Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-360/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-429/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Amil Əmirov ünvan 1 ünvanında yerləşən 20A saylı evin qapısının məcburi qaydada açılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı icra sənədinə əsasən, Borclu ünvan 1 ünvanında yerləşən 20A saylı evə köçürülməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2024/2020 saylı qətnaməsinin icrasında dönüş edilməlidir (Borclu qeyd edilən yaşayış sahəsindən çıxarılmalıdır). İcra sənədi xx.xx.2021-ci il tarixdə Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Lakin borcluya dəfələrlə çağırış vərəqəsi, təyin məktubları göndərilsə də, o, çağırışa gəlməmiş və tələbi təmin etməmişdir. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə tərəflərə təyin məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20A saylı evə gəlməsinə baxmayaraq, mənzilin giriş-çıxış qapısı bağlı olmuşdur və bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-429/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı icra sənədinə əsasən, Borclu ünvan 1 ünvanında yerləşən 20A saylı evə köçürülməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2024/2020 saylı qətnaməsinin icrasında dönüş edilməlidir (Borclu qeyd edilən yaşayış sahəsindən çıxarılmalıdır). Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraat başlanılmış, tələbin könüllü icrası barədə borcluya rəsmi qaydada bildiriş göndərilmişdir. Həmçinin, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru A.Əmirov və digər şəxslər A.Zeynalov, Y.Tağıyev, R.Muxtarov və Tələbkar tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, adları qeyd olunan şəxslər təyin olunan vaxtda mübahisəli ünvana gəlmiş, lakin saat 15:00-dək gözləmələrinə baxmayaraq, Borclu söz verdiyi vaxtda icra yerinə gəlməmiş və onunla telefon əlaqəsi saxlamağa cəhd edilsə də, telefona cavab verməmiş, bununla da sözügedən icra sənədinin icrası mümkün olmamışdır. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı qərardadına əsasən, ünvan 1 ünvanında yerləşən 20A saylı evin giriş-çıxış qapısı məcburi qaydada açılmalıdır Həmin qərardaddan Borclu (nümayəndəsi və vəkili Vəkil1) şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, icra hərəkətlərinin 16 may 2023-cü il tarixdə keçirilməsi barədə olan bildiriş ona 19 may 2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Məhkəmə isə bu hala qiymət verməmiş və bununla da onun müdafiə hüququnu pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-429/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmişdir. Borclu nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində icra məmurunun təmsil etdiyi şəxslə həmin dövr üçün telefon əlaqəsi yaratmadığını, vermiş olduğu təqdimatda əsasların hamısının uydurma olduğu, icra məmuru heç bir çağırış göndərmədiyini bildirmiş və məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Tələbkar və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən isə sübutlar, etiraz və ya izahatları məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 43.1.5 maddəsinə əsasən, bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər görülə bilər. Həmin Qanunun 73-cü maddəsinə əsasən, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Borclunun şikayətinin yeganə dəlili bildirişin ona gec, yəni 19 may 2023-cü il tarixdə çatması olmuşdur. Halbuki, iş materiallarına qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var və bu qətnamə icra olunmalıdır. Əgər icra ilə bağlı borclunun hər hansı narazılığı yoxdursa, yəni bildiriş ona vaxtında çatsaydı, məcburi icra hərəkətlərinə ehtiyac qalmadan icra hərəkətlərinə etiraz etməyəcəkdisə, o zaman qətnamənin icra edilməsi onun hər hansı mənafeyinə toxunmur. İcra məmuru da dövlətin adından qəbul edilmiş qətnamənin icrasını təmin etmək üçün hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-429/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-429/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-360/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-360/2023
23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver