Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-361/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu və X2 3454,2 ABŞ dollarının tutularaq Tələbkar ASC-nə verilməli olduğunu, Borclu tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırdığını bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmamış, həmin qərardaddan Tələbkar ASC-nin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, borclu uzun müddətdir qanuni qüvvədə olan məhkəmə aktını icra etmədiyi halda məhkəmə onun bu hərəkətinə haqq qazandırmış, təqdimatı təmin etməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayəti müdafiə etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq borclu və Yasamal rayon icra (probasiya) şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından aydın olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən Borclu və X2 3454,2 ABŞ dollarının tutularaq Tələbkar ASC-nə ödənilməsi qət olunmuş, qətnamə xx xxxxx 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi təqdimatı təmin etmədiyi zaman öz qənaətini belə əsaslandırmışdır: “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması o zaman tətbiq olunur ki, o, ölkə ərazisində qaldığı təqdirdə icra sənədini icra etmək iqtidarında olur, lakin icra sənədini üzrsüz səbəbdən icra etmir. Lakin iş materiallarında olan sənədlər əsasında bu nəticəyə gəlmək mümkün olmur. Müvafiq icra işi araşdırılaraq müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti, gəlirləri, iş yeri və bank hesabları barədə sorğular verilməmiş, həmçinin icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. ...İcra işinin materialları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında icra sənədinin xx.xx.2019-cu il tarixdə verildiyi müəyyən edilmişdir, bununla yanaşı icra məmuru tərəfindən xx.xx.2019- cu il tarixdə sözü gedən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın qəbul edilməsi və ötən müddət ərzində tələbin könüllü icra haqqında bildirişin borcluya şəxsən verilməsi təmin edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, icra məmuru tərəfindən borclunun əmlakının axtarılması istiqamətində və eləcə də digər məcburi icra tədbirləri görülməməklə yanaşı, borclunun yerinin müəyyən edilməsi, onun icra şöbəsinə çağırılaraq izahatının alınması istiqamətində də hər hansı icra tədbirləri də görülməmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getməsinə məhdudiyyət qoyulması, “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Xüsusilə qeyd olunmalıdır ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. İcra məmuru da məhz bu halların əsaslandırıldığı təqdimatla məhkəməyə müraciət etməlidir və belə əsaslandırmanın olmadığı təqdimatların məhkəmə tərəfindən təmin edilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-420/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-361/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-361/2020
27.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver