Məhkəmə qərarları › İş №8(103)-361/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-361/2022

01.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-361/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-638/2022 saylı qərardadından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra və probasiya Şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkətsizliyinin qanunsuz sayılması və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X11 cavabdehlər X6 və X9 qarşı “dəymiş maddi ziyanın tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödədiyi 50500 manat və həmin mənzilin təmirinə çəkdiyi 37912 manat məbləğində maddi ziyanın, cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı tarixli, 2(004)-11919/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər X2 və X4 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37912 manat olmaqla cəmi 88412 manat məbləğində pul alınıb iddiaçı X12ma ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(103)- 8320/2017 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında iş icraya yönəldilmiş və Yasamal rayon İcra şöbəsinin icra məmuru işi icraata götürmüşdür. 19 dekabr 2018-ci il tarixdə Yasamal rayon İcra şöbəsini icra məmuru Məmməd Bayramov ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, Yeni şəhər ev 10, 9 saylı mənzilin ona xəbər vermədən qiymətləndirməyə göndərmişdir. Sözügedən mənzil "xxxx" MMC-nin 8 yanvar 2019-cu il tarixli, 1971 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95000 manat məbləğində qiymətləndirilmişdir. Yasamal rayon İcra şöbəsinin rəis vəzifəsini icra edən Rəşad Abbasov qiymətləndirilmiş əmlakı qanunsuz və əsassız olaraq X10 22 yanvar 2019-cu il tarixdə təklif etmiş, həmin gün də S.O.Kərimovanın nümayəndəsi Z.M.Məmmədov təklifi qəbul etmişdir. 12 mart 2019-cu il tarixdə Yasamal rayon İcra şöbəsinin icra məmuru qərar qəbul etmişdir ki, mübahisə predmeti olan mənzil borcun ödənilməsi hesabına iş üzrə tələbkar X7 verilsin və onun adına rəsmiləşdirilməsi "xxxx" MMC-yə həvalə edilsin. Həmin qərarda göstərilir ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilmişdir. Həmin qərara istinad edərək borclu sabiq həyat yoldaşı X8 da borcu 95000 manat məbləğdən verilmişdir. Yasamal rayon İcra şöbəsinin qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətindən məhrum edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sabiq həyat yoldaşı Quliyeva Sonanın və onun ailə üzvlərinin sözügedən mənzilin alınmasında heç bir rolu olmamış, mənzil onun vəsaiti hesabına alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-638/2022 saylı qərardadı ilə iş üzrə X1 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkətindən (hərəkətsizliyindən) verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, qərardadın ləğv edilməsini və Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkətsizliyinin qanunsuz sayılması və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəyə uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə icra məmuru Anar Əyyubovun icraatında olan işi tələb etməmiş, yalnız ehtimallar əsasında icraata xitam verilməsinin əsasları olmamasının qənaətinə gəlmişdir. Məhkəmə iclasına Anar Əyyubov dəvət edilməli, tələbkar X5 icra vərəqəsi üzrə borcunun 2019-cu il tarixdə ödənilməsinə baxmayaraq hansı səbəbdən hazırkı vaxta qədər icraata xitam verilməməsi aydınlaşdırılmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-638/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətində 12 mart 2019-cu il tarixdə Yasamal rayon İcra şöbəsinin icra məmurunun mübahisə predmeti olan mənzilin borcun ödənilməsi hesabına iş üzrə tələbkar X7 verilməsini və onun adına rəsmiləşdirilməsinin "xxxx" MMC-yə həvalə edilməsinin qərara alındığını, həmin qərarda sözügedən mənzilin birgə nikah dövründə əldə edildiyinin göstərildiyi, həmin qərara istinad edərək borclu sabiq həyat yoldaşı X8 da borcunun 95000 manat məbləğdən verildiyini qeyd etsə də, Yasamal rayon İcra şöbəsinin qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətindən məhrum edildiyini, sabiq həyat yoldaşı Sona Quliyeva və onun ailə üzvlərinin sözügedən mənzilin alınmasında heç bir rolu olmadığını, mənzilin onun vəsaiti hesabına alındığını bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin şikayətçi işə xitam verilməsini xahiş etsə də, hansı əsaslarla xitam verilməli olduğunu göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun hərəkət və hərəkətsiziliyinin qanunsuz olması halları müəyyən edilmədiyindən və şikayətçi icra icraatına hansı əsaslarla xitam verilməli olduğunu göstərmədiyindən birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Odur ki, borclu tərəfin şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-638/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-638/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar