Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-360/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərardadından Borclu firması tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 007840 saylı, 07 yanvar 2014-cü il tarixli qərarına əsasən, Borclu firmasından 4.000 manat məbləğində inzibati cərimənin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu firmasının mülkiyyətində olan “Audi A8” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim Q.Əliyeva, iş № 8(007)-66/2021) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 007840 saylı, 07 yanvar 2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu firmasının mülkiyyətində olan “Audi A8” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu firması Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadından narazı qalaraq şikayət vermiş və şikayətində həmin qərardadın ləğv olunmasını və “Audi A8” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 4000 manat borc məbləğinin icrası ilə əlaqədar olaraq şirkətə məxsus olan orta bazar dəyəri 45000-50000 manat olan “Audi A8” markalı, AZ** AS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması mütənasiblik prinsipinə ziddir. Bundan başqa, X6 ilə X7 arasında bağlanmış 10 oktyabr 2016-cı il tarixli müqavilədən görünür ki, X6 Borclu firmasının nizamnamə kapitalındakı 100 faiz pul şəklində payı X1. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Firmanın bu müqavilədə göstərilməyən öhdəliklərinə görə ikinci tərəf cavabdeh deyil, Firmanın bu müqavilənin bağlandığı tarixədək olan və bu müqavilədə göstərilməyən öhdəliklərinə görə cavabdehliyi birinci tərəf daşıyır. Tərəflər arasında müqavilə 10 oktyabr 2016-cı il tarixdə bağlanmışdır. Avtomobilin üzərinə həbs isə 07.01.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar qoyulmuşdur. Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ləğv olunmalı və Borclu firmasının mülkiyyətində olan “Audi A8” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatı rədd edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, hüquqi şəxs Borclu firmasının barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuş, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, borclunun yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əmlak üzərinə həbsin qoyulması məsələsi müzakirə olunarkən ilk növbədə üzərinə həbs qoyulan əmlakın dəyərinin borcun məbləğinə nə qədər mütənasib olması nəzərə alınmalıdır. Lakin icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş əmlakın dəyəri müəyyənləşdirilməmiş, onların borc məbləği ilə müqayisəsi aparılmamış, beləliklə məcburi icra tədbirinin tətbiqi zamanı mütənasiblik prinsipinə əməl olunmamışdır. Hazırda icra məmurunun təqdimatına əsasən üzərinə həbs qoyulmuş əmlakların dəyəri ilə borc məbləği arasında kəskin fərq olması aşkardır. 4000 manat borc müqabilində dəyəri 40000 manatdan çox olan avtomobilin üzərinə həbs qoyulması ağlabatan deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, hazırda tələb borclunun əmlakına lazım olandan dəfələrlə artıq həcmdə yönəldilmişdir. Bundan əlavə X3 Borclu firmasının nizamnamə kapitalındakı 100 faiz pul şəklində payının X2 dair 10 oktyabr 2016-cı il tarixli müqavilənin 2.1-ci bəndinə görə Firmanın həmin müqavilədə göstərilməyən öhdəliklərinə görə ikinci tərəf cavabdeh deyil. Firmanın bu müqavilənin bağlandığı tarixədək olan öhdəliklərinə görə cavabdehliyi birinci tərəf daşıyır. Göründüyü kimi, Firma 2016-cı ildə satılmışdır, 4000 manatlıq öhdəlik isə müqavilədən 2 il əvvəl - 2014-cü il yaranmışdır. Belə olan halda, tərəflər arasında olan müqavilənin 2.1-ci bəndinə əsasən, məsuliyyəti Firma deyil, X6 daşıyır və bütün icra tədbirləri məhz ona münasibətdə aparılmalıdır. Nəhayət, məhkəmə kollegiyası xatırladır ki, icra sənədi üzrə Borclu firmasından tələb olunan 4000 manat Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 007840 saylı, 07 yanvar 2014-cü il tarixli qərarına əsasən inzibati cərimə kimi yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinin tələbinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Yuxarıda qeyd olunduğu kimi, Borclu firmasından 4000 manat cərimə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 007840 saylı, 07 yanvar 2014-cü il tarixli qərarı əsasında tələb olunur və həmin qərarın verilməsindən hazırda 7 (yeddi) ildən artıq müddət keçmişdir. Hazırkı işdə göstərilən icra müddətinin axının dayandırılmasına və yaxud kəsilməsinə səbəb olan halların mövcudluğu müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. Nizami rayon icra və probasiya şöbəsinin Borclu firmasının mülkiyyətində olan “Audi A8” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin olunmasın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-360/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-360/2021
28.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver