmuru tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli qərara əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2017-ci il tarixli icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Qeyd edilən bu qərardan sonra qətnamə əsasında verilmiş icra sənədi Nəsimi Rayon İcra Şöbəsinin icraatında olmuşdur. Həmin Şöbənin böyük icra məmuru E.Piriyev tərəfindən xx.xx.2019-cu il tarixdə Bank barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bankın cavabdeh Nəsimi Rayon İcra Şöbəsinə qarşı irəli sürdüyü “icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulması barədə” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə borclu olan Bank məhkəmə qətnaməsinin icra edilərək N.X2 filialda baş kassir vəzifəsində işlədiyini göstərsə də, əslində həmin müddətdə filialın baş kassiri vəzifəsində X1 işləmişdir. Həmin müddət ərzində Tələbkar heç bir vaxt baş kassir vəzifəsini icra etməmişdir. Tələbkar baş kassir vəzifəsinə təyin olunmağı barədə Bankın sədrinin əmri formal xarakter daşımış, vizual görüntü yaratmaq, həmçinin məhkəmə qərarının icra edilməsi mənzərəsini yaratmaq, eləcə də məhkəmə qərarının tam icra edilməsindən yayınmaqla, məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin, Biləsuvar Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə təsdiq edilmişdir ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi tam və düzgün icra olunmamış və filialın rəhbərliyi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda isə cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün müxtəlif üsul və vasitələrə əl atırlar. Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru P.Babayev tərəfindən qəbul edilmiş “İcraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından Tələbkar verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmişdir. Tələbkar həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və barəsində verilmiş qərardadı dəyişdirmədən saxlayaraq şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) yuxarıda qeyd edilən şikayətin dəlillərini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunmalı, Nəsimi Rayon İcra Şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından Tələbkar verdiyi şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi (İş № 2(006)-3970/2013) ilə iddiaçı Tələbkar əvvəlki işinə, yəni cavabdeh Borclu ASC-nin Biləsuvar filialının baş kassiri vəzifəsinə bərpa edilməsi, xx.xx.2012-ci il tarixdən etibarən qətnamə icra olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Tələbkar verilməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnamə (İş № 2(103)- 1211/2014) ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və onun əsasında icra vərəqəsi tərtib edilərək icraya yönəldilmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən İcra Şöbəsinin icra məmuru Pərviz Babayev xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərarla icra işi üzrə icraata xitam vermişdir. İcra məmuru bu qərarı qəbul edərkən hesab etmişdir ki, icra vərəqəsi tam icra olunmuşdur. Yuxarıda göstərildiyi kimi tələbkar (iddiaçı) Tələbkar icra məmurunun qərarını əsassız hesab edir. Mövcud mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 70.2-ci maddəsinə görə, işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Göründüyü kimi işə bərpa etmək haqqında icra sənədi işçinin faktiki olaraq əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra olunmuş hesab olunur. Lakin təqdimatdan və işin materiallarından icra sənədinə əsasən Bank tərəfindən işə bərpa barədə əmrin qəbul edilməsinə baxmayaraq, Tələbkar faktiki olaraq işə bərpa olunması müəyyən edilmir. Apellyasiya baxışı zamanı Tələbkar bildirdi ki, Bank tərəfindən onun işə bərpa olunması barədə əmr qəbul edilsə də, əmr formal xarakter daşımış, o, Filialın inzibati binasına belə buraxılmamışdır. Bank qətnamə tam icra olunmadan icra sənədi üzrə icraata xitam verilməsinə nail olmağa çalışır. Məhkəmə qeyd edir ki, şikayətə baxmış Rayon Məhkəməsi Tələbkar həqiqətən işə bərpa edilməsini (məsələn: Tələbkar bərpa edildiyi vəzifənin icrası ilə bağlı müvafiq sənədlərə imza etməsini, Filialın inzibati binasına daxil olub-olmamasını və s.) araşdırmamışdır. Halbuki, işçinin əvvəlki işinə bərpa edilməsi təsdiq edilmədən icra sənədinin tam icra edilməsindən söhbət gedə bilməz. Çünki yuxarıda artıq qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Odur ki, Məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Tələbkar verdiyi şikayət qismən təmin edilməli, həmin qərardad ləğv edilərək Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru P.Babayev tərəfindən qəbul edilmiş “İcraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından Tələbkar verdiyi şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Tələbkar (iş üzrə iddiaçı) Tələbkar şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayevin qəbul etdiyi “İcraata xitam verilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından Tələbkar şikayətinə yenidən baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar