Məhkəmə qərarları › İş №8(103)-358/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-358/2022

05.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-358/2022 05.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından tələbkar X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh Tələbkar qarşı “əmlak tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-172/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Nizami Rayon Məhkəməsinin 8(007)-143/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə tələbkar X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 8(103)-657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra xx.xx.2013-cü il tarixli qətnamə icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Tələbkar X2 məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin rəisi Rəşad Hacıyevin barəsində, Nizami rayon Məhkəməsinin 2(007)-172/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsini “icra etmədiyinə və icrasına maneçilik törətdiyinə görə əməllərində vəzifə cinayətləri olduğundan xüsusi qərar çıxarıb prokurora göndərilməsini” məhkəmədən xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmişdir. Tələbkarın həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və həmin şikayətə məhkəmədə baxılmasının mümkünlüyünün araşdırılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Rayon məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 8(007)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Məhkəmənin 2(007)-172/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icra edilməsinin davam etdirilməsi qərara alındığından, qərardad üzrə icra qurumu tərəfindən icraya başlanıldığından, hazırda məhkəmədə qaldırılan məsələyə, yəni Rəşad Hacıyevin sözügedən qətnamənin icrasına maneçilik törətməsi ilə bağlı barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsi məsələsi həmin qərardad baxılarkən verilməli və həll edilməli məsələ olduğundan, bundan əlavə hazırki halda iş mülki xarakterli olduğundan, icra qurumunun rəhbərinin əməlində cinayət tərkibi müəyyən olmadığından, onun barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. CPM-in 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Bu Məcəllənin 46.2-ci maddəsinə görə cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Kollegiya hesab edir ki, tələbkarın Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin rəisi Rəşad Hacıyevin barəsində, Nizami rayon Məhkəməsinin 2(007)-172/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsini “icra etmədiyinə və icrasına maneçilik törətdiyinə görə əməllərində vəzifə cinayətləri olduğundan xüsusi qərar çıxarıb prokurora göndərilməsi” barədə şikayətinə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından məhkəmədə baxılıb-baxılmaması məsələsi araşdırılmalıdır. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, həmin şikayətə məhkəmə icraatı qaydasında baxılıb-baxılmamasının mümkünlüyü məsələsinin araşdırılması üçün iş materialları Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Tələbkar X1 hazırkı şikayətinə məhkəmə icraatı qaydasında baxılıb-baxılmamasının mümkünülüyü məsələsinin araşdırılması üçün iş materialları Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar