Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-356/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(005)-451/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli qərardaddan borclu X2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-477/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli qətnamə ilə X3 ilə X2 nikahdan doğulmuş 2 uşağın – xx.xx.2021-ci il təvəllüdlü Maarifin və xx.xx.2015-ci il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması xx.xx.2023-cü il tarixdən başlayaraq X5 Abasovanın xeyrinə hər ay, hər uşağa 220 manat, cəmi isə 440 manat sabit pul məbləğində alimentin tutulması qət etmişdir. X6 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Mahir Abbasovdan onun xeyrinə tutulan alimentin ölkə üzrə müəyyən olmuş minimum əmək haqqının müəyyən mislinə uyğun tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarı göstərilmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya edilərək, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Mahir Abbasovdan tələbkar Tünzalə Abasovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün, qətnamə qəbul edildiyi 2024-cü ildə müəyyən olunmuş minimum əmək haqqının – 345 manatın 0,64 misli, cəmi isə 1,28 misli həddində sabit pul məbləğində alimentin tutulmasını qərara almışdır. Borclu Mahir Abbasov həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, tələbkar Tünzalə Abasovanın ərizəsinə tərəflərin iştirakı ilə baxılmasını və müvafiq qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu işləmir və Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardad ilə hər uşağa görə müəyyən edilmiş 256 manat, cəmi isə 512 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, hər uşağa görə tutulan 220 manat məbləğində alimentin qaldırılaraq 256 manat məbləğində müəyyən edilməsi üçün əsas yoxdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Alimentin indeksasiyası adlı” 110.2-ci maddəsinə görə, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlı 112.1-ci maddəsinin tələblərinə görə isə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlı 112-ci maddəsinin tələblərinə görə isə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.). Məhkəmə bildirir ki, alimentin tutulması barədə qətnamə qəbul edilən zaman (2024cü il) formalaşmış məhkəmə təcrübəsinə əsasən sabit pul məbləğində tutulmalı olan alimentin məbləği həmin il (illər) üçün “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə tutulurdu. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir. İnternet resurslarından görünür ki, alimentin tutulması barədə qətnamə qəbul edilən zaman, yəni 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ölkə üzrə 235 manat, minimum əmək haqqı ölkə üzrə 345 manat olmuşdur. Bunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə (bir uşağa görə 235/345=0,68) düzgün olmuşdur. Rayon Məhkəməsi alimentin məbləğini artırmamış, Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyə uyğun olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, hazırkı işin icraatı “alimentin məbləğinin azaldılması və ya artırılması barədə” borclunun və ya tələbkarın ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası barədə” tələbkarın ərizəsi əsasında başlanmışdır. Odur ki, apellyasiya baxışının predmeti olan qərardadın “alimentin məbləğinin indeksasiyası barədə” tələbkarın ərizəsinin baxılması ilə əlaqədar qəbul edilməsini nəzərə alan Məhkəmə hesab edir ki, borclunun şikayətində qeyd edilənlər qərardadın ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu X2 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-356/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-356/2025
25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver