Məhkəmə qərarları › İş №8(103)-353/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-353/2025

21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-353/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışiskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 418/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m. olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən X2 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-2579/2015 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsinin hansı qaydada icra olunması ilə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-418/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsinin izah olunması barədə iddiaçı X1 ərizəsi təmin edilməmişdir. Tələbkar (iddiaçı) X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-418/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyanın 13cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, ərizəçi X1 pozulmuş mülkiyyət hüququ məhkəmələr tərəfindən bərpa edilmişdir. Lakin, həmin qətnamə bu günki günədək icra olunmamışdır. Qəbul olunmuş qərardad isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, ərizəçi mübahisə edilən mənzili şəxsi vəsaiti hesabına əldə etmişdir. Məhz buna görə də məhkəmə tərəfindən onun pozulmuş mülkiyyət hüquqları bərpa edilmişdir. Sözü gedən qərardad bu hüququn pozulması səbəb olmuşdur. Ərizəyə əlavə etdiyi qətnamələrdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 14- cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən X2 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2579/2015 nömrəli, 25 iyun 2015-ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin baxılması zamanı bu qətnamələrin mövcud olmasına və onun icra olunmamasına əhəmiyyət verilməmişdir. Həmçinin, ərizəyə əlavə etdiyi digər qətnamələrdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 245/2018 nömrəli, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən X6 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9153/2018 nömrəli 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi A.İmzanov, hakimlər E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1577/2019 nömrəli, 14 mart 2019-cu iltarixli qərarı ilə (sədrlik edən və məruzəçi M.Əhmədova, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9153/2018 nömrəli 29 avqust 2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Aydın formada görünür ki, mübahisə edilən mənzilin digər şəxsə təhvil verilməsi ilə bağlı məhkəmə qətnamələri mövcduddur. Belə olan halda, sual olunur: Bir mənzil 2 fərqli şəxsə necə təhvil verilməlidir? Məhz, buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hansı qaydada icra olunmasına dair izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin, sözü gedən qərardadla ərizəsi təmin edilməmişdir. Məhkəmə qərardad qəbul edərkən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsində anlaşılmaz hər hansı məqamın olmadığını, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticənin tam aydın və dəqiq göstərildiyini, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmadığı qənaətinə gəlmişdir. Halbuki, o, həmin qətnamənin hansı qaydada izah olunmasını məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə qeyd etdiyi kimi, onun ərizəsini təmin etməyərək, qətnamənin izah olunmasına zərurət görmədiyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-418/2025 saylı iş üzrə xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Belə ki, MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 168-ci bəndinə əsasən MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. Göründüyü kimi qətnaməyə izah verilməsi barədə ərizəyə qətnamənin icrası qaydasında icraat üzrə “8” indeksi üzrə deyil, qətnamənin çıxarıldığı müvafiq işin davamı kimi həmin işin nömrəsi ilə qeydə alınmaqla baxılır. İzah barədə ərizəyə onun aid oluğu müvafiq işin davamı kimi həmin iş materiallarına əlavə olunmaqla baxılması işin tam, hərtərəfli və obyektiv həllinə irəli sürülmüş dəlillərin iş materialları ilə birlikdə araşdırılmasına yönəlmişdir. Əks hal isə yəni izah barədə ərizəyə ayrıca icraatda “8” indeksi üzrə baxılması onun mahiyyətinə uyğun olmamaqla, qanunvericiliyin tələblərinə də uyğun deyildir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə almamış, nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə olan halda, yəni məhkəmə izah barədə ərizənin təmin olunmaması nəticəsinə gəlsə də izah verilməsi tələb olunan qətnamənin aid olduğu iş materialları olmadan məhkəmənin konkret olaraq nəyə əsasən bu qənaətə gəlməsi qeyri-müəyyənlik yaratmışdır. Məhkəmə ümumiyyətlə üzərindən uzun müddət keçməsinə baxmayaraq qətnamənin icrasının hansı vəziyyətdə olması və ya icra olunmamanın izahla bağlı hər hansı səbəbli əlaqəsinin mövcud olub-olmamasını aydınlaşdırmamışdır. Bu səbəbdən izahla bağlı ərizəyə işdə iştirak edən bütün şəxslərə lazımi qaydada məlumat verilməklə, eləcə də icra işi tələb olunaraq icra məmurunun iştirakı ilə keçən müddət ərzində qətnamənin icra olunmamasının səbəbləri səbəbləri və izahın zəruriliyini şərtləndirən hallar araşdırılaraq baxılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, işə prosessual hüquq normalarının tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-418/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş ərizəyə yuxarıda qeyd olunan qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-418/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iş izahla bağlı ərizəyə qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar