Məhkəmə qərarları › İş №8(103)-365/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-365/2021

23.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-365/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, icra sənədi üzrə Borclu tərəfindən Qaradağ Rayon İcra Şöbəsinin icra məmurunun qərarından verilmiş şikayətə dair iş üzrə Qaradağ Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadından borclu Zahid Ocaqverdiyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qaradağ RM-nin 25.05.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, Borclu Qaradağ Rayon İcra Şöbəsininin “icra sənədi üzrə icraata başlamaq haqqında” 06.05.2021-ci tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, tələb qeyri-müəyyəndir, şikayətin giriş hissəsində icraata başlamaq haqqında qərarın ləğv edilməsi xahiş olunsa da, şikayətin tələb hissəsində icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad çıxarılması xahiş olunub. Borclu Zahid Ocaqverdiyev bu qərardaddan şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, şikayətin sonunda borclu şikayətini düzgün ifadə edib: icra sənədi üzrə icraata başlamaq haqqında qərarın ləğv edilməsini xahiş edib. Bundan başqa, borclu şikayətin sonunda vəsatət də qeyd edib: müvəqqəti tədbir kimi icra sənədi üzrə icraatın dayandırılmasını xahiş edib. Məhkəmə vəstətlə şikayəti səhv salıb. Odur ki, qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 149, 152, 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar