Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-357/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.07.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 8790 manat manatın Tələbkar MMC-nin xeyrinə tutulmalı olduğunu, borcluya tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə, xəbərdarlıq edilməsinə baxmayaraq icranı təmin etməkdən boyun qaçırdığını bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmamışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, təqdimatdan borclunun tələbin könüllü icrası üçün bildirişi alıb-almadığı, icra sənədini icra etməməsinin səbəbləri, onun əmlakının axtarılması üçün hansı tədbirlər görüldüyü müəyyən olunmur və icra məmuru təqdimatını əsaslandırdığı hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İcra sənədi üzrə Tələbkar MMC-nin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclu məhkəməyə gəlməmiş, Bakı şəhəri Qaradağ rayon icra şöbəsi isə hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İşin müəyyən olunmuş hallarına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.08.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 8790 manat manat Tələbkar MMC-nin xeyrinə tutulmalıdır və icra məmuru da həmin icra sənədinin icrasının təmin edilmədiyini irəli sürərək müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi “borclunun icra sənədini icra etməməsinin səbəblərinin, onun əmlakının axtarılması üçün hansı tədbirlər görüldüyünün müəyyən olunmadığını və icra məmurunun təqdimatını əsaslandırdığı hallarla bağlı sübutları təqdim etmədiyini” əsas gətirərək müvafiq nəticəyə gəlmişdir; halbuki iş materiallarından görünür ki, məhkəmə nə təqdimata, nə də şikayətə baxdığı zaman icra işini tələb edərək öyrənməmiş, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığını yoxlamamış, təqdimatda göstərilən hallara qiymət verməyərək borclunun ölkədən getməsinə məhdudiyyət qoyulması üçün maddi hüquqi əsasların mövcud olubolmadığını aydınlaşdırmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında təqdimata baxılması ilə bağlı icra icraatının tərəflərinə məlumat verilməsinə dair hər hansı sübut olmasa da, birinci instansiya məhkəməsi “məlumat verilməsinə baxmayaraq onarın məhkəmə iclasına gəlmədiklərini” qeyd edərək təqdimata borclunun və tələbkarın iştirakı olmadan baxmış, bununla da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş “məhkəmə icraatının çəkişmə və tərəflərin bərəbərliyi əsasında aparılması” prinsiplərini pozmuşdur. Qeyd olunan pozuntu həm də onunla nəticələnmişdir ki, tələbkar şikayətində göstərdiyi halla bağlı müvafiq sübutları təqdim etmək imkanından faktiki məhrum olmuşdur. Bu səbəblə kollegiyanın qənaəti ondan ibarətdir ki, Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı müəyyən olunan göstərilən zəruri halları araşdıraraq və borclunun könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən borcunu ödədyib-ödəmədiyini aydınlaşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-79/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-357/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-357/2021
15.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver