Məhkəmə qərarları › İş №8(103)-361/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-361/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-361/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-398/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı icra vərəqəsinə əsasən, orada sadalanan külli miqdarda əmlaklar və ya onlardan hər hansı olmadığı təqdirdə onların dəyəri ondan alınaraq tələbkar X4 verilməlidir. Bununla yanaşı, nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsinin dəyərinin yarısı, yəni 25500 manat və hüquqi yardıma görə 300 manat ondan tutularaq tələbkara ödənilməlidir. Hal-hazırda göstərilən icra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinin icraatındadır. İcra vərəqəsində göstərilən əmlaklardan bir hissəsi tərəfindən icra məmurunun iştirakı ilə xx.xx.2023-cü il tarixdə tələbkara təhvil verilmişdir. Ona təhvil verilməyən əmlaklardan yalnız dəyəri 71380 manat olan qızıl-zinət əşyaları qalmışdır. İcra vərəqəsində göstərilən qızıl-zinət əşyaları onda olmadığından, borclu həmin qızıl-zinət əşyalarının dəyərini tələbkara ödəməli və göstərilən icra sənədinə əsasən tərəfindən tələbkar X4 ödənilməli ümumi məbləğ 97180 manat (71380 manat – qızıl-zinət əşyalarının dəyəri, 25500 manat – nəqliyyat vasitəsinin dəyəri və hüquqi yardıma görə 300 manat) təşkil edir. Bildirir ki, tərəifndən yaranmış borcun ödənilməsinə başlamışdır. Belə ki, o, hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində çalışır, aldığı əmək haqqı 3364 manatdır. Həmin əmək haqqından alimentin ödənilməsi ilə bağlı tutmalar aparılır. Bununla yanaşı tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və 24.070.2023-cü il tarixlərdə cəmi 1890 manat, xx.xx.2023-cü il tarixdə 5010 manat və xx.xx.2023-cü il tarixdə 5100 manat ödəniş edilmişdir. Lakin, onun hazırki maddi vəziyyəti 85180 manat məbləğində pulu birdəfəlik olaraq ödəməyə imkan vermir. Belə ki, mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı yoxdur və aldığı əmək haqqından başqa heç bir gəliri yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsinə əsasən ödənilməli olan qalıq pul məbləğinin hər ay 3500 manat olmaqla (borc məbləği tam ödənilənədək) hissə-hissə ödənilməsinin müəyyən edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar nümayəndəsi (vəkili) Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayət verərək qərardadın ləğv edərək, ərizənin təmin edilməməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsi tərəifndən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Borclu şikayətə qarşı etiraz ərizəsi göndərərək, şikayətin təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv olunmalı, ərizə təmin edilməməlidir. İlkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə tələbkarın və icra məmurunun iştirakını təmin etmədən baxmışdır ki, bu da prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Çünki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. MPM-in 387.2 və 387.2.2-ci maddəsinin tələbinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Bununla yanaşı, işdə olan məhkəmə aktlarından və icra sənədində görünür ki, borclu müxtəlif əşyaları və ya onların dəyərini, habelə müvafiq pul vəsaitini tələbkara ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı icra vərəqi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş 22 iyun 2023-cü il tarixli əmək haqqı barədə arayışdan görünür ki, X1nun aylıq əmək haqqı 3364 manat, uyğun olaraq tutulan aliment 630,57 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində 630 manat, xx.xx.2023-cü il tarixdə 5010 manat, xx.xx.2023-cü il tarixdə 5100 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 5001 manat, xx.xx.2023-cü il tarixdə 5030 manat, xx.xx.2023-cü il tarixdə isə 5005 manat ödəniş həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən qərardadı onunla əsaslandırmışdır ki, borclunun maddi vəziyyətinin borc məbləğini tam məbləğdə bir dəfəyə ödəməyə imkan verməməsi ilə əlaqədar təklif etdiyi icra üsulu ağlabatan olmaqla, tələbkarın hüquqlarının pozulmasına, məhkəmə qətnaməsinin uzun müddətə icrasız qalmasına gətirib çıxarmır. Belə ki, borclunun əmək haqqının məbləği nəzərə alınarsa, məcburi icra tədbirlərinin həyata keçirilməsi, tələbin əmlaka yönəldilməsi, onun qiymətləndirilməsi, satılması daha uzun müddət çəkəcəkdir, eləcə də icra xərclərinin artmasına səbəb olacaqdır. Bu baxımdan borclunun təklif etdiyi məbləğ qətnamənin icrasının hissə-hissə həyata keçirilməsi institutunun mahiyyətinə zidd olmamaqla qətnamənin real icrasına yönəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamənin hissə-hissə icra edilməsi məsələsini həll edərkən ümumiyyətlə tərəbkarın mənafeyini nəzərə almamış, onun dinlənilmə hüququnu təmin etməmişdir. Bununla yanaşı, məhkəmə borclunun maddi vəziyyətinin borc məbləğini ödəməyə imkan verməməsini qeyd etsə də, bunu yalnız borclunun sözlərindən (ərizəsindən) müəyyən etmiş, bu istiqamətdə başqa hər hansı sübutun təqdim olunmamasına əhəmiyyət verməmişdir. Əksinə, elə borclunun özünün bildirməsindən və təqdim etdiyi ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu qısa zaman kəsiyində (xx.xx.2023-xx.xx.2023) borc üzrə əhəmiyyətli ödənişlər (təqribən 35000 manat) etmişdir. Borclu şikayətə qarşı göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, hazırki vəziyyətdə də ödənişləri həyata keçirir (xx.xx.2023-cü il tarixdə 5005 manat) və hazırda qalıq borcu 57139 manat təşkil edir. Qeyd edilməlidir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Tələbkar şikayətin dəlillərində göstərmişdir ki, borclu bir müddət yekun məhkəmə qərarının icrasından yayınmış, yalnız etdiyi çoxsaylı şikayətlərdən sonra ödənişlər etməyə başlamış, qısa zamanda yüksək məbləğdə ödəniş etmişdir. İşdən də göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlanılmış, lakin keçən uzun müddət ərzində hər hansı ödəniş olmadığı halda, borclu yuxarıda da qeyd edildiyi kimi qısa müddə ərzində yüksək məbləğdə ödənişlər etməyə başlamışdır. Bütün bunlar isə borclunun məhkəmə qərarını icra etmək üçün ağır əmlak vəziyyətində olmasını təkzib edən hallar kimi qəbul edilməlidir. Borclu isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, ərizəni ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, yuxarıda qeyd olan halların mövcudluğu müəyyən olunmadığı təqdirdə, hissə-hissə ödənilməli olan məbləğin həddi əhəmiyyət daşımır. Birinci instansiya məhkəməsi isə yalnız hissə-hissə ödənilməli olan məbləğin (hər ay 3500 manat) həcmini nəzərə almışdır ki, bu da prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda həmin məbləğın özü belə ümumi borc məbləğinin uzun müddət ərzində (təqribən 2 ilə yaxın) icra olunması ilə nəticələnə bilər ki, bu da yuxarıda qeyd edilən norma və prinsiplərə zidd olmaqla, tələbkarın da mənafeyinə uyğun deyildir. Göründüyü kimi, borclu qətnamənin hissə-hissə icra olunması barədə qanuni halların mövcudluğunu əsaslandıra və sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, məhkəmə qərarlarının vaxtında icra olunmaması isə ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-398/2023 nömrəli, 14 sentyabr 2023cü il tarixli qərardadı ləğv olunmalı, ərizə təmin olunmamalıdır. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-398/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-398/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin, X1nun qətnamənin hissə-hissə icra olunması barədə ərizəsi təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar