Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-364/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 2(011)-5865/2019 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin «əmlak üzərinə həbs qoyulması» tələbi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-cu il tarixli, 8(011)-177/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5865/2019 saylı 29.07.2019-cu il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdehlər Borclu2 MMC-yə, Borclu1, X2 və X3 qarşı «qarşılıqlı hesablaşmalar üzrə ödənilməli olan məbləğin və gecikdirməyə görə maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata barışıq sazişinin təsdiq olunması ilə əlaqədar xitam verilmiş, sonradan qərardadın məcburi icrası ilə bağlı icra vərəqəsi verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi (böyük icra məmuru Mehdi Zeynalov) təqdimatla məhkəməyə müraciət edərək borclulara məxsus əmlakların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 8(011)-256/2020 saylı qərardadı ilə (hakim İlahə Abbasova) təqdimat təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 8(103)-518/2020 tarixli qərardadı ilə, tələbkarın şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 8(011)-256/2020 saylı qərardadı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(011)-177/2021 saylı qərardadı ilə (hakim Şəhriyar Əliyev) təqdimat təmin edilməmiş, qərardaddan narazı qalan Tələbkar ondan şikayət vermiş, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli, 8(011)-177/2021 saylı qərardadı ilə qaytarılmışdır (şikayəti imzalamış şəxsin müvafiq səlahiyyətini təsbiq edən etibarnamənin olmaması) Bundan sonra tələbkar ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinə şikayəti əlavə edərək birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(011)-177/2021 saylı qərardadı ilə tələbkarın şikayəti təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, tələbkarın şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, tələbkar qərardaddan verdiyi şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə etsə də, birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirmədən, birbaşa qərardaddan verimliş şikayətə mahiyyəti üzrə baxmışdır. Halbuki, işdə olan sənədlərə əsasən tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-cu il tarixli qərardadının surətini 29 aprel 2021-ci il tarixdə rəsmi qaydada almış, qərardaddan verdiyi şikayət qanunvericiliyin tələblərinə cavab vermədiyindən qaytarılmış, sonrakı şikayət isə 07 iyun 2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bu səbəbdən də tələbkar buraxılmış prosessual müddətin üzrlü sayılması barədə ərizə ilə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi müddətlə bağlı məsələyə ümumiyyətdə diqqət yetirməmiş, ərizəyə münasibət bildirməmişdir. Halbuki, MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. MPM-in 133-cü maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti üzrlü sayacağı təqdirdə şikayətə mahiyyəti üzrə baxa bilərdi. Müddətlə bağlı məhkəmə qərardadlarından isə işdə iştirak edən şəxslərin şikayət vermək hüquqları vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 2(011)-5865/2019 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Mehdi Zeynalovun «əmlak üzərinə həbs qoyulması» tələbi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-cu il tarixli, 8(011)- 177/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin. İş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması (buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və s.) üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-364/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-364/2021
17.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver