Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-365/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu əmlakları üzərinə həbs qoyulması barədə icraat üzrə (Açar sözlər: əmlak üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “Borclu əmlakları üzərinə həbs qoyulması” barədə təqdimatının təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-424/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli və e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu mülkiyyətində olan Şamaxı rayonu, Əngəxaran kəndindəki 41 ədəd torpaq sahələrinin, Şamaxı rayonu, Əhmədli kəndindəki və Qax rayonu, İlisu kəndindəki torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 109.000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir. Bundan başqa həmin məhkəmənin e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 300590 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icra sənədinin icrası bu müddət ərzində təmin edilməmişdir. Məcburi icra tədbirləri zamanı banklarda və digər kredit təşkilatlarında borcluya məxsus əmanətlər və qiymətli kağızlar aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, borclunun mülkiyyətində Şamaxı rayonu, Əngəxaran kəndində 41 ədəd torpaq sahəsi, Şamaxı rayonu Əhmədli kəndində və Qax rayonu İlisu kəndində torpaq sahələri mövcuddur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-424/2024 saylı qərardadı ilə təqdimat rədd edilmişdir.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə borclunun öhdəliyinin həcmindən dəfələrlə artıq dəyəri olan əmlaklarına həbs qoymaqla mülkiyyət hüquqlarını pozmaqdan çəkinir. Məhkəmə hesab etmişdir ki, təqdimatın təmin edilməsi öhdəliyin həcmi əsas götürülməklə proporsional hesab edilə bilməz. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)- 291/2024 saylı qərardadına əsasən müəyyən edilir ki, borclunun əmlakının üzərinə həbs qoyulması zamanı ümumi öhdəliyin həcmi nəzərə alınmış, gərəksiz məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən çəkinilmişdir. Öhdəliyin ümumi həcminin təxminən 480.000 manat təşkil etməsi, borclunun aylıq gəlirlərindən tutulmaların aparılması və üzərinə həbs qoyulmuş əmlakların dəyərinin öhdəliyin ümumi həcmindən yüksək məbləğ təşkil etməsi xüsusatı nəzərə alınır. Hazırki təqdimatın tam təmin edilməsi borcluya münasibətdə həddən artıq gərəksiz məhdudiyyət tədbirlərinin tətbiq edilməsinə səbəb ola bilər. Məhkəmə icra orqanına izah etmişdir ki, üzərinə həbs qoyulmuş əmlakların açıq hərracdan satılması və əldə edilən vəsaitin borca yönəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməli, əmlakların üzərinə qoyulmuş məhdudiyyətlər formal əsaslarla qalmamalıdır. Əgər həmin tədbirlər nəticə vermədikdə, bu halda digər əmlakların üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edilməsi yolveriləndir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Tələbkar tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-424/2024 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə icra məmurunun təqdimatını təmin etməməklə, nəzərə almamışdır ki, borclunun daşınmaz əmlakları özgəninkiləşdirmək və ya başqa şəkildə yüklü etmək təhlükəsi mövcuddur. Məhkəmə öz mövqeyini kifayət qədər əsaslandıra bilmədiyi qərardad qəbul etməklə, ərizəçinin mövcud hüquqlarının kifayət qədər məhdudlaşmasına sabəb olmuşdur. “Klass Almaniyaya qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi vurğulamışdır ki, üzv dövlətlərdə yaşayan hər bir fərd ədalət mühakiməsi funksiyasını həyata keçirən məhkəmələrə müraciət edərkən, məhkəmələrə qarşı öz güvənlərini göstərir və məhkəmənin ədalətli qərar çıxarmasına və sonda, mövcud ədliyyə sistemində həmin məhkəmə qərarlarının icrasına gecikdirilmədən başlanılacağına etimad edir. Üzv dövlətlərdə bu etimadın doğruldulmaması ədalət mühakiməsi anlayışına heç də uyğun gəlməməkdədir. Çünki ədalətin tam bərqərar olması üçün düzgün əsaslandırılmış qərarın qəbul edilməsi yetərli deyil; həm də həmin qərar lazımi müddətdə və qaydada icra edilməlidir. Belə ki, borclunun əmlaklarına tələb yönəldilmədiyi təqdirdə, icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Buna görə də hesab edir ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun borcluya məxsus torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair təqdimatı tam şəkildə təmin edilməlidir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-424/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “Borclu əmlakları üzərinə həbs qoyulması barədə” təqdimatı üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-424/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Borclu vəkili Nümayəndə2 İsmayıl oğlu tərəfindən şikayətə etiraz daxil olmuş, etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 300590 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan qətnamənin təmin olunması ilə bağlı məhkəmə baxışının gedişində iddiaçı tərəfindən cavabdehə məxsus nəqliyyat vasitələrinin, o cümlədən yuxarıda qeyd olunan torpaq sahələrinin üzərinə həbs qoyulması üçün ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-124/2024 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək borcluya məxsus BMC” yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı,"X5 Yarımq" markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS- *** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, 10-ZS895 dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, 10- ZO-876 dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "X5 Yarımq" markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, BMC" yük markalı, 10- ZS-896 dövlət qeydiyyat nişanlı, mede " "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)-291/2024 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-124/2024 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi icraya yönəldildikdən sonra icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilsə də, nə icraata başlama haqqında qərarı, nə də tələbin könüllü icrası barədə bildirişi borclunun ünvanına göndərilməmişdir. Bu barədə borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin qəbul edilməsi barədə qəbzin surətini və ya “elektron icra” informasiya sistemi vasitəsi ilə sms bildirişin göndərilməsini təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir. Bundan əlavə icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulur. Göründüyü kimi icra məmuru məhkəmə tərəfindən iddianın təmin tədbiri kimi borcluya məxsus nəqliyyat vasitələrinə həbs qoyulmasına baxmayaraq, tələbi həmin əmlaklara yönəldib realizə etmək əvəzinə, əmlakların ümumi dəyərini müəyyən etməyərək qonunsuz olaraq borcluya məxsus digər əmlaklara həbs qoyulması üçün məhkəməyə müraciət etmişdir. Bu da borclunun öhdəliyinin həcmindən dəfələrlə artıq dəyəri olan əmlaklarına həbs qoymaqla mülkiyyət hüquqlarını pozulmasına gətirib çıxarır. İcra məmuru tərəfindən təqdimatda cavabdeh Borclu barəsində digər icra sənədinin olduğunu və icra sənədlərini bir icraatda birləşdirildiyini bildirmişdir. Lakin qeyd olunan icra sənədi üzrə gördüyü icra tədbirləri, icra sənədi üzrə ödənişləri, tutulmalar və qalıq borc barədə heç bir məlumat verməmişdir. Qeyd olunan icra sənədi üzrə əsas borcun böyük bir hissəsi ödənilmiş və uzun müddətdir ki borclunun təqüdünün 50% miqdarında hər ay tutulmalar həyata keçirilir. Yuxarıda qeyd olunan yük nəqliyyat vasitələrinin ümumi dəyəri hər iki icra sənədində nəzərədə tutulmuş tələblərin ümumi həcmindən artıqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-424/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
10. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir.
11. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
12. Həmin Qanunun 50.2-ci maddəsində qeyd edilir ki, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 109.000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Borclu 300590 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir.
16. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli və e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir.
17. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Şamaxı rayonu, Əngəxaran kəndindəki 41 ədəd torpaq sahələrinin, Şamaxı rayonu, Əhmədli kəndindəki və Qax rayonu, İlisu kəndindəki torpaq sahələrinin üzərinə həbs qoyulmasını xahiş edir.
18. Məhkəmə kollegiyası təqdimatın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu öhdəliyinin cəmi 480.000 manat təşkil edir.
19. İşin hallarından həmçinin o da müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-124/2024 nömrəli qərardadına əsasən 2(004)-1613/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Borclu mülkiyyətində olan “BMC” yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı,"X5 Yarımq" markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, 10-ZS895 dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, 10- ZO-876 dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "X5 Yarımq" markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, BMC" yük markalı, 10- ZS-896 dövlət qeydiyyat nişanlı, mede " "BMC" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, "BMC" yük markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirlməsi cavabdeh Borclu və üçüncü şəxslərə qadağan edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı təqdimatla həbs qoyulması xahiş edilən əmlakların dəyəri borclunun öhdəliyinin məbləğindən çoxdur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərardadına əsasən borclunun mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Belə olan halda təqdimatın təmin edilməsi borclunun tənasübsüz məhrumiyyətlərlə üzləşməsinə səbəb olacaqdır.
21. Tələbkar şikayətinin dəlili ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-124/2024 nömrəli qərardadına əsasən üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır.
22. Məhkəmə kollegiyası tələbkarın şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi icra tədbiri qismində borclunun mülkiyyətində olan nəqliyyat vasitələrinin satılması yolu tələbin əmlaka yönəldilməsi ilə bağlı hər hansı hərəkətlər edilməsi barədə qərar qəbul edildikdən və bu tədbirlərin hər hansı nəticə verməməsi müəyyən edildikdən sonra borclunun mülkiyyətində olan digər əmlakların üzərinə həbs qoyulması ilə bağlı tədbirlərin görülməsi mümkündür.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdmatın təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-424/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev