Məhkəmə qərarları › İş №8(103)-365/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-365/2020

04.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-365/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, 8(005)-585/2018 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxx 2018-ci il tarixdə qəbul edilmiş qərardaddan iş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə (İş № 2(005)-1800/2015) əsasən cavabdeh Borclu 1.462,32 manat məbləğində pul iddiaçı Tələbkar1 ASC-nin xeyrinə tutulmalıdır. Həmin məhkəmə əmri üzrə icranı həyata keçirən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edərək borclu, iş üzrə cavabdeh Borclu məxsus olan “VAZ 21074” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, borclu, icra sənədini könüllü qaydada icra edilməsi üçün ona verilmiş müddət ərzində qətnaməni icra etməmişdir. İcra sənədinin məcburi qaydada icra edilməsi üçün isə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimatı təmin etmiş, nəqliyyat vasitəsinin üzərinə həbs qoymuşdur. Mülki iş üzrə tərəf olmadığından işin və təqdimatın baxılmasına cəlb edilməmiş, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs, xx.xx.2020-ci il tarixdə, Rayon Məhkəməsinə, şikayət verərək xx.xx.2018-ci il tarixli qərardadın ləğv edilməsini və “nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə” təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş avtomobil borclunun adına qeydə alınsa da, faktiki olaraq Maraqlı şəxs istifadə və sahibliyindədir. Belə ki, Maraqlı şəxs həmin avtomobili borcludan etibarnamə əsasında xx.xx.2012-ci il tarixdə 4.300 manata almışdır. Rayon Məhkəməsi, şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının siyahısı”na görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrində və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə görə, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məcəllənin 394-cü maddəsinə görə isə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilən avtomobil DİN-də daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əmlakdır. Bu səbəbdən avtomobilə dair alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməli idi. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Maraqlı şəxs ilə borclu arasında avtomobilin alğı-satqısı haqqında müqavilə bağlanmamışdır. Avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmadığından Məhkəmə hesab edir ki, Maraqlı şəxs həmin avtomobilə dair mülkiyyət hüququ əldə etməmişdir. Avtomobilə dair müəyyən səlahiyyətlərin verilməsinə dair etibarnaməyə gəldikdə isə, Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət olduğundan, etibarnamə təmsilçinin hərəkətlərinin bilavasitə təmsil edilən üçün hüquq və vəzifələr yaratması ilə bağlıdır. Avtomobilə dair verilmiş etibarnamə Maraqlı şəxs avtomobilin mülkiyyətçisinə çevirməmişdir. Avtomobil, hazırda da, borclunun mülkiyyətində olan əmlak hesab edilir. Beləliklə də, Məhkəmə şikayətin dəlillərini əsaslı saymır və hesab edir ki, şikayətin dəlilləri qərardadının ləğvi üçün əsas deyil. Qərardad qanuni və əsaslıdır. Qərardadı ləğv etmək üçün əsas yoxdur. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar