Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-363/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2nun Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından şikayətə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, X2nun Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarından şikayətə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadından X2nun şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. X2 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin qərarından şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 23 iyun 2022-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarını ləğv edib icra işinin icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(005)-2331/2019 nömrəli qətnaməsi ilə onun cavabdeh Borclu Mənzil Tikinti Kooperativinə qarşı ödənilmiş pul vəsaitinin tutulması və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehdən 25345 manat məbləğdə pul vəsaiti və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və icra olunması üçün göndərilmişdir. Borclu MTK-nın rəhbəri X1 icra məmuru tərəfindən borcun ödənilməsini tələb etsə də, o, borcu qərəzli olaraq ödəmədiyinə görə icra məmuru onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək inzibati xəta haqqında iş materialını Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 3(005)481/2021 nömrəli qərarı ilə Borclu MTK-nın rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1200 manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. Borclu inzibati xəta törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə olunsa da və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə xəbərdarlıq edilsə də yenə də qətnaməni qərəzli olaraq icra etməkdən boyun qaçırır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Borclu MTK-nın rəhbəri X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Həmin təqdimatın icra olunması İstintaq İdarəsinin Faiq adlı əməkdaşına həvalə edilmişdir. Lakin Faiq adlı əməkdaş həmin 25345 manat məbləğdə borcun 10000 manatını ödətdirsə də, qalan 15345 manat məbləğdə borcun ödənilməsində və ya Borclu MTK-nın rəhbəri X3 barəsində heç bir tədbir görməmiş və ********* nömrəli cinayət işinə xitam verərək işi İcra şöbəsinə göndərmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X11 23 iyun 2022-ci il tarixdə “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmişdir.
4. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qətnaməsinin icrasına 01 oktyabr 2020-ci il tarixdə başlanılsa da 25345 manat borcun bir qismi ödənilmiş, 15000 manata yaxın məbləği isə ödənilməmiş qalmışdır. Borclu barəsində inzibati tənbeh tətbiq edilmiş, cinayət işinin başlanması üçün təqdimat verilsə də borclu hüquqi şəxsin direktoru X3 təqsiri sübuta yetirilmədiyindən icraata xitam verilmişdir. Lakin qeyd olunmalıdır ki, göstərilən hallar həmin şəxs barəsində qanuna müvafiq tədbirlərin davam etdirilməsinə mane olmamaqla, ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olan məhkəmə qərarının icrasız qalması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyevin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir.
5. Borclu MTK qərardaddan şikayət verərək ləğv olunmasını, tələbkarın şikayətinin təmin olunmamasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru mümkün bütün icra tədirlərini görmüş, lakin qətnamənin icrasının təmin edilməsi üçün yönəldilə biləcək hər hansı əmlak və ya pul vəsaiti aşkar edilə bilmədiyi üçün icrası mümkün olmamışdır. Eyni zamanda, Borclu MTK-nın fəaliyyəti dayandırılmışdır. Belə olduğu təqdirdə, icra işinin yenidən icraya yönəldilməsinin heç bir əhəmiyyəti olmayacaqdır. Çünki, tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak, pul vəsaiti mövcud deyil. “İcra haqqında” Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Qanunun da tələbindən görünür ki, icra işinin yenidən icraya göndərilməsi üçün bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsasların aradan qalxması zəruridir. Yəni borclunun aktiv fəaliyyətə başlaması, gəlir əldə etməsi, hər hansı daşınar və ya daşınmaz əmlak əldə etməsi və ya tələbkarın borclunun mövcud vəziyyətində hər hansı dəyişikliyin olmasına dair sübut təqdim etməsi zəruridir. Lakin, məhkəmədə Borclu MTK-nın gəlirlərinin mövcud olması, hər hansı daşınar və ya daşınmaz əmlaka sahib olması, aktiv fəaliyyətə başlaması barədə hər hansı sübut təqdim edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 8(103)-162/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 8(005)-140/2023 nömrəli qərardadı ləğv edilmiş və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icrası mümkün olmayan “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 23 iyun 2022-ci il tarixli qərarından Borclu MTK tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
8. Qərardadın əsasları olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında icra işinin təqdim edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə sorğu göndərilməsi və icra işi təqdim edilənədək məhkəmə iclası 13 aprel 2023cü il tarixə təxirə salınmışdır. Lakin bundan sonra Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə icra işinin təqdim olunması ilə bağlı sorğu göndərilməmiş və icra işinin təqdim olunması ilə bağlı heç bir məlumat yoxdur. Halbuki, məhz icra işinin materiallarını nəzərdən keçirmədən hansı icra tədbirlərinin görülməsi, hansı tədbirlərin görülməli olduğu aydınlaşıdıra bilməz və qeyd olunan xüsusatlar araşdırılmadan obyektiv qənaətə gəlinməsi mümkün deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi qərarın ləğv olunması və icra tədbirlərinin davam etdirilməsi qənaətinə gələrkən hazırkı mərhələdən sonra icra məmurunun konkret olaraq hansı tədbirləri görməli olmasını qeyd etməmişdir. Məhkəmə yalnız qərardadın əsaslandırıcı hissəsində hazırkı mərhələdən sonra icra məmurunun konkret olaraq hansı tədbirləri görməli olmasını qeyd etdikdən sonra icra tədbirlərinin davam etdirilməsi qənaətinə gələ bilərdi. Lakin, birinci instansiya məhkəməsi bu nüansların heç birinə toxunmadan, ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı ümumi fikirlərdən istifadə etməklə, əsaslandırılmamış qərardad qəbul etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadı ilə Borclu MTK tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 8(005)-140/2023 nömrəli qərardadının ləğv edilməsi, X2nun Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyevin hərəkətlərindən verilmiş şikayətinin təmin edilməməsi qərara alınmışdır.
10. Qərardadın əsaslarına görə, qeyd olunan halların araşdırılması məqsədilə icraat materialları icra məmurundan tələb edilmiş və araşdırılmışdır. Belə ki, icra işinin materiallarında olan aktın surətindən görünür ki, ünvan 1 ünvanına baxış keçirilmiş və icra sənədi üzrə Borclu MTK-ya məxsus göstərilən ünvanda tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 08 fevral 2021-ci il tarixli məktubun surətindən görünür ki, DİN Baş X17 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Borclu MTK-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 17 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Borclu MTK-nın adına hər hansı əmlak Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmamışdır. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 12 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Borclu MTK-nın adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 17 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin uçot sistemində Borclu MTK barəsində heç bir məlumat mövcud deyil. İcra işinin materiallarında olan "xxxx" ASC-nin 30 oktyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Borclu MTK-nın bankda olan hesabı 05 aprel 2019-cu il tarixdə bağlanmışdır.
11. Tələbkar qərardaddan şikayət verərək, ləğv edilib, şikayətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, məhkəmə qərardad qəbul edərkən borclunun əmlakının olmamasını qeyd etsə də, onda qalan 15345 manatın mənimsənilməsi məsələsinə toxunmamışdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(005)-140/2023 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
14. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. İşdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023cü il tarixli qərardadı ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyevin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Həmin qərardad mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli qərardadı ilə sözügedən qərardad ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, əsas kimi, məhkəmə tərəfindən icra işinin tələb edilərək araşdırılmaması, eyni zamanda icra məmuru tərəfindən hansı hərəkətlərin edilməli olmasının qeyd olunmaması göstərilmişdir.
17. Müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən nüansların araşdırılması yönündə icra işi tələb edilərək araşdırılmış, icra məmurunun “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərarının ləğv edilməməsi qənaətinə gəlinmişdir.
18. Birinci instansiya məhkəməsi tərəfindən icra işindəki sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında Borclu MTK-ya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. DİN Baş X17 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Borclu MTK-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Borclu MTK-nın adına hər hansı əmlak Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmamışdır. Borclu MTK-nın adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin uçot sistemində Borclu MTK barəsində heç bir məlumat mövcud deyil. Borclu MTK-nın bankda olan hesabı 05 aprel 2019-cu il tarixdə bağlanmışdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan da göründüyü kimi, borclunun mülkiyyətində olan hər hansı əmlak aşkar edilməmişdir. Lakin mübahisə predmeti olan qərarda qeyd olunmuşdur ki, “... Borclu Mənzil - Tikinti Kooperativindən X2na mübahisəli yaşayış binasının zirzəmisində inşa edilmiş sahəsi 15 kv.m olan bir ədəd avtomobil üçün nəzərdə tutulmuş qaraj və əlavə olaraq 5000 manat məbləğində pul vəsaiti, daha sonra 15000 manat məbləğində pul vəsaiti təklif edilmiş, lakin o bu təklifləri rədd etmiş, həmçinin borclu tərəfindən tələbkara ödənilməsi məqsədilə "xxxx" ASC vasitəsilə şöbənin depozit hesabına köçürülmüş 10000 manat məbləğində pul vəsaitini də təhvil almaqdan imtina edərək məhkəmə qətnaməsi üzrə olan borcunun ödənilməsini tələb etmişdir.” Məhz bu xüsusatla müəyyən olunur ki, MTK-nın mülkiyyətində hər hansı bir əmlak olmasa da, balansında ən azı bir qaraj mövcud olmuş, tələbkar isə həmin qarajı almaqdan imtina etmişdir. Lakin icra məmuru tərəfindən MTK-nın balansında əmlakların (yaşayış evlərinin, qarajların və s.) olub – olmaması, olduğu təqdirdə həmin əmlakların satışı hesabına borcun qalan hissəsinin ödənilməsinin mümkünlüyü məsələləri araşdırılmadan icra sənədi geri qaytarılmışdır.
20. Belə olan halda, “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinin tələbi baxımından hazırkı iş üzrə borcluya münasibətdə “tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda” dispozitiv şərtinin mövcudluğunu dəqiq formada öz təsdiqini tapmır.
21. Bu şərtlər daxilində isə hazırda mübahisələndirilən “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə qərarın ləğv edilib, icra hərəkətlərinin davam etdirilməsi, tələbkarın manefeyi və qanuni maraqları da nəzərə alınmaqla zəruridir.
22. Odur ki, kollegiya şikayətin dəlilləri ilə razılaşaraq, şikayətin təmin edilməli olması qənaətinə gəlir.
23. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli, icra hərəkətləri davam etdirilməli, şikayət təmin edilməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 23 iyun 2022-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 23 iyun 2022-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev