Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-360/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından borclu ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi X1 vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi X4 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)- 719/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Rəhimova Könül Umud qızına məxsus olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 saylı evin 25 nömrəli mənzili, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 127 saylı evin 52 nömrəli mənzilin və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Tələbkar məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərindən yüklülüyün götürülməsi və həmin daşınmaz əmlaklarla bağlı aparılmış ipoteka qeydinin ləğv olunması məqsədilə lazımi hərəkətlərin edilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi X3 həvalə edilməsi barədə X3 xx.xx.2020-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Hesab edirlər ki, Nəsimi rayon üzrə İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyevin hərəkətləri qanunsuzdur. Belə ki, Nəsimi rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Pərviz Babayev xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edərək tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərmişdir. İcra məmuru həmin qərarı xx.xx.2019-cu il tarixdə qəbul etsə də, 8 (səkkiz) gün sonra, yəni xx.xx.2019-cu il tarixdə LPO “X8” ASC-yə göndərdiyi üçün icra məmurunun qərarından Nəsimi Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə LPO “X8” ASC tərəfindən şikayət verilmişdir. Daha sonra Nəsimi rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən həmin icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə xəbərdarlıq göndərilmişdir. Qeyd olunan xəbərdarlığın qanunsuz hesab edilməsi üçün LPO “X8” ASCnin ləğvedicisi X4 tərəfindən Nəsimi rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Pərviz Babayevin hərəkətlərindən Nəsimi Rayon Məhkəməsinə şikayət verilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyevin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-719/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(006)-137/2020 saylı qərardadı ilə borclu ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Şikayəti rədd edərkən birinci instansiya məhkəməsi «İcra haqqında» qanunun 26-cı və «banklar Haqqında» Qanunun 72.1-ci maddələrinə istinad etmişdir. Borclu ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi X4 həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu ləğv prosesində olan «X8» ASC-nin ləğvedicisi X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli təkrar xəbərdarlıq məktubundan görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-719/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Rəhimova Könül Umud qızına məxsus olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 saylı evin 25 nömrəli mənzili MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ ilə X5 məxsus olan Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 127 saylı evin 52 nömrəli mənzili və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Tələbkar məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərindən yüklülüyün götürülməsi və həmin daşınmaz əmlaklarla bağlı aparılmış ipoteka qeydinin ləğv olunması məqsədilə lazımı hərəkətlərin edilməsi vəzifəsi cavabdeh ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi X4 na həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün ünvana bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2019cu il tarixdə xəbərdarlıq məktubu təqdim edilməsinə baxmayaraq, icra sənədi üzrə tələb bu vaxta qədər təmin edilməmişdir. Qeyd olunanlara əsasən icra sənədinin icrasını dərhal təmin edib nəticəsi barədə məlumat verilməsi tələb olunmuş, əks təqdirdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Lakin borclu “X8” ASC-nin ləğvedicisi X4 icra məmurunun həmin tələbini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası işin halları üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Borclu “X8” ASC-nin ləğvedicisi X4 şikayətinin hüquqi əsası kimi «Banklar haqqında» Qanunun 72-ci və «İcra Haqqında» Qanunun 17.1.1-ci maddələrinə istinad etmişdir. Qeyd edilənlər bağlı kollegiya izah edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Lakin həmin Qanunun 19.1.1-ci maddəsinə görə, borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək dayandırılır. Kollegiya hesab edir ki, məhkəmə qərarı əsasında “X8” ASC-nin müflis elan edilməsi və ona ləğvedicinin təyin edilməsi ilə «İcra Haqqında» Qanunun 17.1.1-ci maddəsində göstərilən dayandırma üçün əsas aradan qalxmışdır və apellyasiya şikayətinin bu dəlili əsassızdır. Apellyasiya şikayətində borclunun istinad etdiyi «Banklar haqqında» Qanunun 72-ci maddəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin Qanunun 72.1.5-ci maddəsinə görə, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan dayandırılır. Göründüyü kimi, burada söhbət yalnız bankın aktivlərinə yönəlmiş icra sənədlərinin icrasından gedir. Mübahisələndirilən icra sənədindən isə görünür ki, barəsində ipoteka qeydinin ləğv edilməsi üçün zəruri hərəkətlərin edilməsi vəzifəsinin Bankın ləğvedicisinin üzərinə qoyulması qərara alınmış əmlaklar tələbkarların xüsusi mülkiyyətindədir və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həmin əmlakların üzərindən yüklülük götürülməklə ipoteka qeydləri ləğv edilmişdir. Deməli, həmin əmlaklar Bankın Ləğvedicisinin iddia etdiyi kimi, artıq həmin şəxslərin bank qarşısında olan hər hansı öhdəliyinin təminatı kimi çıxış etmir. Belə olan halda, kollegiyanın qənaətinə görə, həmin əmlaklar bankın aktivləri hesab edilə bilməz. Bu səbəbdən də, kollegiya şikayətçinin «Banklar haqqında» Qanunun 72.1.5-ci maddəsinə istinad etməsini düzgün hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər qərardadın dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, icra məmuru icra sənədinin icrası məqsədilə mümkün ola biləcək tədbirləri görmüşdür. İcra məmurunun hərəkətlərinin qanunsuz sayılması üçün heç bir əsas yoxdur. Tələbkar bu barədə sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxaraq birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Borclu ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-360/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-360/2020
03.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver