Məhkəmə qərarları › İş №8(103)-366/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-366/2023

27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-366/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərimanov Rayon İcra Şöbəsi icra məmurunun “Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə” təqdimatına dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İcra məmurunun təqdimatında xahiş olunub ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş, Borclu Tələbkar xeyrinə 23.830 manat tutulması barədə 2(103)- 1273/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi üçün borcluya məxsus olan, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində yerləşən, ümumi sahəsi 905,70 kv.m olan daşınmaz əmlakın üzərinə həbs qoyuması məsələsinə baxılsın. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilsin, həmin əmlakın üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və təqdimat təmin edilməsin. Şikayət təmin olunmalıdır. Belə ki, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində istifadədə olan 0,06195 ha torpaq sahəsində yerləşən, 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307,4 kv.m yaşayış sahəsi, 538,7 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi Borclu məxsusdur. Borclu məhkəməyə bildirib ki, həmin əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür, bankın iddiası əsasında əmlaka tutma yönəlilməsi barədə qətnamə qəbul olunub. Borclu bu barədə Ali Məhkəməsnin xx.xx.2022-ci il tarixli 2(102)-1539/2022 nömrəli qərarının surətini məhkəməyə təqdim edib. Həmin qərardan görünür ki, əmlak bankın xeyrinə ipoteka ilə yükldür, birinci instansiya məhkəməsi ona tutma yönədlilməsini qət edib və əmlakın ilkin satış qiyməti 1.780.000 (bir milyon yeddi yüz səksən min) manat müəyyən edilib. “İcra haqqında” Qanunun 48.1-ci maddəsində qeyd olunub ki, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər, bu zaman girov saxlayanın mülki qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Girov saxlayanın isə mülki qanunvericilikdə nəzərdə tutulan bir sıra hüquqları vardır. Məs., Mülki Məcəllənin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. İcra məmurunun təqdimatına ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamənin icra vəziyyəti ilə bağlı heç bir sənəd əlavə edilməyib. Ona görə də müəyyən etmək mümkün deyil ki, həmin əmlak hərraca çıxarılıb-çıxarılmayıb, satılıb-satılmayıb, əgər satılıbsa satış pulu bankın tələbinin ödənilməsi üçün kifayət edib-etməyib və s. Belə vəziyyətdə həmin əmlakın üzərinə həbs qoyulması "xxxx" ASC-nin ipoteka saxlayan kimi hüquqlarının pozulmasına səbəb olacaq. Ona görə də qərardad ləğv edilməli və təqdimat rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və Nərimanov Rayon İcra Şöbəsi icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar