Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-362/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılması barədə şikayətə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, X2 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılması barədə şikayətə dair iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 8(011)-777/2024 nömrəli qərardadından X2 şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edərək 2(011)-4890/2024 nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək 05 sentyabr 2019-cu il tarixli, 2(006)- 997/2019 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2019-cu il tarixli, 2(006)- 997/2019 nömrəli icra işinə əsasən borcludan hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq tələbkara ödənilməlidir. Borclu məhkəmə qətnaməsini 2020-ci ilin mart ayına qədər icra etmiş, daha sonra tələbkarla barışıb eyni ünvandan yaşamağa başladıqlarından ailə həyatını bərpa etmişlər, nəticədə tələbkar və tələbkarla birgə nikahdan olan övladının bütün zəruri ehtiyaclarını qarşılamışdır. Tərəflər daha sonra təkrar ailə həyatlarını rəsmiləşdirərək yenidən rəsmi nikaha daxil olmuşlar. Belə olan təqdirdə tələbkar borclu ilə barışdıqlarından qeyd edilən icra işinə xitam verilməsi üçün tələbkar tərəfindən icra işinə xitam verilməsi üçün ərizə ilə müraciət də edilmişdir. İcra məmuru tələbkarın ərizəsi əsasında icra işinə xitam vermişdir. 2024-ci ilin mart ayında qeyd edilən icra sənədi üzrə icra hərəkətləri yenidən başlanmışdır, lakin icra məmuru qanunsuz olaraq 2020-ci ilin mart ayından 2024-cü ilin mart ayına qədər olan borcu hesablanmış və hazırda məcburi qaydada tələb edir. Hazırda icra məmuru qeyd edilən müddət ərzinə hesablanmış aliment borcunu tələb edir, hansı ki, alimenti tələb azyaşlı övladları X9 halhazırda da borclu ilə birgə yaşayır və onun faktiki himayəsindədir. Ərizəçi qeyd edilən müddətə hesablanmış aliment borcunun silinməsinə, o cümlədən alimentin ləğv edilməsinə dair qarşılıqlı iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, iddia tələbi üzrə iş məhkəmənin icraatındadır və 2(011)-4890/2024 nömrə ilə qeydə alınmışdır. 05 sentyabr 2019-cu il tarixli 2(006)-997/2019 nömrəli icra sənədinin verilməsinə əsas olan hallar iizrə ərizəçi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırılmışdır. Qarşılıqlı iddia tələbi 15 may 2024-cii il tarixli Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2024 nömrəli qərardadı üzrə baxılması üçün məhkəmənin icraatına alınmışdır. Qarşılıqlı iddia tələbi hesablanmış aliment borcunun silinməsinə, uşaq tələbinə dairdir. İddia tələbi təmin ediləcəyi təqdirdə icra sənədi üzrə aparılan hərəkətlər ləğv ediləcək. Qeyd edilən müddəaanın mənasından da görünür ki, icra sənədi üzrə icraatın dayandırılmasının əsas şərti borclu tərəfindən irəli sürülən mübahisənin icra sənədinə və ya onun verilməsinə əsas olan tələblə bağlılığının olmasıdır. Yuxarıda da şərh edildiyi kimi, X11 Əsgərovaya qarşı 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində hesablanmış aliment borcunun silinməsi, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X1 üçün tutulan 160 manat alimentin ləğv edilməsi və s. tələblə (qarşılıqlı iddia ərizəsi ilə) məhkəməyə müraciət etmişdir. İcra məmuru Kəmalə Həsənova tərəfindən başlanılmış icra hərəkətləri də Elvin Əsgərovun mübahisələndiridiyi 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər hesablanmış aliment borcu ilə bağlıdır. İcra məmuruna icra hərəkətlərinin dayandırılması ilə bağlı tərəfimdən müraciət edilsə də, icra məmuru icra hərəkətlərinin dayandırmamaqla qanunsuz hərəkətsizliyə yol vermişdir.
3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 8(011)- 777/2024 nömrəli qərardadı ilə X2 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilərək 2(011)-4890/2024 nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək 05 sentyabr 2019-cu il tarixli 2(006)- 997/2019 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə şikayətinin rədd edilməsi qərara alınmışdır.
4. Qərardadın əsaslarına görə, borclunun xahiş etdiyi kimi icra qeydi üzrə icraatın dayandırılması üçün məhkəmə araşdırılması zamanı heç bir əsas müəyyən edilməmişdir.
5. X3 qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 8(011)-777/2024 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə icraatın dayandırılmasının əsas şərti borclu tərəfindən irəli sürülən mübahisənin icra sənədinə və ya onun verilməsinə əsas olan tələblə bağlılığının olmasıdır. X11 Əsgərovaya qarşı 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində hesablanmış aliment borcunun silinməsi, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-ci il tarixli qətnaməsi ilə X1 üçün tutulan 160 manat alimentin ləğv edilməsi və s. tələblə məhkəməyə müraciət etmişdir. İcra məmuru Kəmalə Həsənova tərəfindən başlanılmış icra hərəkətləri də Elvin Əsgərovun mübahisələndiridiyi 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər hesablanmış aliment borcu ilə bağlıdır. İcra məmuruna icra hərəkətlərinin dayandırılması ilə bağlı tərəfindən müraciət edilsə də, icra məmuru icra hərəkətlərinin dayandırmamaqla qanunsuz hərəkətsizliyə yol vermişdir
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 8(011)- 777/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi dayandırılır Maddə 21. Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Maddə 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılması barədə verilən şikayəti təmin etməməkdə haqlı olmuşdur.
11. Şikayətin əsas dəlili kimi ona istinad olunur ki, Elvin Əsgərov tərəfindən Maraqlı şəxs qarşı 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində hesablanmış aliment borcunun silinməsi, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-ci il tarixli qətnaməsi ilə X1 üçün tutulan 160 manat alimentin ləğv edilməsi və digər tələblərlə məhkəməyə müraciət edilmişdir.
12. Tələblərdən biri - 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində hesablanmış aliment borcunun silinməsidir və əsas kimi həmin vaxta qədər tərəflərin barışaraq birlikdə yaşaması qeyd olunur. Həmin borc iddia icraatı qaydasında mübahisələndirilsə də, icra sənədi üzrə icra hərəkətləri ən azı 2024-cü ilin mart ayından sonrakı vaxta münasibətdə icra olunmalıdır. İcra qanunvericiliyində hər hansı bir müddət üçün hesablanmış borca münasibətdə icra sənədi üzrə icraatın dayandırılması nəzərdə tutulmur. Əgər icra sənədi üzrə icraat dayandırılırsa, bu icra sənədi üzrə bütün hərəkətlərin dayandırılmasını özündə ehtiva edir. Əgər icra məmuru tərəfindən icraat dayandırılarsa, həmin vaxtdan sonra yaranmış borca münasibətdə onun hərəkəti qanuna zidd hesab olunacaq.
13. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, borclu tərəfindən qeyd olunan iddiaların irəli sürülməsi icraatın dayandırılması üçün əsas ola bilməz.
14. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 8(011)- 777/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 8(011)- 777/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.