Məhkəmə qərarları › İş №8(103)-367/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-367/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-367/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət) hakimlər X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-602/2025 nömrəli 5 iyun 2025-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin e-2(077)-143/2024 nömrəli icra sənədi üzrə hərəkətsizliyi və həmin icra sənədinə Bakı şəhəri Xətai rayon İcra şöbəsində baxılmasının qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Şuşa rayon Məhkəməsinin e-2(077)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi icraya yönəldilmiş və həmin qətnamənin icrası ilə əlaqədar verilmiş icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mahru Nağıyevanın icraatındadır. Həmin işlə əlaqədar tərəflərindən cavabdehə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, e-2(077)-143/2024 nömrəli icra sənədinin daxil olduğu gündən hazıra qədər görülmüş tədbirlər barədə onlara heç bir məlumat verilməmiş və icra hərəkətlərinə dair sənədlərin (icra işinin) surətləri rəsmi qaydada onlara təqdim edilməmişdir. Hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq, Şuşa Rayon Məhkəməsinin e-2(077)- 143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə heç bir tədbir görülməmişdir. Eyni zamanda, borclu Məmmədova (Tağıyeva) Nigar Elgiz qızının Bakı şəhəri Xətai rayon ərazisində qeydiyyatda olmamasına baxmayaraq, nədənsə icra işi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-602/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək Şuşa Rayon Məhkəməsinin 2(077)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra işinin Bakı şəhəri Xətai rayon İcra şöbəsində baxılmasına dair icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, şikayətçinin şikayətində əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı qismən öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş icra işindən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələblərin icrası ilə bağlı borcluya bildiriş göndərilmiş və borclu barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, icra məmuru icra sənədinin icrası ilə zəruri hesab edilən bütün tədbirləri görülmüşdür.

5. Məhkəmə icra işinin materiallarında borclunun dediyi kimi ünvan 1 ünvanında yaşadığını təsdiq edən hər hansı arayış olmadan icra hərəkətlərinin Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən keçirilməsi barədə ərizəçinin şikayətini əsaslı saymışdır.

6. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 10.1, 10.2, 26, 43.1, 44.1.3, 70.4 və 76-cı maddələrinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-602/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın şikayət təmin edilməyən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011) 1119/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-6464/2024 saylı qərarı ilə MN-№ ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən iki məhkəmə qərardadı onu təsdiq edir ki, azyaşlı uşaqlarını atanın yanında qoyaraq, onlarla ümumiyyətlə maraqlanmayan, gənc və əmək qabiliyyəti olan, lakin öz doğma övladlarına bir "ana" kimi minimal maddi yardım belə göstərmək istəməyən borclu məhkəmə qərarını icra etməkdən qərəzli olaraq yayınmışdır. Borclunun məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini təsdiq edən, icra məmuru tərəfindən nəzərə alınmayan və icra məmuruna təqdim edisə də, icra işinə əlavə edilməyən dəlillərdən biri də, tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu dəlil tərəflər arasında WhatsApp yazışmasını ehtiva edir. Həmin yazışma zamanı, borclu açıq aşkar tələbkara yazır ki, "Mən iş olanda gedirəm, təmizlik, xəstəxana, ev. Dedim axı mən sənə görə normal işdə işləyə bilmirəm". Burada borclu bildirir ki, iş olanda əmək fəaliyyəti ilə məşğul olur (ola bilir), lakin "normal işdə", yəni rəsmi əmək fəaliyyəti ilə məhz tələbkara görə, yəni icra işinə görə məşğul ola bilmir. Bu yazışma məhkəməyə təqdim edilsə də, onun məzmunu birinci instansiya məhkəməsinin diqqətindən kənarda qalmışdır. Şikayət təmin edilməyən hissədə məhkəmə yalnız iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 23292 saylı qəbzə əsaslanmış və qəbzə əsasən borclu tərəfindən 200 manat ödəniş edildiyini qeyd etmişdir. Məhkəmə həmin qəbzin məzmunu ilə də diqqətlə tanış olmamışdır. Belə ki, həmin qəbzin məzmununda müəyyən olunur ki, həmin qəbz kişi cinsinə aid olan başqa bir şəxs tərəfindən kredit ödənişini əks etdirir. Beləliklə, hesab edir ki, məhkəmə şikayət təmin edilməyən hissədə heç bir araşdırma aparmadan, bu hissədə tamamilə qanunsuz və əsassız qərardad çıxarmışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-602/2025 saylı 5 iyun 2025-ci il tarixli Tələbkar nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

12. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

13. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

14. 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

15. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

16. 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

17. 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

18. 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər - məcburi icra tədbirləri sayılır.

19. 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır.

20. 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

21. 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.

22. 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

23. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

24. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

25. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.

26. ... icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Qeyd edilməlidir ki, icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır.

29. Hazırkı şikayət üzrə müəyyən olunmuş hallardan göründüyü kimi tələbkar, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq, icra məmuru tərəfindən Şuşa Rayon Məhkəməsinin e-2(077)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə heç bir tədbir görülmədiyindən, hərəkətsizliyə yol verildiyindən narazı olduğunu bildirmişdir.

30. Birinci instansiya məhkəməsi də verilmiş şikayətin icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən qanuna zidd olması güman edilən hərəkətlərə (hərəkətsizliyə) yol verilib-verilməməsi dəlilləri üzrə müvafiq istiqamətdə araşdırma aparmışdır. Nəticədə icra məmuru tərəfindən qəbul edilən qərarların və həyata keçirdiyi fəaliyyətin (hərəkətlərin və ya hərəkətsizliyinin) qanuniliyi, icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilməməsi, bu istiqamətdə zəruri və mümkün olan tədbirlərin görülməsi halları müəyyən edilmişdir. Məhkəmə aşağıdakılara istinad etmişdir.

31. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərara əsasən Borclu barəsində axtarış elan edilmişdir. Xətai rayon icra şöbəsi tərəfindən Bakı şəhəri Xətai rayon Polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinə Borclu yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün göndərilmişdir.

32. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)- 1119/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

33. Borclu izahat verilməsi üçün xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində Bakı şəhəri Xətai rayon icra şöbəsinə dəvət edilmişdir.

34. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-6464/2024 saylı qərarı ilə MN-№ ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

35. xx.xx.2025-ci il tarixdə Borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1- 1-ci maddəsinə əsasən MN №-2090965 saylı protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-2173/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir.

36. Göründüyü kimi icra məmuru tərəfindən qəbul edilən qərarların və həyata keçirdiyi fəaliyyətin (hərəkətlərin və ya hərəkətsizliyinin) qanuniliyi, icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətsizliyə yol verilməməsi, bu istiqamətdə zəruri və mümkün olan tədbirlərin görülməsi halları müəyyən edilmişdir. Mübahisələndirilən qərardaddan şikayətdə qeyd edilənlərdən isə görünür ki, tələbkar icra qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmiş, icra məmuru tərəfindən fəaliyyətini tənzimləyən “İcra haqqında” Qanunun hansı normasının pozulduğu və ya düzgün tətbiq edilmədiyini, pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğunu göstərməmiş, şikayəti ümumi məzmunda tərtib etmişdir. Beləliklə işdə mövcud olan sənədlərə əsasən tələbkarın istinad etdiyi halların yuxarıda qeyd edilən amillər baxımından müəyyən edilməsi mümkün olmamışdır.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Şikayətdəki dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Tələbkar nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-602/2025 saylı 5 iyun 2025-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar