Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-355/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından tələbkar “xxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “xxxxxxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-619/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8078/2016 saylı qətnaməsi ilə iddiaçı Bank “xxx” ASC-nin xeyrinə X2 və Borclu müştərək qaydada ümumilikdə 123.096 ABŞ dolları borcun tutulması, tutmanın Borclu məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 208 saylı fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 190.000 manat müəyyən edilməsi, həmin evin açıq hərracda satılaraq borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-619/017 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8078/2016 saylı qətnaməsi dəyişdirilərək, ipoteka predmeti olan Borclu məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 208 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 197.500 manat müəyyən edilmiş və xx.xx.2017ci il tarixdə həmin iş üzrə icra vərəqəsi verilmişdir. Sözügedən mənzil “X1 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında yekun 27.12.217ci il tarixli 689 nömrəli Protokoluna əsasən 125.906 manata Bank “xxx” ASC tərəfindən əldə edilmiş və bankın mülkiyyətinə keçirilmişdir. Mənzil satıldıqdan sonra cavabdeh X3 banka 57.961,17 ABŞ dolları borcu qalmışdır. Qətnamə qəbul edilərkən Məhkəmənin bu hissədəki mövqeyi “borcun qalan məbləğinin qanunvericilikdə nəzərdə tutulan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması məsələsi icra mərhələsinə aid olması” şəklində olmuşdur. Qalıq borcunun ödənilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə müraciət edilsə də, icra şöbəsi qətnamənin artıq icra edildiyi, ipoteka premetinin satılmasından əldə edilmiş vəsaitin borcun ödəməməsinin digər icra tədbirləri görülməsi üçün əsas olmadığı bildirilmişdir. Sadalanan hallara əsasən iş üzrə qalıq borcun ödənilməsi, iddiaçının hüquq və qanuni mənafelərinin təmin olunması məqsədilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 619/2017 saylı qətnaməsinin həmin hissədə icra üsulunun və qaydasının müəyyənləşməsi zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan tələbkar “xxxxxxxx” ASC şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)325/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı işin hallarına məhkəmə tərəfindən düzgün qiymətləndirilmədən və iddiaçının maraqları nəzərə alınmadan qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərəlazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-619/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8078/2016 saylı qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsinə dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 208 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 197.500 manat müəyyən edilməsi, satışdan əldə ediləcək məbləğdən borc tutulduqdan sonra artıq qalan məbləğin Borclu qaytarılması, qətnamənin qalan hissədə cavabdeh Borclu Müslün oğluna münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “İcrahaqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədlar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003cü il tarixli 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, qətnamənin birinci instansiya və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmasından asılı olmayaraq onun icrasına möhlət verilməsi, hissə-hissə icra edilməsi və ya qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya məhkəmələri tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndinə əsasən, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, X4 Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Kollegiya hesab edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruruliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır ki, bu da hər iki tərəfin əmlak vəziyyəti və digər hallar qətnamənin icra edilməsinə imkan vermədiyi halları nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan məsələ ilə bağlı mahiyyətinə görə, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq, borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Tələbkarın şikayətdə istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Odur ki, ərizəçinin hazırki tələbi qətnamənin icrası qaydasında həll olunmalı məsələ olduğundan, ərizə təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: “xxxxxxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-325/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-355/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-355/2020
21.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver