Məhkəmə qərarları › İş №8(103)-354/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-354/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-354/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-397/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 “icra sənədinin icrasına 1 il möhlət verilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X1 Ayaz Firudin oğlu ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuş, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X11 dünyaya gəlmişdir. xx.xx.2013-cü il tarixdə el adəti ilə toyları baş tutduqdan sonra həmin gün ünvan 1 ünvanına gəlin köçmüşdür. X3 və övladı xx.xx.2014-cü il təvəllüdlü X11 hal-hazıradək sözügedən ünvanda yaşayırlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-2572/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar iddia ərizəsi təmin edilmiş və cavabdeh X5 övladı xx.xx.2014-cü il təvəllüdlü X11 və əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxarılması qət edilmişdir. X2 və övladının yaşamağı başqa mənzili yoxdur, ərizəçi uşağa baxdığına görə işləyə bilmir, hər hansı gəliri yoxdur. Odur ki, icra sənədinin icrasına 1 il möhlət verilməsi xahiş olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-397/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-397/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayədə qeyd olunur ki, qanunvericilikdə qətnamənin icrasına möhlət verlməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq olunması nəzərdə tutulmuşdur. X15 ərizəsində qeyd etmişdir ki, onun adına hər hansı əmlak yoxdur, nikahı pozulmuş, uzun illər mübahisəli mənzildə yetkinlik yaşına çatmayan uşağı ilə yaşayır, yetkinlik yaşına çatmayan uşağı mənzilin yaxınlığında yerləşən orta məktəbdə oxuyur. Məhkəmə ərizəçinin qeyd edilən bu dəlillərini əsas tutaraq onların qətnamənin icrasına 1 il möhlət verilməsi üçün əsas kimi qiymətləndirmiş və ərizəni təmin etmişdir. Məhkəmə, verdiyi qərarı aşağıdakı məqamlara əsaslandırıb: - Borclunun mənzilinin, işinin, gəlirinin olmaması; - Uzun müddət həmin mənzildə yaşaması; - Nikahının pozulması və azyaşlı uşağının olması; - Azyaşlı uşağın məktəbdə təhsil alması və yaşayış şəraitinin pisləşməsi riski; - Tələbkara ciddi və qarşısıalınmaz zərərin olmaması. Əvvəla, qətnamənin icrasına möhlət verilməsi yalnız istisna şəraitlərdə — yəni qətnamənin dərhal və tam icrası borclu üçün qeyri-mümkün və ya olduqca çətin olduğu hallarda — məhkəmə möhlət verilməsinə qərar verə bilər. Ancaq bu cür qərar verildikdə, tələbkarın hüquq və mənafeləri də mütləq nəzərə alınmalı, onun mülkiyyət hüququnun icrası yersiz və süni şəkildə yubadılmamalıdır. Ərizəçinin iddia etdiyi səbəblər – yaşamaq üçün başqa mənzilə malik olmaması və övladına baxdığı üçün işləyə bilməməsi – ümumi və subyektiv xarakter daşıyır və onları istisna hal kimi qəbul etmək mümkün deyil. Əks təqdirdə, bu cür arqumentlərin hüquqi presedentə çevrilməsi qətnamələrin icrasını ciddi şəkildə pozar, tələbkarların mülkiyyət hüququnun illərlə həyata keçirilməsinə əngəl törədərdi. Həmçinin vurğulanmalıdır ki, cavabdeh ərizəsində heç bir real alternativ təqdim etməmiş, nə vaxt və hansı imkanlarla mənzili tərk edə biləcəyinə dair əsaslandırılmış plan təqdim etməmişdir. Bu da onun ərizəsinin qeyri-ciddi və qətnamənin icrasını ləngitməyə yönəlmiş olduğunu göstərir. Nəticə etibarilə, cavabdehin ərizəsində göstərilən hallar qətnamənin icrasına möhlət verilməsi üçün nə hüquqi, nə də faktiki əsas yaradır. Digər tərəfdən məhkəmənin əsas götürdüyü hallar, yəni, borclunun ərizəsində qeyd etdiyi sosial və şəxsi hallar – uzun müddət mənzildə yaşaması, yetkinlik yaşına çatmayan övladı ilə tək qalması, maddi vəziyyətinin çətinliyi və uşaq üçün məktəbin yaxınlığı – müstəsna hal anlayışı ilə uzlaşmır və qətnamənin icrasına möhlət verilməsinə hüquqi əsas yaratmır. Bundan başqa, tələbkar ilə borclu ilə hər hansı qohumluq münasibəti də mövcud deyil və borclu tələbkarın icazəsi ilə müvəqqəti olaraq həmin mənzildə yaşamışdır. Lakin məhkəmə işin bu faktiki hallarını ərizəyə baxarkən ümumiyyətlə nəzərə almamış və hüquqi qiymət verməmişdir. Belə ki, mülkiyyətçinin razılığı ilə borclunun uzun müddət mənzildə yaşaması faktı, qətnamənin icrasına heç bir halda 1 il möhlət verilməsi üçün hüquqi əsas yaratmır. Eyni zamanda borclunun mübahisəli mənzildə qeydiyyatda olmaması onun yaşayış yerinin alternativliyini sübut edir. Belə ki, borclunun həmin mənzildə rəsmi qeydiyyatda olmaması və valideynlərinin ünvanında qeydiyyatda olması, onun başqa ünvanda yaşamaq imkanının mövcudluğunu göstərir. Bu fakt yaşamaq hüququnun alternativinin olduğunu hüquqi olaraq sübut edir və qətnamənin icrasının təxirə salınmasını əsassız edir. Əgər şəxs həyat üçün yeganə yaşayış sahəsinə malik deyilsə, mülkiyyətçinin mülkiyyətindən istifadə hüququna müdaxilə edilə bilməz. İşin bu halı da ərizəyə baxılarkən nəzərə alınmamış, eyni zamanda ərizəçi valideynlərinə məxsus evdə yaşamasının mümkünsüzlüyü barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yetkinlik yaşına çatmayan uşağın məktəbinin həmin mənzilə yaxın yerləşməsi, qətnamənin icrasına 1 il möhlət verilməsini zəruri edən hüquqi və ya faktiki əsas sayıla bilməz. Məktəbə yaxınlıq “azyaşlının mənafeyi” anlayışının tərkib hissəsi ola bilməz, çünki yaşayış yeri dəyişsə belə, təhsil almaq hüququ pozulmur və uşaq həmin məktəbdə oxumağa davam edə bilər. Konvensiya ilə qorunan mülkiyyət hüququnun pozulması, təhsil hüququnun marginal dərəcədə rahatlığının qorunması naminə əsaslandırıla bilməz. Nikahın pozulması və tək valideyn statusu – sosial reallıq, hüquqi əsas deyil. Nikahın pozulması və azyaşlı uşaqla birgə yaşamaq, təəssüf ki, cəmiyyətimizdə geniş yayılmış sosial haldır və bu hal özlüyündə müstəsna hüquqi status yaratmır. Məhkəmə bu faktoru qətnamənin icrasına möhlət verilməsi üçün əsas kimi qəbul etməklə, objektivlik prinsipini pozmuşdur. Bu vəziyyət 1 ildən sonra da dəyişməyəcək və buna görə də müvəqqəti möhlətin hüquqi nəticəsi yoxdur. Bundan başqa, məhkəmə qərarının əsaslandırmasında göstərilən “tələbkara qarşı qarşısıalınmaz zərərin olmayacağı” fikri sübutsuz və fərziyyə xarakterlidir. Eyni zamanda qətnamənin icrasına 1 il möhlət verilməsi özü-özlüyündə mülkiyyətçiyə ziyan vurur və bu hal sübuta ehtiyacı olmayan faktdır. Belə ki, tələbkarın mülkiyyət hüququnun bir il müddətinə məhdudlaşdırılması, onun bu əmlakdan gəlir əldə etmək və ya onu sərəncam vermək hüququna birbaşa müdaxilədir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mülkiyyətə müdaxilə yalnız qanuni, zəruri və proporsional olduqda mümkündür. Bu hallarda isə zərurət və proporsionallıq meyarları aşkar şəkildə pozulmuşdur. Məhkəmə, qətnamənin icrasına hər hansı hüquqi əsas olmadan 1 il müddətinə möhlət verməklə faktiki olaraq mülkiyyətçinin mülkiyyət hüququna müdaxilə etmiş və onun əmlak üzərində sərəncamvermə hüququnu əsassız olaraq 1 il müddətinə məhdudlaşdırmış və bununla da mülkiyyətçiyə ziyan vurmuşdur. Halbuki, mülkiyyət hüququ Konstitusiya və qanunvericiliklə birbaşa qorunan əsas hüquqlardan biri olmaqla, borclu G.Əfəndizadənin irəli sürdüyü sosial xarakterli dəlillərlə müqayisədə üstün hüquqi qüvvəyə malikdir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə qərardadında yalnız ərizənin təmin edilməsini göstərmiş, lakin möhlətin konkret olaraq niyə məhz 1 il müddətinə verildiyini və bu müddətin qanunun hansı müddəalarına əsasən müəyyən edildiyini əsaslandırmamışdır. Yuxarıda sadalanan hallar — nə hüquqi baxımdan, nə də sübut baxımından qətnamənin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Məhkəmənin təqdim etdiyi əsaslandırmalar objektiv deyil, fərziyyələrə və sosial-mənəvi dəyərlərə əsaslanır, hüquqi meyarları ödəmədiyindən qərardad ləğv olunmalı və ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsini qərardadı dəyişidirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 2572/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Tələbkar iddia ərizəsi təmin edilmiş və cavabdeh X5 övladı xx.xx.2014-cü il təvəllüdlü X11 və əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxarılması qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, X9 rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə mübahisənin xarakterini, ərizəçinin iş yeri, yaşayış yeri və gəlirinin olmamasını, uzun illərdir həmin mənzildə yaşamasını, nikahının pozulmasını, himayəsində yetkinlik yaşına çatmayan qız övladı ilə birlikdə tək yaşamasını nəzərə alaraq ərizəni təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, borclunun başqa yaşayış yerinin olmaması, işləməməsi, himayəsində məktəbdə təhsil alan övladının olması nəzərə alındıqda qətnamənin icrasına möhlət verilməməsi borclu üçün əlverişsiz nəticələrə səbəb olacağından ərizənin təmin edilməsi qanunvericiliyin istinad olunan müddəaları baxımından əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-397/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar