Məhkəmə qərarları › İş №8(103)-367/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-367/2021

17.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-367/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Tələbkar nümayəndəsi X1, Borclu iştirakları ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-405/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4784/2020 saylı, 24.11.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 340 manat aliment borcu tutularaq Tələbkar ödənilməlidir. Borclu 03.02.2021-ci il tarixdə, könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-405/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4784/2020 saylı, 24.11.2020-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözü gedən icra vərəqəsi üzrə aliment borcunun silinməsi və aliment miqdarının azaldılması tələbi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa ölkədəki pandemiya ilə əlaqədar ölkələr arası gediş-gəlişdə məhdudiyyətlər olduğu üçün onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına heç bir zərurət yaranmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-405/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Yasamal rayon İcra Şöbəsi icra məmurunun iştirakını təmin etməmişdir, kollegiya icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayəti müdafiə edərək, əlavə olaraq bildirdi ki, yaranmış borcu ödəməyə maddi imkanı yetərli deyil, bu səbəbdən də qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarında olan 21.06.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən görünür ki, Borclu 17.08.2020-ci il tarixdə bildirişi qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya hesab edir ki, icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyən borclunun həmin icra sənədini tam icra edənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir icra məmurunun qanunla ona verilmiş səlahiyyət daxilində tətbiq etdiyi məcburi icra tədbirlərindən biridir. Hazırki işin hallarından görünür ki, icra məmuru icra sənədinin icrası üçün verilmiş könüllü icra müddəti ərzində borclunun borcunu ödəmədiyi, borclunun adına ona məxsus hər hansı dəyərli əmlak aşkar edilmədiyi əsasından icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi verilən təqdimatın əsaslı olmaqla təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki vəziyyətdə boclunun istinad etdiyi hallar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını həyata keçirilməməsi üçün əsas olmamaqla yanaşı həmin qətnaməni könüllü icra müddətində icra etmədiyi üçün məcburi icra tədbirləri tətbiq edilməsininin qarşısını almır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhkəmə MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397 və 398 maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-405/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar