Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-354/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(004)- 537/2023 saylı qərardadından borclu Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4452/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ilə cavabdeh X3 arasında bağlanmış 31 may 2021-ci il tarixli Barışıq sazişi ləğv edilmiş, həmin saziş üzrə ödənilmiş 15000 manat və 312,5 manat əldə çıxmış fayda, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Borclu Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə, hər ay 50 manat məbləğində əmək pensiyasından tutulmaqla icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 736 manat pensiyasının 50 faizi tutulur, dolana bilmir. Həyat yoldaşı 1-ci qrup, özü isə 2-ci qrup ağır şəkər xəstəsidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(004)-537/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət vermişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, borclu əlavə olaraq “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup” pensiya növü üzrə 330 manat pensiya alır. Həmçinin, icra sənədi ilə tutulması müəyyən edilən məbləğin hər ay 50 manat məbləğində olmaqla ay müddətində hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Nəzərə alınmalıdır ki, ərizənin göstərilən qaydada (hər ay 50 manat olmaqla) təmin olunması borcun ödənilməsinin 25 ilə yaxın müddətə təxirə salınması anlamına gəlir ki, bu da tələbkarın mənafeləri baxımından yolverilməzdir. Bu mənada, hazırkı işin halları baxımından Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq ərizəni təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(004)- 537/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-354/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-354/2023
18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver