Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-358/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 182/2023 saylı qətnaməsi ilə cavabeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1813/2021 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə Borclu arasında bağlanmış 06 fevral 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Borclu tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103664 (yüz üç min altı yüz altmış dörd) manat pulun "xxxx" MMC-dən alınaraq Borclu ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair müqavilənin Tələbkar mərhum həyat yoldaşı X3 adından dəyişdirilərək iddiaçı Tələbkar adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMC-yə həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ona aid edilməsi, ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manatın cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra verilən eyni məzmunlu icra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023-16 saylı icra sənədinin icrasının təmin olunması məqsədi ilə, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilinin qapısının məcburi qaydada açılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi 26 iyul 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanmış, tələbin könüllü icrası haqqında bildirişlər borcluların qeydiyyatda olduqları ünvanlara göndərilmişdir. Lakin icra sənədinin icrası verilmiş könüllü müddət ərzində təmin edilməmişdir. Borclu təşkilatdan 103664 (yüz üç min altı yüz altmış dörd) manat pulun alınaraq Borclu ödənilməsini təmin etmək məqsədi ilə, "xxxx" MMC-nin bank hesablarına inkasso sərəncamları qoyulmuş, lakin pul vəsaiti aşkar olunmadığından, qoyulmuş inkasso sərəncamları icra edilmədən geri qaytarılmışdır. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, borclu təşkilatın mülkiyyətində tələbin yönəldilə bilinəcək digər daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, borclu "xxxx" MMC-nin rəhbəri olan X2 axtarılması barədə müvafiq qərar qəbul olunaraq, icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsindən daxil olmuş 28 may 2024-cü il tarixli məktuba əsasən, barəsində axtarış işi açılmış ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X4 müəssisəsində cəza çəkdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m. olan 14 saylı mənzilinə dair müqavilənin Tələbkar adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi məqsədi ilə, məcburi icra tədbirləri xx.xx.2023-cü il; xx.xx.2024-cü il; xx.xx.2024-cü il tarixlərə təyin edilmiş, lakin nəticədə mənzilin qapısı bağlı olduğundan icra hərəkətlərini başa çatdırmaq mümkün olmamışdır. Tələbkar 19 iyul 2024-cü il tarixdə şöbəyə ərizə ilə müracət edərək mənzilin qapısının məcburi qaydada açılmasına dair təqdimatla məhkəməyə müraciət olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-244/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Həmin qərardaddan tələbkar şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda Borclu münasibətdə borclu olan "xxxx" MMC-nin öz öhdəliyini icra edilməməsi mübahisəli mənzilin tələbkara verilməsi hissəsində qətnamənin icrasına mane ola bilməz. Məhkəmə tərəfindən təqdimatın təmin ediləcəyi halda məhz qətnamənin həmin hissədə icra məmuru tərəfindən real olaraq icra ediləcəyi açıq-aşkar olmuşdur. Əksinə, məhkəmə qətnaməsinin hazırkı hissəsinin icra edilməməsi tələbkar olan onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnir. Eyni zamanda, hazırda qətnamənin qeyd edilən hissədə icra edilməsi digər icra edilməmiş hissələrdə məhkəmə qətnaməsinin icrasından azad etməməklə həmin istiqamətdə icra məmurunun gələcəkdə görüləcək icra tədbirlərini davam etdirmək imkanı verir və iş üzrə Borclu pulunun geri qaytarılması üçün zəruri tədbirlərin davam etdirilməsinə rəvac verir. Lakin hazıda təqdimatı rədd edən məhkəmə tərəfindən qeyri-müəyyənliyə yol verilərək, onun məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Bundan əlavə o, yaşayış sahəsi olmamaqla qoca ahıl adamdır və uzun müddətdir kirayələrdə qalır və qətnamənin gec icra edilməsi onun yaşayış imkanlarını tam əlindən alır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Təqdimatda icra məmuru Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023-16 saylı icra sənədinin icra edilməsi ilə bağlı borclunun mənzilin giriş qapısını açmadığına və bununla da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayındığına istinad etmişdir. Birinci instansiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, "xxxx" MMC tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş heç bir öhdəlik yerinə yetirilməmiş və icra sənədi hələ də onun tərəfindən icra olunmamışdır. Məhkəmə qətnaməsinə uyğun olaraq ilk öncə mübahisəli mənzilə dair müqavilə Tələbkar mərhum həyat yoldaşı X3 adından dəyişdirilərək Tələbkar adına bağlanılmalı, Borclu tərəfindən mənzilə ödənilmiş məbləğ ona qaytarılmalı, həmin mənzil tələbkarın sahibliyinə və istifadəsinə onunla bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq təhvil verilməli, mənzilə dair təmir aktı tələbkara verilməlidir. Lakin, "xxxx" MMC tərəfindən tələbkarın hüquqları pozulmuş, onunla hələ də hər hansı bir müqavilə bağlanılmamış, Borclu müqaviləsi etibarsız hesab edildiyindən mənzil üçün ödədiyi məbləğ ona qaytarılmamışdır. Hansı ki, məhkəmə qətnaməsində həmin mənzilin tələbkarın sahiblik və istifadəsinə onunla bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq təhvil verilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qeyd edilən icra sənədinin Borclu aid hissəsinin, yəni borclu "xxxx" MMC tərəfindən ona 103664 manat pul ödənilməsi öhdəliyinin icra edilib-edilməməsinin icra sənədinin Tələbkar aid hissədə icra edilməsi, yəni mənzilin ona təhvil verilməsi hissəsində icrasına maneə yaratmamalıdır. Belə ki, onlar bir-birindən asılı olmayan və müstəqil icra edilməli olan icra hərəkətləridir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə dair Borclu ilə "xxxx" MMC arasında bağlanmış müqavilə etibarsız sayılmış və bununla da Borclu həmin mənzilə dair bütün hüquqlarını itirmişdir. Həmin qətnamə ilə Tələbkar mənzilə hüquqları tanınmış olsa da, Borclu mənzili tərk etməməsi səbəbindən o, uzun müddətdir mənzilə hüquqlarını həyata keçirə bilmir və nəticədə mülkiyyət hüququ pozulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Göründüyü kimi, “İcra haqqında” Qanunun 43.1.5-ci maddəsində bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinin tətbiqi də nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri də mübahisəli mənzilin qapısının məcburi açılması barədə olan icra tədbiridir. Məhkəmə kollegiyası bu tədbirin hazırkı işdə icra məmuru tərəfindən görülməsi zəruri olan sonuncu icra tədbiri olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı saymır və iş materiallarına əsasən qeyd edir ki, hazırkı icra işində icra məmuru icra sənədinin icrası ilə bağlı bir neçə dəfə mübahisəli mənzilə gəlsə də, Borclu hər dəfə müəyyən vaxt istəmiş, mənzili könüllü tərk edəcəyinə söz vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq o, vədinə əməl etməmişdir. Digər tərəfdən, tələbkar tərəfin elektron kabinet vasitəsilə məhkəməyə göndərdiyi ərizədə mənzildə hazırda heç kimin yaşamadığı, bütün pəncərələrin söküldüyü, mənzilin boş olduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə bu məsələni də araşdırmalı və işin müəyyən edilən digər halları ilə yanaşı buna da qiymət verməlidir. Nəticə etibarilə, hər bir halda məhkəmə qətnaməsinin icrası təmin olunmalıdır. Həmin qətnamə üzrə iddiaçı Tələbkar sahibliyinə və istifadəsinə verilməli olan mənzil müqavilə şərtlərinə uyğun heç bir məhdudiyyət olmadan tələbkara təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mübahisələndirilən qərardadın ləğv edilməli olması hissəsində əsaslı sayır və hesab edir ki, qərardad ləğv olunub yeni məhkəmə baxışına qaytarılmalı və işə yendən baxan məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq icra məmurunun təqdimatı üzrə qanuni və əsaslı qərar qəbul olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərardadı ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-358/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-358/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver