Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-353/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 8(011)-395/2024 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5306/2023-006 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ona qarşı pul tələbi barədə iddia qaldırmışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti vermiş və məhkəmənin qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. O, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti versə də, onun şikayəti təmin olunmamışdır. Hazırda iş Xətai Rayon İcra Şöbəsinə yönəlmiş və icra şöbəsində tərəf ondan 80000 manatı verilməsini və verildikdən sonra qalan məbləğin hissə-hissə ödənilməsini istəyir. Onlar arasında razılaşmışlar ki, o, pulu hissə-hissə ödəsin. Onların münasibətləri yaxşı olub, demək olar ki, dost münasibətində olmuşlar. Bir yerdə iş görüb gəlir əldə etmişlər. Ona verdiyi puldan 250000 manat qazanc vermiş, işə qoyduğu pulu da ödəmişdir. Hətta həmin pula görə onlar 17 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi də bağlamışlar. O, tələbkarın pulun qazancdan başqa hissə-hissə ödəyirdi. O, iddiaçıya xx.xx.2023-cü il tarixdə puldan 700 manat ödəmişdir. O, iddiaçını aldatmamış və aldatmaq da fikri olmamışdır. Hətta pulu 2013-də götürəndə dolların kursu aşağı idi. Lakin iddiaçı həmin borcu hazırki dolların məzənnəsi ilə hesablamışdır. Məhkəmədə iş olanda da 5000 manat ödəniş etmişdir. Onun tələbkara hazırda cəmi qalan borcu 192450 manatdır və onu ödəməkdən imtina etmir. Lakin 80000 manatı bir dəfəyə ödəyə bilmir. O, mənzilini banka qoyub pul götürmüş və hər ay bank qarşısında öhdəliyini yerinə yetirir. Hazırda hər ay iddiaçıya 1000 manat məbləğində ödəniş edə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 8(011)-395/2024 saylı qərardadı ilə X1nun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclu şikayət verərək qərardadın ləğv edilməsi, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız tələbkarın mövqeyindən çıxış edərək, onun iştirakını təmin etməyərək, təqdim edilmiş sübutları ümumiyyətlə nəzərə almadan qanuna zidd qərardad qəbul etmiş və qərardadda göstərmişdir ki, borclu sübut təqdim etməyib. Bununla bağlı qeyd edir ki, yaranmış iqtisadi çətinlik və digər obyektiv səbəblərdən hazırda maddi vəziyyəti çox ağır olduğundan qətnaməni bir dəfəyə icra edə bilmir. 130.000 manat vergi borcu olub onun ödənilməsi üçün bankdan kredit götürmüş, hal hazırda banka kredit ödəyir, bu isə bank, o cümlədən tələbkar qarşısında öhdəliklərinin icrasını çətinləşdirmişdir. Qətnamə (icra sənədi) üzrə ödənilməli olan məbləğin kifayət qədər çox olması və onun hazırki vəziyyətdə həmin məbləği birdəfəlik ödəmək imkanının olmaması, ancaq bununla belə icra sənədinin icrasının təmin edilməli olması nəzərə alınmaqla qətnamənin ayda 1000 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməlidir. Bu baxımdan məhkəmənin yanaşmasını əsaslı hesab etmir, qətnamənin hər ay 1000 manat olmaqla hissə-hissə icrası tələbkarın hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmir. Digər tərəfdən, borclu olaraq qətnamənin icrasında maraqlıdır və məhkəmə qərardadı ilə hər ay 1000 manat pulun tutulması tərəfindən daha artıq məbləğin ödənilməsini və icra sənədinin daha qısa müddəti icra edilməsini istisna etmir. Lakin birinci instansiya məhkəməai iş materiallarında olan sübutları düzgün qiymətləndirilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-395/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5306/2023 nömrəli iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1915/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilmədiyi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilərək cavabdeh X2 197450 (yüx doxsan yeddi min dörd yüz əlli) manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 488(dörd yüz səksən səkkiz) manat alınaraq iddiaçı Tələbkar ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 529/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2023-cü il tarixli 2(103)-5306/2023 nömrəli qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5306/2023 nömrəli iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, qənamə icraya yönəlimiş, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 30 mart 2024-cü il tarixli qərarı ilə qeyd olunan iş üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış qətnamə ilə cavabdeh X2 197450 (yüx doxsan yeddi min dörd yüz əlli) manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 488(dörd yüz səksən səkkiz) manat alınaraq iddiaçı Tələbkar ödənilməsi müəyyən edilmişdir. Borclu hazırki ərizəsində qətnamənin icraya yönəldilməsindən sonra qeyd olunan məbləğdən 5000 manat hissəni ödəməsini bildirsə də bu barədə mötəbər sübut təqdim etməmiş, digər tərəfdən qətnamənin icraya yöndəldilməsindən keçən müddət ərzində tərəfindən borc məbləğinin ödənilməsinə yönəlmiş heç bir əsaslı tədbirlər görülməmişdir. Digər tərəfdən baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin pis olması barədə və borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan borc məbləğini nəzərə alaraq qətnamənin borclunun xahiş etdiyi qaydada hissə-hissə icra edilməsi halında məhkəmə qərarının uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyini, bu halın isə tələbkarın mənafeyinə zidd olduğundan, eləcə də icra sənədi ağlabatan müddətdə icra edilməli olduğundan birinci instansiya məhkəməsi icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, borclunun borcunu indiyədək ödəyə bilməməsinin onun maddi imkanının çox aşağı olması ilə əlaqədar olması, onun icra sənədinin icrasından yayınmaq niyyəti və məqsədi ümumiyyətlə olmaması, borcunu ödəmə qabiliyyəti çox aşağı olsa da, ödəməni davam etdirməsi kimi dəlillər üzrə, bir sözlə, icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hallar ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icra vərəqəsinin hissə-hissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 8(011)-395/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(103)-353/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-353/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver